Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Səfər edərkən gediləcək yerin sərhəddinin müəyyən edilməsi

Sual: Seyid cənablarının "Geniş izahlı şəriət məsələləri" kitabı, cild - 1, "Müsafir namazı" bölümü, 1551 - ci məsələsində deyilir: "İnsan səkkiz fərsəx məsafəsini elə bir yerdən başlayaraq hesablamalıdır ki, oranı keçdikdən sonra müsafir sayılsın. Bu yer adətən şəhərin, yaxud kəndin çıxışı olur. Lakin bəzi böyük şəhərlərdə (meqapolislərdə) məhəllənin çıxışı da ola bilər.
Vətəni olmayan bir şəhər, yaxud kəndə səfər etmək niyyətində olan müsafir insan üçün şəri məsafənin sonu isə onun həmin şəhər, yaxud kənddə son duracağıdır. Məsələn, vətəni Məşhəd şəhərinin 15 km-liyində yerləşən şəxs Məşhəd şəhərindəki müəyyən bir yerə, məsələn, onun vətənindən 25 km məsafədə yerləşən İmam Rizanın (ə) müqəddəs məqbərəsinə gedib qayıtmaq istəyərsə, bu səfərdə namazını müxtəsər qılmalıdır. Ancaq əgər Məşhəd şəhərinin daxilində, onun vətənindən 20 km məsafədə yerləşən bir yerə gedib oradan da geri qayıtmaq istəyərsə, namazını bütöv qılmalıdır."
Sual belədir; Seyid cənablarının nəzərinə görə, vətəni olmayan bir şəhərə, yaxud kəndə səfər etmək istəyərkən şəri məsafənin sonu həmin şəhərin, yaxud kəndin sərhəddidir, yoxsa gedəcəyim son mənzil? Cümlədə qeyd olunan "son duracaq"- dan məqsəd nədir?

Cavab: Əgər insanın gedəcəyi şəhər, onun məqərri deyilsə (yaşayış ya da iş yeri deyilsə), meyar gedəcəyi ev, yaxud da idarədir, şəhərin başlanğıcı deyil.