Yaşlı kişi və qadının orucunun hökmü

Sual: Oruc tuta bilmədiyi təqdirdə, yaşlı insanın vəzifəsi nədir?

Cavab: Yaşlı kişi və qadın oruc tuta bilməsələr, yaxud oruc tutmaq onlar üçün sıxıntı və çətinliyə səbəb olarsa, bu zaman onlara, oruc tutmadıqları hər gün üçün fidyə vermələri vacibdir. Fidyənin çəkisi kiloqramın dörddə üçü (750 qr) miqdarında buğdadır. Buğda digərlərindən (digər ərzaq məhsullarından) daha yaxşıdır. Onlara orucun qəzasını yerinə yetirmələri vacib deyildir.

Sual: Susuzluq xəstəliyinə tutulmuş şəxsin hökmü, oruc tuta bilməmək baxımından, yaşlı adamın hökmü ilə eynidirmi?

Cavab: Yaşlı və susuzluq xəstəliyinə tutulmuş şəxs oruc tuta bilməsə, yaxud oruc tutmaq onun üçün sıxıntı və çətinliyə səbəb olarsa, bu zaman oruc tutmadığı hər gün üçün bir mudd (750 qram) fidyə verməlidir. Fidyənin müstəhəb ehtiyata əsasən, buğdadan olması daha yaxşıdır. Sonradan oruc tutmağa imkanı olsa belə, qəzanı yerinə yetirməsi vacib deyil, amma müstəhəb ehtiyatdır.

Sual: Qəsdən orucu pozmağın kəffarəsi, üzrlü halda orucu pozmağın kəffarəsindən nə ilə fərqlənir?

Cavab: Mudd (çəki) baxımıdan heç bir fərqi yoxdur. Amma qəsdən orucu pozan altmış yoxsula, yaşlı şəxs kimi orucu üzrlü olaraq pozan isə, bir yoxsula bir mudd miqdarında yemək verməlidir.

Sual: Yaşlı kişi və qadın kimi oruc tuta bilməyənlərə (sonradan) qəza etmələri vacibdirmi?

Cavab: Əgər yaşlı kişi və qadına oruc tutmaq çətinlik yaradarsa, oruclarını pozmaları caizdir və hər gün üçün bir mudd yemək kəffarə verərlər. Lakin (sonradan) qəza etmələri vacib deyildir. Əgər oruc tuta bilməsələr, (orucun vacib olması hökmü) onların üzərindən götürülər və kəffarənin də üzərilərində götürülməsi uzaq deyildir. Bu hökm susuzluq xəstəliyinə tutulmuş şəxsə də aiddir. Belə ki, susuzluq xəstəliyinə tutulmuş şəxsə oruc tutmaq çətinlik yaradarsa, hər gün üçün bir mudd yemək kəffarə verər. Əgər o, oruc tuta bilməsə, kəffarə üzərindən götürülər.