Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Vətəndən köçmək

Sual: Bəzi insanlar öz vətənlərini tərk etmək niyyəti olmadan müəyyən bir məqsəd üçün bir neçə il müddətinə başqa şəhərə köçürlər. Əgər məqsədləri həyata keçərsə, vətənindən çıxaraq istədiyi yerdə məskunlaşacaq. Bu halda namazlarını necə qılmalıdırlar? Oruc tutmalıdırlarm?

Cavab: Orada namazlarını tamam qılmalıdırlar. Həmçinin orada bir ay qaldıqdan sonra öz əsl vətənlərində olduqları kimi, oruclarını da tutmalıdırlar.

Sual: Vətəndən köçüb getməkdən məqsəd nədir? Məsələn, bir kişi başqa məntəqədə evlənərsə və iki yer arasındakı məsafə namazın qısa qılınmasına səbəb olacaq (44 km) qədər və ya daha çoxdursa, aşağıdakı sualların cavabları necə olacaq?

1) Qadın öz ailəsinə qonaq gələndə namaz vaxtı namazlarını qısa, yoxsa bütöv qılmalıdır?

2) Əgər uşaq dünyaya gətirəndə ailəsinin yanında 40 günədək müəyyən bir müddət qalmaq niyyətində olarsa, namazını qısa, yoxsa bütöv qılmalıdır?

3) Ər həftənin 5 günü işdə olduğu üçün zövcəsi həmişə  bu müddət ərzində öz ailəsinin yanında qalmalı olur. Belə olan halda o, namazlarını qısa, yoxsa bütöv qılmalıdır?

Cavab:

1) Əgər qadın vətənindən çıxarkən bir daha orada məskunlaşmayacağına əmin olarsa onun hökmü orada və bu kimi ziyarətlərdə 10 gün iqamə qəsdi etmədiyi təqdirdə, namazı qısa qılmaqdır.

2) Yuxarıdakı mənada vətəndən köçmək məqsədi olmuşsa onun hökmü namazı qısa qılmaqdır. Yalnız səfəri pozan hallardan biri baş verərsə, bu, istisnadır.

3) Tamamilə köçüb getmək niyyəti olmayıbsa və ya qeyd olunduğu kimi müəyyən müddət qalmağı yenidən niyyət edərsə, namazlarını bütöv qılmalıdır.

Sual: Zövcənin ərinə tabe olaraq onunla vətənindən qeyri bir yerdə məcburi surətdə məskunlaşması əsl vətənindən və doğulduğu yerdən imtina etməsi, köçməsi (əl çəkməsi, bir dəfəlik tərk etməsi) hesab olunurmu?

Cavab: Xeyir, bu, imtina etmək hesab olunmur.

Sual: Bir uşaq Nəcəf şəhərində doğulub və orada 40 gün qaldıqdan sonra qalan ömrünü Kərbəla şəhərində yaşayıb. İndi onun 20 yaşı var və Nəcəf şəhərinə getmək istəyir. Namazlarını bütov, yoxsa qısa qılmalıdır? Nəcəf şəhəri onun üçün vətən hesab olunurmu? Əgər olunmursa, nə qədər müddət orada yaşamalıdır ki, Nəcəf şəhəri onun vətəni hesab olunsun və o, ora nə vaxt getsə namazlarını bütöv qılsın?

Cavab: Uşaq valideyinlərinə tabe olduğu üçün onun vətəni də valideyinlərinin vətəni hesab olunur. Buna əsasən də, əgər valideyinləri Nəcəf şəhərində məskunlaşmaqdan imtina edərlərsə, ora onun vətəni hesab olunmaz və namazlarını qısa qılmalıdır. Yalnız o vaxt vətən hesab olunar ki, oranı özünə yaşayış yeri hesab eləsin. Belə ki, qalan ömrünü orada yaşamaq niyyətində olsun və ya ürfün nəzərində müsafir sayılmayacaq qədər uzun bir müddət oranı özünə yaşayış yeri seçsin.

Sual: Əri ilə başqa məntəqədə yaşayan qadın Ramazan ayında ayrı məntəqədə yaşayan ailəsinə qonaq gedərsə – belə ki, şəri məsafəni qət edir – orucunun hökmü nədir? Halbu ki, o, əri və övladları ilə bir həftə müddətinə qonaq gəlir və orada hamısı (ana və uşaqlar) oruc tutur.

Cavab: Əgər ailəsinin məskunlaşdığı yer əvvəlcədən onun da vətəni olubsa (vətənini birdəfəlik tərk etmədiyi halda) oruc tutması vacibdir. Övladlara gəlincə isə, əgər analarının ailəsinin yaşadığı yer onların da vətəni olmayıbsa və onlar da (anaları kimi) bu vətəni tərk etməyiblərsə oruc tutmamalıdırlar.

Sual: Vətəndən imtina etməyin tərifi nədir?

Cavab: Vətən hökmünü aradan aparan imtina məskunlaşmaq üçün bir daha qayıtmamaq niyyəti ilə vətəni tərk etməkdir. İnsanın iki, üç il kimi məhdud müddətdə iş və ya təhsil üçün məskunlaşdığı bir yeri tərk etməsi, nisbətən uzun müddət ora qyıtmamağı niyyət etməsi ilə baş verir. Belə ki, məskunlaşmaq üçün bir daha ora qayıdarsa, ürfün nəzərində əvvəlki məskunlaşmanın davamı deyil, yenidən məskunlaşma hesab olunsun. Seçilmiş yaşayış yerində uzun və ya qısa müddət ərzində qalmaq oranı yaşayış yeri kimi tərk etməyin müddətini təyin etməkdə əsas hesab olunur.

Sual: Əslən Nəcəf şəhərindən olan bir şəxs Amerikada yaşayır. O, Nəcəf şəhərini tərk etmiş, bir daha orada məskunlaşmaq niyyətində deyil. Aşağıdakı halları nəzərə alsaq Nəcəf şəhəri onun vətəni hesab olunurmu?

1) Valideyinlər hələ də orada yaşayırlar. Lakin onun öz ailəsi var va valideyinlərindən ayrı yaşayır.

2) Valideyinlər vəfat etmiş və ya başqa şəhərdə yaşayırlar.

3) Ailəsi orada yaşayır. Lakin o, ailəsindən ayrı deyil, yəni, onun xərclərini valideyinləri təmin edir.

Xahiş edirik ki, əsl vətəndən imtina etməyin meyarını izah edəsiniz. Belə ki, həmin meyara əsasən, həmin yer onun vətəni hesab olunmur və oradan keçərkən namazlarını bütöv qılmamalıdır.

Cavab: Məskunlaşmaq məqsədi ilə vətənə bir daha dönməyərək oranı tərk etmək, yəni yenidən orada məskunlaşacağı nəzərə alınacaq dərəcədə ehtimal olunmursa, vətən hökmünü aradan aparır.