Təvaf namazı

Sual: Arxasında iki rəkət təvaf namazı qılınması vacib olan məqamdan məqsəd, üzərində iki mübarək ayaq izi olan qaya süxurudurmu?

Cavab: Bəli.

Sual: Məqamın arxa tərəfinin müəyyən sərhəddi varnı?

Cavab: Onun müəyyən sərhəddi yoxdur, burada ürfün təsdiqi əsasdır.

Sual: Həzrət İbrahimin (ə) məqamından altı, yaxud yeddi metr uzaq yerdə təvaf namazını qılmaq kifayət edərmi?

Cavab: Məqamda namazın qılınmasının düzgünlüyü üçün əsas, məqam uzaq olsa belə, onun namaz qılanın önündə olmasıdır. Zahirə əsasən, bir neçə metr məsafənin olmasının heç bir ziddiyyəti yoxdur.

Sual: Hökmü bilmədiyinə görə “Hicri-İsmail”-də təvaf namazını qılan şəxsin vəzifəsi nədir?

Cavab: Həzrət İbrahimin (ə) məqamının arxasında onu yenidən qılmalıdır.

Sual: “Hicri-İsmail”- də təvaf namazını qılıb ölkəsinə qayıtdıqdan sonra səhvini anlayan şəxsin vəzifəsi nədir?

Cavab: Əgər heç bir çətinlik çəkmədən qayıdıb namazını yerində (məqamın arxasında) qıla bilərsə, vacib ehtiyata əsasən, qayıtmalıdır. Əks təqdirdə, namazı öz ölkəsində qılmalıdır və ona heç bir şey vacib deyil.

Sual: Əgər kişi təvafını tamamladıqdan sonra səflərin izdihamlı olmasına görə, məqamın yaxınlığında namazını qıla bilməsə, bacardığı formada namazı qılması kifayət edərmi, yoxsa gözləməli, yaxud da həm namazı qılıb, həm də təzələməlidir?

Cavab: “Həcc ibadətləri” kitabında ətraflı qeyd olunduğu kimi, bacardığı formada namazı qılarsa kifayət edər və onu yenidən qılmasına ehtiyac yoxdur.

Sual: Məqamın yaxınlığında izdiham olarsa, (təvaf namazını qılmaq üçün) izdihamın azalmasını gözləmək vacibdirmi, yoxsa məqamın arxasından on metr uzaqda namazı qılmağa tələsmək, icazəlidir?

Cavab: On dəqiqə kimi ürfün nəzərində namazı qılmaq üçün tələsməyə xələl gətirməyəcəyi miqdarda gözləməsi, vacib olmasa da, ehtiyatdır.

Sual: Təvafını tamamladıqdan sonra “Məscidul-Həram”- da camaat namazının başlandığına görə, təvaf namazını həzrət İbrahimin (ə) məqamından uzaqda, lakin onun arxasında qılan şəxsin əməli qənaətbəxşdirmi?

Cavab: Qənaətbəxşdir, baxmayaraq ki, namazı məqamın arxasında yaxın yerdə yenidən qılması, müstəhəb ehtiyatdır. Təvaf ilə təvaf namazı arasında uzun fasilə yaranarsa, hər ikisini yenidən icra etməsi, müstəhəb ehtiyatdır.

Sual: Qadınlara birbaşa məqamın arxasında namaz qılmağa icazə vermirlər. Xüsusən də, camaat namazı üçün azan veriləndə onları həmin yerdən uzaqlaşdırırlar. Belə ki, onları məqamdan uzaq bir yerdə toplayırlar. Ümrə təvafını tamamlayan qadın onun üçün müəyyən edilmiş yerdə - məqamın arxasında qılmağa riayət etmək şərtilə - namaz (təvaf namazı) qılması kifayətdirmi, yoxsa gözləməsi, yaxud da (məqama yaxın) yerdə qılmağa imkanı olduğu halda yenidən qılması, vacibdir?

Cavab: Kifayətdir və namazı yenidən qılması vacib deyil.

Sual: Müstəhəb təvafın namazını qılmaq müstəhəbdirmi?

Cavab: Zahirə əsasən, belədir.

Sual: Təvaf və onun namazı arasında camaat namazı vasitəsilə fasilə vermək təvafı batil edirmi? Qeyd etməliyəm ki, camaat namazı yarım saat vaxt alır.

Cavab: Zahirə əsasən, camaat namazı həm təvaf və onun namazı, həm də təvafın dövrələri arasında fasilə yaratmır.

Sual: Təvaf namazını unudaraq qılmayan şəxs, təqsir etdikdən (saçını qısaltdıqdan) sonra xatırlasa, namazı qılması üçün ehram bağlaması lazımdırmı?

Cavab: Bu, lazım deyil.

Sual: “Həcc ibadətləri” kitabında deyilir ki, öhdəsində təvaf namazı olan şəxs ölərsə, vacib ehtiyata əsasən, böyük oğlu onun qəzasını qılmalıdır. Sual belədir; böyük oğul onun qəzasını öz ölkəsində qəza etməlidir, yoxsa Məkkədə?

Cavab: Əgər edə bilsə, vacib ehtiyata əsasən, Məkkədəki yerində qılmalıdır. Əks təqdirdə, başqa yerdə qəza etməsi kifayətdir.

Sual: Məkkəyə ehram halında daxil olan şəxsin “Ərəfə” gününə qədər vaxtı olarsa, qiraətini yaxşılaşdırmaq məqsədilə ümrənin icrasını gecikdirməsi  lazımdırmı?

Cavab: Ehtiyata əsasən, bunu etmək lazımdır.

Sual: Qiraətində səhv olan şəxs təvaf namazını qılıb. Amma namazdan sonra səhvini anlayarsa, bu halda vəzifəsi nədir?

Cavab: Namazı düzgündür.