Şimal yarımkürəsində yaşayanların orucunun hökmü

Sual: Xahiş edirik, aşağıda qeyd olunan hallara əsasən, şimal yarımkürəsində yaşayanlar üçün Ramazan ayının orucunun hökmünü açıqlayasınız.

1. O kəslər ki, 24 saat ərzində gecə və gündüzün dövr etməsini müşahidə etmirlər. Belə ki, Ramazan ayı tamamilə ya gündüzə, ya da gecəyə təsadüf edir.

2. O kəslər ki, 24 saat ərzində gecə və gündüzün dövr etməsini müşahidə edirlər. Lakin onlar, gün çıxmazdan əvvəl orucun başlanmasını bildirən fəcrin doğuşunu müşahidə edə bilmirlər. Belə ki, həmin məntəqədə Günəş gözdən itsə də, onun işığı tamamilə aradan getmir. Əksinə, işıqlı hava Günəş növbəti dəfə yenidən çıxana qədər davam edir.

3. O kəslər ki, 24 saat ərzində həm gecə və gündüzün dövr etməsini, həm də fəcrin doğuşunu müşahidə edirlər. Lakin onların məntəqəsində gündüz çox uzundur. Belə ki, orada gündüzün uzunluğu 20 saat olur ki, bu halda da oruc tutmaq çətinləşir.

Cavab:

1. Birinci hala gəlincə, bu cür yerlərdə oruc tutmaq mümkün deyildir. Bu halda gərək onlar ya Ramazan ayında bu ayın orucunu tutmaq üçün, ya da həmin aydan sonra onun qəzasını yerinə yetirmək məqsədilə oruc tutmaq mümkün olan yerə səfər etsinlər.

2. İkinci halda isə, əgər Günəşın dairəsi gözdən itdikdən sonra onun işığı tədricən aradan gedib 2-3 saatdan sonra yenidən artmağa başlasa bu halda işığın artmağa başladığı an, orucun başlama vaxtı sayılacaq. Amma Günəşin batdığı vaxtdan çıxdığı vaxta qədər işığın səviyyəsi dəyişməsə, lazim ehtiyata əsasən, Günəşin çıxan vaxtı ilə qürub vaxtı arasında tələb olunan rəca niyyətilə oruc tutulmalı, sonradan isə onun qəzası yerinə yetirilməlidir. Mükəlləf şəxs, bu ehtiyatdan qurtulmaq üçün fəcrin doğuşu müşahidə edilən məntəqəyə köçüb orada fəzilətli ayın orucunu tuta və yaxud səfər edib sonradan onun qəzasını yerinə yetirə bilər.

3. O ki qaldı üçüncü hala, fəcrin doğuşundan gecənin əvvəl vaxtına qədər oruc tuta bilən şəxs dözülməz çətinliklə üzləşməyəcəyi təqdirdə orucunu tutmalıdır. Həmin şəxs, hökmün onun üzərindən qalxması üçün, səfər də edə bilər. Lakin sonradan həmin günün qəzasını tutmaq ona vacibdir. Mükəlləf şəxsə oruc tutmaq müyəssər olmadıqda o, ya səfər etməli, ya da fəcr vaxtı oruc niyyətilə imsak etməlidir. Onun, məcburiyyət qarşısında qaldığı zaman yeyib-içməsi caizdir. Amma ehtiyata əsasən, o, yemək və içməyin ehtiyac duyduğu miqdarı ilə kifayətlənməlidir. Başqa bir vaxtda isə həmin günün qəzasını tutmaq vacibdir, amma kəffarəsi yoxdur. (Hər şeyin doğrusunu) bilən Allahdır.