Günaha israr etmək

Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz.

Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar. Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir!” (Ali-İmran 135, 136)

Həzrət Məhəmməd (s) peyğəmbərdən nəql olunan bir hədisdə deyilir: “Bütün bədbəxtliklərin əlaməti, günaha israr etməkdir.”

Möminlərin əmiri imam Əli (ə) buyurub: “Ən böyük günah, sahibinin israr etdiyi günahdır.”

İmam Cəfər Sadiq (ə) buyurub: “Yox, and olsun Allaha ki, Allah Ona qarşı üsyankarlığa israr etməklə yanaşı itaətində edilən heç bir əməli qəbul etməz.”