Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Vəsvəsə

Sual: Çox vəsvəsəçi olan bir şəxs dəstəmaz alarkən, qüsl verərkən və namaz qılarkən həddindən artıq vaxt sərf edir. Ramazan ayında cənabətli olduqda qüsl verdikdə o dərəcədə şəkk edir ki, fəcr vaxtı daxil olur və qüsl əvəzinə təyəmmüm edir. Beləcə Ramazan ayında və digər vaxtlarda cənabətli olduqda o, vaxtın sonunu gözləyir ki, təyəmmüm edib namazını qılsın. Seyid Sistani cənablarının bu şəxs barədə rəyi nədir? Onun orucunun, namazının, ümumiyyətlə, ibadətlərinin hökmü nədir? Bu kimi hallarda möhtərəm Seyid nə tövsiyə edir?

Cavab: Sualda qeyd olunduğu şəraitdə həmin şəxsin namazı düzgündür. Lakin su ilə paklıq etməyə imkanı olduğu halda onu əldən verdiyi üçün günah etmişdir. Həmin şəxsə öz halını islah etmək və bu xəstəlikdən xilas olmaq üçün səy göstəməsi tövsiyə olunur. Buna aşağıdakı iki mərhələ ilə nail olmaq oalr.

Birinci mərhələ: Bu halın ağıl və şəriət baxımından pislənildiyinə diqqət eləsin. Çünki bu, mötədil haldan çıxmaq və insan enerjisinin heç bir fayda əldə etmədən sərf olunmasıdır. Vəsvəsə təqva və müqəddəs şəriətin hökmlərinə məsuliyyətli yanaşmaqdan irəli gəlmir. Vəsvəsə insan şüurunun pozulması, psixologiyasının və iradəsinin zəifliyi, hədislərdə buyurulduğu kimi xəbis şeytanın təlqinlərinə təslim olmaqdır. Əgər insan bu həqiqəti yaxşı dərk edərsə, növbə ikinci mərhələyə çatar.

İkinci mərhələ: Özünü əla almağa və iradəsinin cilovunu əlində tutmağa səy etməlidir ki, şeytan ona vəsvəsə edə bilməsin. Qiyamət günündə ehtimal etdiyinə əhəmiyyət vermədiyi üçün Allah-təalanın onu cəzalandırmayacağına yəqin gətirərək güclü iradə nümayiş etdirsin. Əgər (dəstəmaz və qüsl əsnasında) suyun dəriyə çatmasında şəkk edərsə, əhəmiyyət verməməli və adəti üzrə paklığın hasil olduğuna əmin olmalıdır. Hər dəfə şəkkinə əhəmiyyət vermədikcə, vəsvəsənin onun psixologiyası üzərindəki hakimiyyəti zəifləyəcək və şeytan ona təsir edəcəyindən ümidsiz olacaq. Sonda həmin şəxs paklıq və murdarlıq məsələlərinə mötədil yanaşacaqdır. Əmin olsun ki, bu yolda mübarizəyə başlayarsa, Allah-təalanın yardımı ilə o, şeytanın zəif hiyləsinə qalib gələcək. Allah-təala buyurub: “Şübhəsiz şeytanın məkr və hiyləsi həmişə zifdir”. (Nisa surasi, ayə 76). Doğru yola müvəffəq edən, məhz Allahdır.

Sual: Vəsvəsənin müalicəsi varmı?

Cavab: Vəsvəsənin yeganə müalicəsi vəsvəsəyə etina etməmək və uzun müddət onun yaratdığı şübhələrə əməl etməməkdir. Bilməlisən ki, vəsvəsənin yaratdığı şübhələrə əməl etməməklə Qiyamət günü heç bir məsuliyyət daşımırsan. Bütün fəqihlər dini mətinlərə əsasən vəsvəsəçi şəxsin, hətta başqa insanların qənaətinə müxalif olduğunu bildiyi halda belə, vəsvəsələrinə etina etməməsi barədə fətva vermişlər. Bu məsələdə nəinki onun güman və şəkkinin, hətta bilgisinin heç bir əhəmiyyəti yoxdur.

Sual: Vəsvəsəçi şəxs dəfələrlə qüsl və dəstamaz alarsa, onun bu əməli mənəvi paklığı batil edirmi?

Cavab: Batil etmir.

Sual: Mən uzun illərdir ki, dəstəmaz, namaz və digər əməllərdə vəsvəsəyə düşürəm. Vəsvəsəyə düşməyim uzun müddəti əhatə edir və bu, xronoloji hal almışdır. Ailəm vəsvəsəyə etina etməməyim üçün müxtəlif vasitələrə əl atmışdır. Lakin mən vəsvəsədən xilas ola bilmirəm. Möhtərəm Seyidin (kölgəsi əskik olmasın!) dəftərxanasından bu məsələdə mənə yardım etməyini rica edirəm.

Cavab: Bu mövzuda vəsvəsənin müalicəsinə yardım olacaq və onun mənfi təsirlərindən qorunmaq üçün hər bir tövsiyəni qeyd etmək imkan daxilindən xaricdir. Lakin əvvəlcə, İmam Cəfər Sadiq (ə)-dan nəql olunan bir hədisi qeyd edib sonra bəzi əhəmiyyətli məsələləri nəzərinizə çatdırırıq.

Hədisə gəlincə, İmam Cəfər Sadiq (ə)-ın ən möhtərəm səhabələrindən olan Abdullah ibn Sinanın belə nəql edir: “Əbu Abdullah (ə)-a ağıllı bir insanın dəstəmaz və namazda vəsvəsəyə düçar olduğunu dedim. İmam (ə) belə buyurdu: “O necə ağıl sahibidir ki, şeytana itaət edir? Ondan “Bunu (vəsvəsəni) səndə yaradan nədir?” – deyə soruş. Şübhəsiz ki, sənə: “Şeytan əməlidir” -deyə cavab verəcək”.

Bu mövzuda əhəmiyyətli məsələlər aşağıdakılardır:

1. Vəsvəsə xəstəliyinin yeganə müalicəsi  yalnız vəsvəsəyə etinasız yanaşmaq və uzun müddət onun yaratdığı şübhələrə əməl etməməkdir. Bu xəstəliyə düçar olmaq nə qədər uzun müddəti əhatə edərsə, onun müalicəsi də bir o qədər uzun müddəti əhatə edir. Bir və ya iki ay vəsvəsəyə düçar olan şəxs bir neçə ay etina etməməklə bu xəstəlkdən xilas ola bilər. Lakin uzun illər bu xəstəliyə düçar olan şəxsdən bu xəstəlik, təbii ki, daha uzun müddət etina etməməklə aradan gedəcəkdir.

2. Bu mövzuda ən əsas sual vəsvəsəyə düşən şəxsi şeytanın çağırışı olan vəsvəsəyə etina etməməyə necə qane etmək olar? Cavab: Vəsvəsəyə düşən şəxsi başa salmaq lazımdır ki, əgər onun vəsvəsəyə etina etməməsi reallığın əksinə olsa da Qiyamət günü o, heç bir məsuliyyət daşımır və buna görə heç bir çəza almayacaq. Vəsvəsəyə düşən şəxsin vəsvəsəyə əməl etməsi yerinə yetirdiyi əməlin batil olması və (Qiyamət günü) cəzalanacağı qorxusudur. Əgər biz onu başa sala bilsək ki, o, vəsvəsəyə əməl etməməklə və ona etinasız yanaşmaqla heç bir günah daşımır. Hətta onun əməlləri həqiqətlə üst-üstə düşməsə də Allah qarşısında üzürlü sayılır. Bu, onun vəsvəsəyə etina etməsinin müəyyən həddə qarşısını alacaq.

3. Vəsvəsəyə düşən şəxs vəsvəsəsinə etina etmədikdə reallığa əks əməl etmiş olsa da, Allah-təala qarşısında necə üzürlü hesab oluna bilər? Məsələn, bir şəxs bədənin pak olduğunu hesab edərək dəstəmaz alıb namaz qıla, lakin Allah-təalanın elmində (həqiqətdə) bədəni murdar olmuş, dəstəmazı və namazı batildir. Buna görə qiyamət günü Allah-təalanın qarşısında heç bir məsuliyyət daşımır?

Cavab: Əlbəttə ki, yox. Bunun səbəbi çox sadədir. Çünki o, şəri vəzifəsinə uyğun olaraq vəsvəsəyə etina etməmişdir. Belə olduğu təqdirdə Allah-təala onu necə cəzalandıracaqdır? Bu mövzunu daha geniş izah etmək üçün aşağıdakı məsələni qeyd edirik:

Fəqihin fətvası mükəlləf şəxs üçün höccətdir (dəlil və əsasdır). Yəni mükəlləf şəxs fətvaya uyğun olaraq əməl edərsə, onun əməli Allah-təalanın elmində reallığa zidd olsa da, Qiyamət günü buna görə cazalanmayacaq. Məsələn, fəqih spirtin pak olduğuna fətva versə və mükəlləf bu fətvaya əsasən spirtdən çəkinməsə, libası və ya bədəni spirtə bulaşdığı halda dəstəmaz ala və namaz qılarsa, lakin Allah-təalanın hökmündə spirt murdar olsa belə, mükəlləf şəxs batil olmuş namazlarına görə Qiyamət günü cəzalanmayacaq. Çünki Allah-təala qarşısında onun höccəti belədir: “Ya Rəbbi, Sən mənə fəqihin fətvasına əməl etməyə icazə vermisən. Fəqih də spirtin pak olduğuna fətva verdiyi üçün mən namaz qılarkən bədənimin və ya libasımın spirtə bulaşmasından çəkinməmişəm. İndi buna görə məni cəzalandıracaqsanmı?” Cavab isə belə olacaq: “Ey qulum, şübhəsiz ki, sən üzürlüsən və heç bir məsuliyyət daşımırsan!”

Vəsvəsəyə düşən şəxsin hökmü bu cürdür; bütün fəqihlər şəri mətinlərə (hədislərə) əsasən, vəsvəsəyə düşən şəxsin şəri vəzifəsi vəsvəsəyə etinasız yanaşmaq və paklığında şəkk etdiyi hər bir şeyin pak olmasını hesab etməkdir. Hətta insanların həmin məsələdə əminliyinin əksinə olaraq bir şeyin murdar olduğuna onda əminlik yaranarsa, onun əminliyinin heç bir əsası yoxdur. Onun şəri vəzifəsi həmin şeyin pak olmasını hesab etməsidir. Əgər vəsvəsəyə düşən şəxs bu şəri fətvaya əməl edərək paklığında şəkk olunan hər bir şeyin pak olmasını hesab edərsə,  onun əməli reallığa zidd olsa da, namazı murdarla qılınsa və ya murdar bir şeyi yemiş olsa belə, Allah-təala qarşısında üzürlüdür.

Təmənna edirik ki, bu bəyanı bir neçə dəfə oxuyasınız  və bu gündən sonra vəsvəsəyə etina etməyəcəyinizi qərara alasınız. Murdar olduğunu təsəvvür etdiyiniz bir şeyi yumamağa səy edin və iradə nümayiş etdirin. Gözünüzlə murdar olduğunu görmədiyiniz hər bir şeyin pak olmasını hesab edin və bunun üçün iradə nümayiş etdirin.

Şeytan sizə belə deyəcək: “Dəstəmazın və namazın batildir, bədənin murdardır.” və s. Onun cavabında belə deyin: “Olsun! Mən Allah-təalanın hüzurunda üzürlü olduqdan sonra bunun heç bir əhəmiyyəti yoxdur. Qiyamət günü O, heç bir halda buna görə məni cəzalandırmayacaq”.

4. Diqqət edilməsi gərəkən şəri məsələlərdən biri də budur ki, murdar olmuş bir şeylə təmasda olduqda vasitələr çox olmasa, təmasda olduğu həmin şeyi də murdar edər. Əgər vasitələr çox olarsa, murdar etməz. Məsələn, əgər sağ əl sidiyə bulaşarsa murdar olar. Sağ əl də rütubətlə sol əllə təmas edərsə, o da murdar hökmündə olar. Həmçinin sol əl də rütubətli halda libas kimi bir şeylə təmas edərsə o da murdar hökmünü daşıyacaq. Lakin libas başqa bir şeylə rütubətli halda təmas edərsə - istər arada meniə olsun, istərsə də olmasın - həmin şeyi murdar etməz.

Bu qaydaya əsasən sizin məktubda yazılanların əksəriyyətinin murdar olmamsına daha çox əminlik var. Çünki qeyd etdikləriniz vasitələrlə murdar olmuşdur.

Sonda Allah-təaladan siziə sağlamlıq bəxş etməsini və sevib bəyəndiyi işlərə müvəffəq etməsini diləyirik.