Süfrənin ədəb-ərkanı

Sual: Şəriət baxımından yanmış qidanı yemək icazəlidirmi?

Cavab: Əgər zərərli deyisə və kül olmayıbsa, heç bir maneəsi yoxdur.

Sual: Lütfən, yemək və içməyin ədəb-ərkanını qeyd edin!

Cavab: Bu barədə hədis və rivayətlərdə çox sayda qaydalar nəql olunmuşdur. Aşağıda onlardan bəzisini qeyd edirik:

Yeməkdən əvvəl və sonra əlləri yumaq və dəsmalla qurulamaq.

Süfrə sahibinin hamıdan əvvəl başlaması və hamıdan sonra yeməkdən əl çəkməsi.

Yeməkdən əvvəl əlləri yuyarkən süfrə sahibinə növbə çatanadək sol tərəfində olanların əllərini yuması.

Yeməyə başlamadan əvvəl “Bismillah” demək. Əgər süfrədə müxtəlif nemətlər varsa, hər neməti yeyərkən hər birinə ayrıca “Bismillah” demək müstəhəbdir.

Sağ əllə, üç və daha çox barmaqla yemək. İki barmaqla yemək tərk olunsun.

Əgər süfrədə bir dəstə adam əyləşibsə, süfrədə qarşısında olan nemətlərdən yesin, başqalarının qabağına qoyulmuş xörəklərdən yeməsin.

Loxmaları kiçik götürsün, tələsik yeməsin, süfrə ətrafında uzun müddət əyləşsin və xörəyi çox çeynəsin.

Yeməkdən sonra Allaha həmd etmək.

Yeməkdən sonra dişləri təmizləmək. Amma reyhan, nar, xurma yarpağının lifi və qamış ilə dişlərini təmizləməsin.

Səhrada və çöllükdə olmadıqda süfrənin kənarına düşmüş xörək qırıntılarını yığıb yemək. Səhrada və çöllükdə olduqda isə xörək qırıntılarını heyvanlar və quşların yeməsi üçün tərk etmək müstəhəbdir.

Səhər va axşam yemək yesin və onların arasında yeməyi tərk etsin.

Yeməkdən sonra arxası üstə uzanaraq sağ ayağı sol ayağın üstünə qoymaq.

Yeməyi duzla başlayıb, duzla da bitirmək.

Meyvəni yemədən əvvəl su ilə yumaq.

Tox qarına yeməmək.

Doyunca yeməmək.

Yemək yeyərkən insanların üzünə baxmamaq.

Xörəyi həddindən artıq isti olduğu halda yeməmək.

Yemək və ya içəcəyi üfürməmək.

Süfrəyə çörək qoyulduqdan sonra yemək üçün başqa qidanı gözləməmək.

Çörəyi bıçaqla kəsməmək.

Çörəyi qabın altına qoymamaq.

Sümük üzərində olan əti tamamilə təmizləyib yeməmək və üzərində (heyvanlar üçün) bir az ət saxlamaq.

Qabıqla yeyilən meyvə və tərəvəzin qabığını soymamaq.

Meyvəni tamamilə yemədən atmamaq.

Su içərkən bir dəfəyə deyil, soraraq içmək. Gündüz suyu ayaq üstə içmək. Amma geçə ayaq üstə deyil, oturaq halda içmək.

Su içmədən əvvəl “Bismillah” demək, qurtardıqda isə Allaha həmd-səna  etmək. Suyu üç dəfəyə iştahla və ləzzətlə içmək.

Su içərkən İmam Hüseyni (ə) və əhli-beytini xatırlamaq və su içdikdən sonra qatillərinə lənət demək.

Çox su içməmək.

Yağlı yeməkdən birbaşa sonra su içməmək.

Qabın çartlaq yerindən və qulp tərəfindən su içməmək.

Sol əllə su içməmək.

Sual: Zövcənin ərinin qardaşları ilə bir süfrədə, bir qabdan xörək yeməsi icazəlidirmi?

Cavab: Əgər harama düşməyəcəyindən əmin deyilsə, icazəli deyil. Daha yaxşı olar ki, bu iş mütləq surətdə tərk olunsun.

Sual: Yeməkdən sonra artıq qalan düyü, çörək və digər qidaları zibilliyə atmağın hökmü nədir?

Cavab: Bunun icazəli olması şübhəlidir. Çünki bu, Allah-təalanın nemətlərinə qarşı nankorluq və hörmətsizlik hesab olunur. Həmçinin bu əməl malı tələf etmək və israfçılığa yol verməklə yanaşı verdiyi nemətlərə görə Allah-təalaya şükr etməyə münasib deyil. Həmin qidaları quşlara və heyvanlara verməklə də olsa, ondan istifadə etmək lazımdır. İsraf haram əməldir.

Sual: Xüms verməyən və qazancı haram olan bir şəxsin evində xörək yemək icazəlidirmi?

Cavab: İcazəlidir.

Sual: Müsəlman və ya qeyri müsəlman ölkələrində xörəklə yanaşı sərxoşedici içkilər olan bir masada əyləşmək icazəlidirmi? Həmin masada (yemək məqsədi ilə deyil) işlərini tənzimləmək üçün oturmağın haram və halallıq məsələsinə aidiyyatı varmı?

Cavab: Vacib ehtiyata əsasən, araq və digər sərxoşedici içkilərin olduğu masa ətrafında əyləşmək, hətta işlərin tənzimlənməsi üçün olsa belə, haramdır.

Sual: İçərisində Quran ayələri yazılmış qəzet və ya vərəqələrin üzərində xörək yeyib sonra həmin qəzet və ya vərəqi zibilliyə atmaq icazəlidirmi?

Cavab: İcazəli deyil.

Sual: Bəzi toplantılarda qonaqlara adətən spirtli içkilər təqdim edirlər. Belə toplantılarda iştirak etməyin maneəsi varmı?

Cavab: Araq və digər sərxoşedici içkilərin olduğu masa ətrafında əyləşib xörək yemək icazəli deyil. Hətta vacib ehtiyata əsasən, mütləq surətdə belə masa ətrafında əyləşmək icazəli deyil.

Sual: Qızıl və ya gümüş suyuna çəkilmiş qabla su içmək və ya dəstəmaz almaq icazəlidirmi?

Cavab: İcazəlidir.

Sual: Araq olan bir masa ətrafında əyləşmək, icazəlidirmi?

Cavab: Vacib ehtiyata əsasən, icazəli deyil.

Sual: Araq içilən masada xörək yemək icazəlidirmi?

Cavab: Araq və ya hər hansı spirtli içki içilən süfrədə xörək yemək haramdır. Hətta belə süfrə ətrafında əyləşmək belə, vacib ehtiyata əsasən, haramdır.