Rəhmli və Mərhəmətli Allahın adı ilə! Sabah 05/06/2019 Moskvada və ətrafında Fitr bayramıdır!

Təqlid

Sual: İnsan Üsuli-dində müctehidə təqlid edə bilərmi?

Cavab: Müsəlmanın Üsuli-dində (dinin əqidə əsasları) olan əqidəsi bəsirət və dəlil əsasında olmalıdır. İnsan əqidə əsaslarında təqlid edə bilməz. Belə ki, o, əqidə əsaslarında hər hansı bir şəxsin sözünü, yalnız onun deməsinə etimad edərə qəbul edə bilməz.

Sual: Təqlid ediləcək müctehiddə hansı şərtlər olmalıdır?

Cavab: Təqlid ediləcək müctehid kişi, büluğ həddinə yetişmiş, ağıllı, on iki imamçı şiə, halalzadə, diri və ədalətli olmalıdır.

Sual: Bir müctehidin ədalətli olması necə sabit olur?

Cavab: Bir müctehidin ədalətli olması dedikdə, onun vacibləri yerinə yetirməsi və haramlardan çəkinməsi nəzərdə tutulur. İnsanın zahirdə ədalətli olmasının əlaməti bu cürdür; belə ki, onunla bir yerdə yaşayan insanlardan, qonşularından və təmasda olduğu şəxslərdən onu xəbər aldıqda, yaxşı insan olduğunu təsdiq etsinlər.

Sual: Ehtiyac duyulan məsələlərdə müctehidlər arasında rəy müxtəlifliyi olarsa, nə etməliyik?

Cavab: Ehtiyac duyulan məsələlərdə müctehidlər arasında rəy müxtəlifliyi olarsa, bu halda, insanın təqlid etdiyi müctehid daha elmli olmalıdır. Daha elmli müctehid, Allahın hökmlərini dərk etməkdə zəmanəsinin bütün müctehidlərindən daha bilikli olmalıdır.

Sual: Müctehidi və  daha elmli müctehidi hansı yolla tanımaq olar?

Cavab: Müctehidi və daha elmli müctehidi üç yolla tanımaq olar:

1.     İnsanın özü yəqin etsin; məsələn, insanın özü elm əhli olub müctehidi və daha elmli müctehidi tanıya bilsin.

2.     Müctehidi və daha elmli müctehidi tanıyan iki ədalətli alim, bir şəxsin müctehid və ya daha elmli müctehid olduğunu təsdiq etsin; amma bir şərtlə ki, onların təsdiqi başqa iki ədalətli alimin sözü ilə ziddiyyət təşkil etməsin. Bir şəxsin müctehid və ya daha elmli müctehid olması elm əhli olan və insanın sözünə etimad etdiyi bir şəxsin sözü ilə də sübuta yetir.

3.     İnsan əqlin qəbul etdiyi yolla bir şəxsin müctehid və ya daha elmli müctehid olduğuna əmin olsun. Məsələn, müctehidi, yaxud daha elmli müctehidi tanıya bilən və sözlərindən əminlik əldə edilən bir dəstə elm əhli, bir şəxsin müctehid və ya daha elmli müctehid olduğunu təsdiq etsin.

Sual: Müctehidin fətvasını hansı yolla əldə etmək olar?

Cavab: Müctehidin fətvasını əldə etməyin dörd yolu vardır:

1.     Müctehidin özündən eşitmək.

2.     Müctehidin fətvasını nəql edən iki ədalətli şəxsdən eşitmək.

3.     İnanılmış bir şəxsdən eşitmək.

4.     Müctehidə aid edilən və düzlüyünə əmin olunmuş risalədə (şəriət kitabında) görmək.

Sual: İnsan müctehidin fətvasının dəyişdiyinə dair dəqiq məlumatı olmasa, nə etməlidir?

Cavab: İnsan müctehidin fətvasının dəyişdiyinə əmin olmayana qədər onun risaləsində göstərilmiş fətvalara əməl edə bilər. Əgər hökmün dəyişdiyinə ehtimal edərsə, axtarış aparması lazım deyildir.

Sual: İnsan hökmünü bilmədiyi bir məsələ ilə üzləşərsə, nə etməlidir?

Cavab: İnsan hökmünü bilmədiyi bir məsələ ilə üzləşərsə, ehtiyat etməlidir, yaxud risalədə geniş şəkildə izah olunduğu kimi əməl etməlidir.