Musahərə (evlilik nətincəsində yaranan qohumluq)

Sual: Musahərəni necə izah edirsiniz?

Cavab: Mushərə ər-arvadın hər birinin digərinin qohumları ilə olan elə əlaqədir ki, konkret (məsələn, zövcənin anası – red.) və ya ümumi (məsələn, zövcənin bacısı – red.) olaraq onlarla nikaha daxil olması haram olur.

Sual: Atanın zövcəsi (onun başqa qadından olan) oğluna əbədi haramdırmı?

Cavab: Övlada atasının, ata və ya ana tərəfdən olan babasının (anası və ya nənəsi olmayan) zövcəsi əbədi olaraq haramdır. Bu evliliyin haram olması, istər müvəqqəti, istərsə də daimi olsun, ata və ya baba öz zövcəsi ilə yaxınlıq etmiş olsun, istər etməmiş olsun, həmçinin, ata və baba istər nəsəb (qan qohumluğu) yolu, istərsə də süd vermə yolu ilə olsun heç bir fərqi yoxdur. 

Sual: Oğulun zövcəsi ataya haramdırmı?

Cavab: Oğulun zövcəsi ataya, nəvənin, nəticənin və sonrakı züriyyətin zövcələri ata və ana tərəfdən olan babaya əbədi olaraq haramdır. Onların arasındakı evliliyin haram olması, istər müvəqqəti, istərsə də daimi olsun, oğul, nəvə və ya nəticə öz zövcəsi ilə yaxınlıq etmiş olsun ya etməmiş olsun, həmçinin, oğul, nəvə və ya nəticə istər nəsəb yolu, istərsə də süd vermə yolu ilə olsun, heç bir fərqi yoxdur.  

Sual: Əgər bir şəxs xalası ilə zina edərsə (Allaha pənah aparırıq!) onun (xalasının) qızı həmin şəxsə haram olurmu?

Cavab: Əgər bir şəxs xalası və ya bibisilə onların qızı ilə nikah müqaviləsi bağlamadan öncə zina edərsə, vacib ehtiyata əsasən, onların qızı ona əbədi olaraq haram olur. Əgər yad bir qadınla zina edərsə, müstəhəb ehtiyata əsasən, onun qızı ilə evlənməsin.

Sual: Qan qohumluğu və ya südvermə ilə olan iki bacı ilə eyni zamanda nikah bağlamaq olarmı?

Cavab: Qan qohumluğu və ya südvermə ilə olan iki bacı ilə daimi və ya müvəqqəti, yaxud birini daimi, digərini müvəqqəti olaraq eyni zamanda hər ikisi ilə nikah müqaviləsi bağlamaq icazəli deyil. Əgər bacılardan biri ilə nikah müqaviləsi bağladıqdan sonra ikinci ilə nikah müqaviləsi bağlayarsa, istər birinci ilə yaxınlıq etmiş olsun, istərsə də olmasın, yalnız ikinci nikah batildir. Əgər eyni zamanda hər ikisilə bir nikah müqaviləsi bağlayarsa və ya o, bacılardan biri ilə, vəkili isə onun adından digəri ilə eyin vaxtda nikah müqaviləsi bağlayarsa, hər iki nikah batildir.

Sual: “Lian” olduqda arvad ərə əbədi olaraq haram olurmu?

Cavab: Əgər ər-arvad şəriət hakiminin yanında – lian hökmlərində deyildiyi kimi – lian hökmünü icra edərlərsə, qadın kişiyə əbədi olaraq haram olar.

Sual: Ərli qadınla zina edənin hökmü nədir? Qadın ona əbədi olaraq haram olurmu?

Cavab: Əgər bir şəxs ərli qadınla zina edərsə, həmin qadın əbədi olaraq ona haramdır. Əri öldükdən, talaq verdikdən və ya nikahı pozduqdan, yaxud da müəyyən müddət keçdikdən sonra belə onunla evlənməsinə icazə verilmir. Ərli qadının daimi və ya müvəqqəti nikahla ərdə olmasının, müsəlman və ya kafir olmasının, əri ilə aralarında yaxınlıq olmasının və ya olmamasının, hökmü bilməsi və ya cahil olmasının heç bir fərqi yoxdur. Həmçinin ərin böyük və ya azyaşlı olması, zina edənin qadının ərli olduğunu bilməsi və ya bilməməsi, zinaya məcbur edilməsi və ya edilməməsinin heç bir fərqi yoxdur.

Sual: Əgər bir kişi arvadına “rəci talaq” verərsə, onun bacısı ilə nikah bağlaması düzgündürmü?

Cavab: Əgər bir şəxs arvadını boşayarsa və talaq “rəci talaq” olarsa, arvadının iddə müddəti bitməmiş onun bacısı ilə nikah bağlaması icazəli və düzgün deyil. Əgər “bain talaq” olarsa, belə ki, üçüncü boşanma və yaxud boşanan zövcə azyaşlı, yaxınlıq edilməmiş və yaisə kimi iddəsi olmayan qadınlardan olarsa, bu halda (talaqdan sonra) onun bacısı ilə nikah bağlaması icazəlidir.