İnzibati korrupsiya

Bismillahir-rəhmanir-rəhim.

Ali məqamlı mərceyi-təqlid seyid Sistaninin (kölgəsi əskik olmasın) dəftərxanası

Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh.

Hökümət idarələrinin məmurları arasında misli görünməmiş inzibati korrupsiya yayılmışdır. Bu növ korrupsiya müxtəlif formalarda baş verir:

- Məmur qanunun öhdəliyindən yayınaraq müraciət edən vətəndaşdan müəyyən məbləğ miqdarında pul almadan vəzifəsini icra etmir.

- Vətəndaşın verdiyi rüşvət müqabilində məmur, rəsmi qanunları pozaraq onun xeyirinə qərar çıxarır.

- Tender layihələrinin müqavilələrini yerinə yetirilməsinə tələb olunan məbləğdən daha çox göstərərək həmin məbləğin bir hissəsini onlara verməyə razı olanlarla iş birliyi quraraq əməkdaşlıq edir.

- Bir neçə nəfərdən ibarət məmurun hər hansı bir layihəni yerinə yetirərkən bir-biri ilə iş birliyinə girib külli miqdarda dövlət büddcəsini mənimsəyirlər. Halbuki, onlar yerinə yetirdikləri iş müqabilində dövlətdən məvacib alırlar.

Bundan başqa bir çox korrupsiya halları da var. Bu barədə şəriətin hökmünü bəyan etmənizi xahiş edirik.

Allah-təala mərcəyi-təqlid Seyidimizin ömrünü uzun eləsin! Onu həmişə pənah və müraciət edəcəyimiz yer qərar versin!

Bir qrup məmur

10 Səfər 1426 h.

 

Allahın adı ilə

Məmurların əmək müqaviləsinin tələblərinə uyğun olaraq öhdələrinə düşən vəzifələri yerinə yetirməmələri şəriətə əsasən, haramdır. Həmçinin onların riayət etməsi gərəkən rəsmi qanun və qərarlardan yayınmaları, haramdır. Məmurun qanunu pozaraq müraciət edən vətəndaşdan rüşvət alması, haramdır. Ümumi malı (dövlət büdcəsini) talan etmək, mənimsəmək və ya istənilən qeyri-qanuni yolla istifadə etmək, haramdır. Bu işi edən hər kəs zəmanət və öhdəçilik daşıyır. Allah doğru yola yönəldəndir.

15 səfər 1426 h.

Seyid Sistani cənablarının dəftərxanası

Nəcəf şəhəri.