Səhv səcdəsi

Sual: Əgər camaat namazında məmum səhv olaraq ayaq üstə durmaq kimi səhv səcdəsinə səbəb olacaq bir əməl edərsə, camaat namazından sonra səhv səcdəsi etməsi vacibdirmi? Ümumiyyətlə, məmum camaatla qıldığı namazda (səhv səcdəsini vacib edən bir əməli səhv olaraq yerinə yetirərsə) səhv səcdəsi etməsi vacibdirmi?

Cavab: Bəli, (səhv səcdəsini vacib edən bir əməli səhv olaraq yerinə yetirərsə) səhv səcdəsi vacib olur. Lakin (camaat namazında) səhv olaraq ayağa durmaq üçün səhv səcdəsi etmək vacib deyil.

Sual: Sonuncu iki rükətdə “subhənəllahi vəlhəmdulillahi və la ilahə illəllah” zikrinin sayını səhv olaraq və ya qəsdən azaltsam və ya artırsam, mənə səhv səcdəsi etmək vacibdirmi?

Cavab: Heç bir maneəsi yoxdur.

Sual: Namaz qılan şəxs dörd rükətli namazlarda səhv olaraq Fatihə surəsinin əvəzinə “təsbihatul-ərbəə”-ni oxuyarsa, səhv səcdəsi etməyə ehtiyac varmı? Əgər varsa və bu cür qıldığı namazlar üçün səhv səcdəsi yerinə yetirməyibsə, nə etməlidir?

Cavab: Buna (səhv səcdəsinə) heç bir ehtiyac yoxdur.

Sual: Səhv səcdəsində zikr demək vacibdirmi?

Cavab: Vacib deyil. Baxmayaraq ki, “İzahlı şəriət məsələləri” kitabında qeyd olunan zikrlərdən birini deməsi ehtiyata əsasən müstəhəbdir.

Sual: Səhv səcdəsi yerinə yetirərkən təşəhhüd “Əşhədu əlla ilahə illəllahu vəhdəhu lə şərikə ləh. Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh. Allahummə salli əla Muhəmmədin və Ali Muhəmməd” formasında deyilməlidir, yoxsa başqa formada?

Cavab: Məlum olan formada demək ehtiyata əsasən vacibdir, yəni “Əşhədu əlla ilahə illəllahu vəhdəhu lə şərikə ləh. Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh. Allahummə salli əla Muhəmmədin və Ali Muhəmməd”.

Sual: Nafilə namazına başladıqdan sonra vacib namazda (etdiyi səhvə görə) səhv səcdəsi etməsi vacib olduğunu xatırlayan şəxsin hökmü nədir?

Cavab: (Nafilə) namazını qıldıqdan sonra yerinə yetirə bilər.

Sual: Əgər insan səhv səcdəsinin müəyyən yerlərində səhvə yol verərsə, həmin səhvə görə də səhv səcdəsi etməsi vacibdirmi?

Cavab: Xeyir. Lakin səhv olaraq bir səcdə artırarsa, səhv səcdəsini yenidən yerinə yetirməlidir. Əgər bir səcdə az edərsə, uzun fasilə keçməyibsə, (bir səcdə də) yerinə yetirməlidir. Əks təqdirdə, yenidən (səhv səcdəsi) yerinə yetirməsi vacibdir. Əgər səhv olaraq (səhv səcdəsinin) səcdələrin zikrini deməsə, heç nə vacib deyil.

Sual: Əgər insan səhv olaraq və ya (hökmü) bilmədiyi üçün səhv səcdəsini yerinə yetirməsə və (qiblədən dönmək kimi namazı) batil edən bir əməl etdikdən sonra bunu xatırlayarsa, səhv səcdəsi etməsi yetərlidirmi?

Cavab: Bəli, bunu xatırladığı zaman səhv səcdəsi etməsi yetərlidir. Heç bir halda namazını yenidən qılmaq ona vacib deyil.

Sual: Əgər namaz qılan şəxs orta təşəhhüdü (ikinci rəkətdə deyilən təşəhhüdü) unudub ruku etdikdən sonra xatırlayarsa, namazını tamamlamalıdır. Namazdan sonra səhv səcdəsi etməli və müstəhəb ehtiyata əsasən, təşəhhüdün qəzasını yerinə yetirməlidir. Bu halda namazdan birbaşa sonra səhv səcdəsindən əvvəl təşəhhüdün qəzasını yerinə yetirməsi icazəlidirmi, yoxsa səhv səcdəsindən sonra yerinə yetirməlidir? Çünki namazla səhv səcdəsi arasında namazı batil edəcək bir iş etmək icazəli deyil. Bu halda isə təşəhhüdün qəzası vacib deyil, müstəhəbdir.

Cavab: Ehtiyata əsasən, səhv səcdəsindən əvvəl təşəhhüdün qəzasını yerinə yetirməsi icazəlidir. Bu, batil edəcək fasilə hesab olunmur.

Sual: Səhv səcdəsi hansı hallarda vacibdir?

Cavab: Bəzi hallarda səhv səcdəsi etmək vacibdir. Lakin namazın doğruluğu onu yerinə yetirməkdən asılı deyil. Həmin hallar aşağıdakılardır:

1. Vacib ehtiyata əsasən, namazda səhv olaraq danışdıqda.

2. Vacib ehtiyata əsasən, namazda səhv olaraq salamları dedikdə. Məsələn, dördüncü rəkətdə olduğunu güman edib salamları dedikdən sonra ikinci rəkətdə olduğu məlum olarsa. Salamlardan məqsəd “Əs-səlamu aleyna və əla ibadillahis-salihin” cümləsi və ya ardınca “və rəhmətullahi və bərakatuh”əlavəsi deyilsə də, deyilməsə də “Əs-səlamu aleykum” cümləsi nəzərdə tutulur. Amma “Əs-səlamu əleykə eyyuhən-nəbiyyi və rəhmətullahi və bərakatuh” cümləsinə gəlincə, onun səhv olaraq əlavə deyilməsi səhv səcdəsini vacib etməz.

3. Namazın təşəhhüdünü unutduqda.

4. Dördüncü və beşinci rəkətlər arasında və bu qəbildən olan hallarda şəkk etdikdə.

5. Namazdan sonra hansı bir əməlin az və ya artıq olduğunu bildikdə – bu şərtlə ki, namazın batil olmasına səbəb olmasın – vacib ehtiyata əsasən, səhv səcdəsi yerinə yetirməlidir.

Müstəhəb ehtiyata əsasən, səcdələrdən birini unutduqda, oturmaq lazım olan yerdə ayağa qalxdıqda, ayağa qalxmaq lazım olan yerdə oturduqda səhv səcdəsi yerinə yetirilsin. Hətta, müstəhəb ehtiyata əsasən, hər bir artıqlıq və naqisliyə (unudulmuş əmələ) görə səhv səcdəsi yerinə yetirilsin.

Sual: Səhv səcdəsi necə yerinə yetirilir?

Cavab: Səhv səcdəsinin qaydası belədir; niyyət etdikdən sonra – təkbir deməyə ehtiyac yoxdur, lakin deyilməsi müstəhəb ehtiyatdır – səcdə edilir, səcdədən başı qaldırıb oturaq vəziyyəti aldıqdan sonra ikinci səcdə yerinə yetirilr. İkinci səcdədən sonra namazın təşəhhüdü deyilir. (Təşəhhüddən) sonra isə “Əs-səlamu aleykum” deyilir, daha yaxşı olar ki, ardınca “və rəmətullahi və bərakatuh” kəlməsi də deyilsin. Həmçinin müstəhəb ehtiyata əsasən, hər iki səcdədə “Əs-səlamu əleykə eyyuhən-nəbiyyi və rəhmətullahi və bərakatuh” deyilsin.

Sual: Səhv səcdəsi hansı hallarda yerinə yetirilməlidir?

Cavab:

1. Vacib ehtiyata əsasən, namazda səhv olaraq danışdıqda.

2. Vacib ehtiyata əsasən, namazda səhv olaraq vacib salamları dedikdə.

3. Namazın təşəhhüdünü unutduqda.

4. Namazdan sonra hansı bir əməli az və ya artıq yerinə yetirdiyini bildikdə. Bu şərtlə ki, (həmin nöqsan və artıq əməl) namazın batil olmasına səbəb olmasın.

5. Dördüncü və beşinci rəkətlər arasında və bu qəbildən olan hallarda şəkk etdikdə.

Sual: Səhv səcdəsini (namazdan sonra) fərqli vaxta qədər (başqa namazın vaxtına qədər) təxirə salmaq icazəlidirmi? Bir neçə səhv üçün yalnız bir səhv səcdəsi etmək icazəlidirmi?

Cavab: Səhv səcdəsini (vacib olduğu halda) xatırladığı vaxt onu yerinə yetirməyə tələsmək vacibdir. Hər bir səhv üçün ayrıca səhv səcdəsi, yəni təşəhhüdlə birlikdə iki səcdə yerinə yetirilməlidir.

Sual: Əgər səhv səcdəsi edərkən səhvə yol versəm, həmin səhv səcdəsini nəzərə almamalıyam?

Cavab: (Səhv səcdəsinin) düzgün olduğunu hesab etməlisiniz.

Sual: Səhv səcdəsindən sonra təşəhhüd və salam demədim. Naqis səhv səcdəsi ilə qılınan bu namazın hökmü nədir?

Cavab: Namaz düzgündür. Lakin yenidən səhv səcdəsi etməlisən.

Sual: Namaz qılan şəxs səhv olaraq rukuda “subhanə Rabbiyəl-azimi və bihəmdih” zikrinin əvəzinə “subhanə Rabbiyəl-əla və bihəmdih” deyərsə, lakin sonra səhvini düzəldərsə, (namazdan sonra) səhv səcdəsi etmək ona vacibdirmi?

Cavab: Vacib deyil. İki zikrdən hər hansı birini ruku və ya səcdədə demək olar. Bu zikrlərin (ruku və səcdəyə) məxsus olması müstəhəbdir.

Sual: Səhv səcdəsinin niyyəti necə olmalıdır?

Cavab: Səcdələri yerinə yetirməkdə məqsədi səhv səcdəsi olmalıdır.

Sual: Namaz qılarkən şəkk etmişəm. Səhv səcdəsini necə yerinə yetirimmi?

Cavab: Səhv səcdəsi ardıcıl olaraq yerinə yetirilən iki səcdədən ibarətdir. Onu yerinə yetirərkən “qurbətən iləllah” niyyəti (Allah-təalaya mənəvi yaxınlıq və Onun razılığını qazanmaq) niyyəti etmək vacibdir. Lakin başlayarkən təkbir (Allahu əkbər) demək vacib deyil. Vacib ehtiyata əsasən, alını üzərində səcdə etmək düzgün sayılan əşyaların üzərinə qoyulmalıdır.  Müstəhəb ehtiyata əsasən, digər səcdə üzvləri də yerə qoyulsun və namazda yerinə yetirilən səcdənin bütün şərtlərinə riayət olunsun. Həmçinin müstəhəb ehtiyata əsasən, səhv səcdələrinə “Əs-səlamu əleykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərakatuh” zikri deyilsin. İkinci səcdədən başı qaldırdıqdan sonra təşəhhüd və salam demək vacibdir. Vacib ehtiyata əsasən, uzun deyil, məlum olan (namazda deyilən) təşəhhüd deyilməlidir. Səhv olaraq danışdıqda, lazım olmayan məqamda salamlar deyildikdə – bu iki halda vacib ehtiyata əsasən, –  dörd və beş rəkət arasında şəkk etdikdə və ya bu kimi şəklər baş verdikdə, təşəhhüd unudulduqda səhv səcdəsi etmək vacibdir. Həmçinin namazdan sonra namazın düzgünlüyünə xələl gətirməyən hər hansı bir əməlin az və ya artıq yerinə yetirilməsi məlum olduqda ehtiyata əsasən, səhv səcdəsi etmək vacibdir. (Bundan başqa) vacib ehtiyata əsasən, bir səcdə unudulduqda, oturmaq lazım olan məqamda ayaq üstə qalxdıqda, ayaq üstə qalxmaq məqamında oturduqda səhv səcdəsi yerinə yetirilməlidir. Daha yaxşı olar ki, (namazda baş vermiş) hər bir naqislik və artıqlıq üçün səhv səcdəsi yerinə yetirilsin.

Sual: Namaz əsnasında səhv səcdəsinə səbəb olan bir iş gördüm. Namazın salamlarını dedikdən sonra, lakin səhv səcdəsi etmədən əvvəl ola bilər ki, hərəkət etmişəm, sağa və ya sola baxmışam. Bu halda (yerinə yetirdiyim) səhv səcdəsi düzgündürmü?

Cavab: Bu, səhv səcdəsinin düzgünlüyünə xələl gətirməz.

Sual: Üç rəkətli və ya dörd rəkətli namazda üçüncü rəkətdə səhv olaraq təsbihatul-ərbəənin əvəzinə Fatihə surəsini oxuyub sonra yenə səhv olaraq “Bismillahir-rəhmanir-rəhim” demişəm. Namazı tamamladıqdan sonra səhv səcdəsi yerinə yetirdim. Qıldığım namaz düzgündürmü?

Cavab: Namazın düzgündür. Səhv səcdəsi etməyə isə ehtiyac yoxdur. Çünki sonuncu iki rükətdə Fatihə surəsini və ya təsbihatul-arbəəni oxumaqda ixtiyar sahibisən.

Sual: Nafilə və müstəhəb namazlarda (baş verən səhvlərə görə) səhv səcdəsi etmək vacibdirmi?

Cavab: Vacib deyil.

Sual: Səhv səcdəsini ehtiyat namazında olduğu kimi, (namazı) batil edən heç bir əməl etmədən namazdan birbaşa sonra, yerinə yetirmək vacibdirmi? Yoxsa onu namazdan sonra istədiyi hər hansı bir vaxtda yerinə yetirməsi icazəlidir?

Cavab: Səhv səcdəsini (namazı) batil edən heç bir əməl etmədən, namazdan birbaşa sonra yerinə yetirmək vacibdir.

Sual: İkinci rəkətdə təşəhhüddən sonra səhv olaraq “Əs-səlamu əleykə əyyuhən-nbiyyu” deyib tamamlamasam, səhv səcdəsi vacib olarmı?

Cavab: Vacib deyil.

Sual: İkinci rəkətdə təşəhhüddən sonra səhv olaraq “Əs-səlamu” deyib tamamlamasam, səhv səcdəsi vacib olarmı?

Cavab: Ehtiyata əsasən vacibdir.

Sual: Səhv səcdəsi əsnasında səhv olaraq danışmağın hökmü nədir?

Cavab: Heç bir zərəri yoxdur.

Sual: Əgər səhv səcdəsi batil olarsa, namaz da batil olurmu?

Cavab: Hətta, qəsdən səhv səcdəsini yerinə yetirməsə belə, namaz batil olmaz.

Sual: Səhv səcdəsində niyyətdən sonra təkbir (Allahu əkbər) demək vacibdirmi?

Cavab: Səhv səcdəsi üçün təkbir demək vacib deyil.

Sual: Səhv səcdəsi üçün dəstəmaz almaq vacibdirmi?

Cavab: Səhv səcdəsi üçün dəstəmaz almaq vacib deyil, lakin müstəhəbdir.