Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Yeni təvaf yerinin hökmü

Sual: Kəbeyi-Müəzzəmənin ətrafında iki mərtəbəli ötürücü körpü salınmışdır. Könüllü və ya məcburi şəkildə ora ilə təvaf etmək olarmı? Bu halda təvaf namazının hökmü necə olacaqdır?

Cavab: Alt mərtəbəyə gəldikdə, ora ilə, könüllü şəkildə də olsa, təvaf etmək düzgündür. Bəli, lazim ehtiyata əsasən, vacib təvafda təvafın yerinə yetirilməsi ilə təvaf namazı arasında ardıcıllığa riayət etmək labüddür. Alt mərtəbədə təvafı icra edən şəxs elə oradaca, məqamın arxa hissəsinə yaxın tərəfdə namazı qıla bilərsə, maneəsi olmaz. Üst mərtəbəyə gəlincə isə, mükəlləf şəxs oranın Kəbeyi-Müşərrəfənin divarından bir qarışadək azacıq hündür olduğuna əmin olarsa, orada təvaf etməyə icazə verilir. Fəqət, vacib təvafda namazı qılmaq üçün ortadan məcsidin sahəsinə enmək, on dəqiqə deyil, daha uzun zaman apardığından təvaf ilə namaz arasındakı ardıcıllığa riayət edə bilməsə, bu halda lazım ehtiyata əsasən, təvafı orada yerinə yetirməyəcəkdir. Bu, könüllü olaraq üst mərtəbəni seçənlərə aiddir. Lakin təvafı əlil arabasında edən xəstə kimi, yalnız üst mərtəbədə təvaf edə biləcək şəxs üçün isə buna icazə verilir və məcburiyyətə görə təvaf ilə namazı arasında olan ardıcıllıqdakı xələlin də ona zərəri yoxdur. Mükəlləf şəxsin oranın Kəbeyi-Müşərrəfə divarından bir qarışadək azacıq hündür olduğunda əminliyi olmasa (yəni, daha hündür olduğunda əmin olarsa), — təvafı əlil arabasında edən xəstə kimi, yalnız üst mərtəbədə təvaf edə biləcək şəxs olsa belə — təvafı orada etməyəcəkdir. (O, məscidin sahəsində və ya alt mərtəbədə özünün əvəzindən təvaf edəcək bir adam tutacaqdır.) Ona məscidin sahəsində və ya alt mərtəbədə özünün əvəzindən edilən təvafı öz təvafı ilə cəm edərək təvaf namazı qılması gərəkəcəkdir.