Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Suyun hökmləri

Sual: Mütləq və muzaf su nə deməkdir?

Cavab: Muzaf su; qarpız suyu və gül suyu kimi bir şeydən alınan, yaxud palçığlı su kimi artıq su deyilməyəcək şəkildə qarışmış suya deyilir. Bunlardan başqa yerdə qalan sular mütləq sudur.

Sual: Mütləq su, neçə qisimdir?

Cavab: Mütləq su, beş qisimdir:

1.     Kür su.

2.     Az su.

3.     Axar su.

4.     Yağış suyu.

5.     Quyu suyu.

Sual: Kür su nədir?

Cavab: Kür su; uzunluğu, eni və dərinliyinin hər biri üç qarış yarım (hər qarış təqribən 22 sm. dir.) ölçüsündə olan bir qabı dolduracaq miqdardakı suya deyilir. Onun ağırlığı 384 litrdir.

Sual: Kür su necə nəcis olur?

Cavab: Qan və sidik kimi nəcasətlər, yaxud nəcisə bulaşmış – paltar kimi – bir əşya, kür suyuna toxunsa və onun iy, rəng və dadını dəyişdirsə, nəcis olar. Əks təqdirdə, nəcis olmaz.

Sual: Kür suyunun iyi, rəngi və yaxud dadı nəcasətdən başqa bir şey ilə dəyişərsə, nəcis olarmı?

Cavab: Xeyr, nəcis olmaz.

Sual: Suyun, kür su miqdarında olması necə sabit olur?

Cavab: Suyun, kür su miqdarında olması iki yolla sabit olur:

1.     İnsanın özünün isbat etməsilə.

2.     İki adil kişinin bildirməsilə. Lakin bir adil və ya etibarlı şəxs, yaxud əlində kür su olan şəxs xəbər verərsə və bu xəbər insanın xatircəmliyinə fayda verməsə, ona etimad etmək mübahisəlidir.