Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Terrorçulardan azad edilmiş məntəqələrdə vətəndaşların əmlakını talan etməyin qadağan olunması

Sual: Əssəalmu əleykum və rəhmətullahi və bərəkatuh

Allah müctəhidimizi qorusun, ömrünü İslam və müsəlmanlar üçün uzun etsin!

Bəzi məntəqələr terrorçulardan azad edilərkən əhalinin öz yaşayış yerlərini və mal-mülklərini tərk etmələri müşahidə olunur. Bu zaman həmin məntəqələrdə əsasən talançılıq, soyğunçuluq, yandırmaq və partlatmaq kimi   hadisələr baş verir. Belə ki, maşın, ev əşyaları, ərzaq məhsulları və bu kimi əhaliyə məxsus mal-mülk “döyüş qəniməti” adı ilə bir məntəqədən digərinə daşınır. Halbuki, həmin əşyalar terrorçulara deyil, onları öz mənzillərində tərk etmiş insanlara məxsusdur.

Məncə baş verənlər cihada, mücahidlərə və müctəhidlərin fətvasına böyük hörmətsizlikdir. Xahiş edirəm, insanlara bu barədə göstəriş verəsiniz.

Sizə səmimi salamlarımı təqdim edirəm.

Sizə qarşı səmimi olan övladınız və xidmətçiniz Heydər.

 

Bismillahir-rəhmanir-rəhim

Cavab: Terrorçulardan azad edilmiş məntəqələrdə vətəndaşların əmlakını talan etməyin haram olması barədə dəfələrlə qeyd etmişik. Əllamə Şeyx Əbdülmehdi Kərbəlaiyə müqəddəs Kərbəla şəhərində qılınan “Cümə” namazlarında bu mövzuya toxunmasını tövsiyə etmişik və o, dəfələrlə bunu qeyd etmişdir. O, 25 Şəvval 1435 – ci il tarixindəki xütbəsində demişdir:

“Vətəni və həmvətənləri terrorçu qruplaşmalardan qorumaq, yalnız gözəl bəxt sahiblərinin nail ola biləcəyi böyük şərəfdir. Biz dəfələrlə vətən uğrunda canlarını və qanlarını fəda edən silahlı qüvvələrin və onlara qoşulmuş könüllülərdən olan qardaşlarımızın və övladlarımızın əməyini yüksək qiymətləndirmiş və onlarla qürur duyduğumuzu vurğulamışıq. Lakin bizə çatan məlumatlara əsasən, az sayda silahlı bəzi məntəqələrdə səhv hərəkətlərə yol verib. Belə ki, onlar, vətəndaşların əmlakını talan, toxunulmazlıq və ləyaqətlərinə hörmətsizlik etməklə qəbahət işlətmişlər. Biz bir daha bu qəbildən olan istənilən əməli qətiyyətlə pisləyirik. Bir daha qeyd edirik ki, vətəni və onun müqəddəsliyini qorumaq milli, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq hər hansı bir vətəndaşa qarşı zorakılığa uyğun deyil. Məhz buna görə də, hökümətin aidiyyatı orqanlarından tələb editik ki, vətəndaşların əmlak və hüquqlarına, vətəni və onun müqəddəsliyini qorumaq pərdəsi altında təcavüz edənləri dəmir əllə vursun. Həqiqətən də, bu cür zorakılıq hallarına qarşı, hətta onun sayı az olsa belə, səhlənkarlıq etmək və göz yummaq sonda arzuolunmaz hadisələr və ciddi fəsadlarla nəticələnəcək. Allahım, şahid ol ki, mən vəzifəmi yerinə yetirdim.”

Buna baxmayaraq biz, bir daha təkidlə vurğulayırıq ki, silahlı qüvvələrin, könüllülərin və başqalarının daxil olduqları məntəqələrdəki vətəndaşlara məxsus mal-mülk döyüş qəniməti deyildir. Onların daşınan və daşınmayan əmlaklarını tələf etmək haramdır, haramdır. Həqiqətən də, bu iş vətəndaşların birgə sülh şəraitində yaşamalarına ciddi zərər yetirir. Ey insanlar, Allahdan qorxun və öz əlinizlə özünüzü təhlükəyə atmayın.

11/3/1436