Səcdə ayəsi

Sual: Səcdə ayəsində vacib olan əməl hansıdır və o, necə icra olunmalıdır?

Cavab: Səcdə ayəsini yerinə yetirərkən niyyət etmək lazımdır. Amma onun icrasını təkbirlə (Allahu əkbər ilə) başlamağa, həmçinin təşəhhüd və salamları deməyə ehtiyac yoxdur. Bəli, səcdədən qalxan zaman təkbir demək müstəhəbdir və hətta, həmin təkbiri tərk etməmək ehtiyat müstəhəbdir. Səcdənin icrasında kiçik və böyük hədəsdən pak olmaq, üzü qibləyə oturmaq, səcdə yerinin və libasın pak olması şərt deyil. Hətta səcdə ayəsini qəsb olunmuş libasla icra etmək düzgündür. Amma səcdənin icra ediləcəyi məkan və alının qoyulduğu yer və onun hökmündə olan hər bir şey, vacib ehtiyata əsasən, mübah olmalıdır (qəsbi olmamalıdır). Müstəhəb ehtiyata əsasən, səcdəni icra edərkən yeddi səcdə üzvü yerə toxunsun, səcdə olunan yerlə ayağın baş barmaqları  və dizlər arasında dörd bağlı barmaqdan artıq məsafə fərqli olmasın. Namazın səcdəsində deyilməsi vacib olan zikri, səcdə ayəsində söyləmək müstəhəbdir.

Səcdə ayəsində zikr demək müstəhəbdir. Qeyd olunan müstəhəb əməlin yerinə yetməsi üçün istənilən zikri söyləmək kifayətdir. Amma aşağıdakı zikri demək daha yaxşı olar: “Səcədtu ləkə ya Rəbbi təəbbudən və riqqən la mustəkbirən ən ibadətikə və la mustənkifən və la mustə`zimən, bəl ənə əbdun zəlilun xa-ifun mustəcir.” Yaxud bu zikri desin: “La ilahə illəllahu imanən və təsdiqən, la ilahə illəllahu ubudiyyətən və riqqən, səcədtu ləkə ya Rəbbi təəbbudən və riqqən, la mustənkifən və la mustəkbirən bəl ənə əbdun zəlilun zəifun xa-ifun mustəcir.” Yaxud bu zikri desin: “İlahi amənna bima kəfəru, və ərəfna minkə ma ənkəru, və əcəbnakə ila ma də`əu, İlahi fəl-əfvu əl-əfvu.” Yaxud həzrət Peyğəmbərin (s) “Ələq” surəsinin səcdə ayəsində oxuduğu bu zikri desin: “Əuzu birizakə min səxətikə və bimuafatikə ən uqubətikə, əuzu bikə minkə, la uhsiyə səna-un əleykə, əntə kəma əsneytə əla nəfsikə.”

Sual: Səcdə ayəsinin xüsusi zikri varmı?

Cavab: Səcdə ayəsinin icrasında bu zikri söyləmək müstəhəbdir: “La ilahə illəllahu həqqən həqqən, la ilahə illəllahu imanən və təsdiqən, la ilahə illəllahu ubudiyyətən və riqqən.”