Meyitin dəfn olunması

Sual: İnsan bədənidən kəsilmiş üzvün hökmü nədir?

Cavab: Əgər həddən artıq kiçik hissə olmasa, basdırılması vacibdir. Sonradan həmin hissəni bədənlə dafn etmək vacib deyil.

Sual: Bir çox cərrahiyyə əmaliyatlarında bağırsağın bir hissəsi, qadının uşaqlığının, öd kisəsinin və ya böyrəklərin amputasiyası (kəsilib götürülməsi), yaxud da bədəndə olan piylərin çıxarılması kimi bədən üzvlərinin müəyyən hissəsi kəsilir. Bəzi hallarda isə əl, ayaq və ya barmaqlar amputasiya olunur (kəsilir). Bu hissələrin kəfənlənib dəfn edilməsi vacibdir, yoxsa kəfənlənmədən basdırılmalıdır?

Cavab: Həmin üzvlərə qüsl verib kəfənləmək vacib deyil. Lakin həmin hissələr basdırılmalıdır. Əgər çox kiçik hissələrdirsə, basdırılması vacib deyil.

Sual: Dəfni tezləşdirmək hökmünə əsasən ölümdən əvvəl qəbir qazmağın hökmü nədir?

Cavab: Bu işin öz-özlüyündə heç bir maneəsi yoxdur. Əgər müsəlmanın dəfn olunmasının tezləşdirilməsinə səbəb olarsa, müstəhəbdir.

Sual: Bir şəxs vəfat etdikdən sonra şəriət qaydasına əsasən qüsl verilib, kəfənlənib və dəfn olunub, lakin məhkəmə ölüm səbəbinin müəyyən olunması üçün ekspertiza aparılması və buna görə də meyitin çıxarılması qərarını verərsə;

1. Bu səbəbə görə meyitin qəbrdən çıxarılması icazəlidirmi?

2. Meyit çıxarıldıqdan sonra yenidən qüsl və vacib ayinlər yerinə yetirilməlidirmi?

Cavab:

1. Məcburiyyət olmadan icazəli deyil.

2. Vacib deyil. Lakin bədəni və ya kəfəni murdara bulaşarsa, murdarın aradan aparılması vacibdir.

Sual: Müsəlman meyitlərinin dəfni üçün qəbristanlığın yol olan yerlərində qəbir qazmaq icazəlidirmi?

Cavab: Başqalarının dəfn olunmasına maneə yaratmasa, icazəlidir.

Sual: Əgər bir şəxs qüslsüz və kəfənsiz dəfn olunarsa, onun qəbrini açıb ayinləri icra etdikdən sonra başqa bir yerdə dəfn olunması icazəlidirmi?

Cavab: Əgər imkan olmasına baxmayaraq meyit qüslsüz və ya kəfənsiz dəfn olunarsa, hörmətsiz olmayacağı halda qəbrinin açılması və bu işlərin yerinə yetirilməsi vacibdir. Əks təqdirdə, bu işin icazəli olması şübhəlidir. Qəbrin açılmasına icazə verildiyi hallarda meyitin başqa bir yerdə dəfn olunmasına da icazə verilir.

Sual: Meyitə qüsl verilib kəfənləndikdən sonra ondan axan qan nəticəsində kəfən murdar olmuşdur. Sonra elə bu vəziyyətdə dəfn olunmuşdur. Kəfəni paklamaq və ya dəyişdirmək üçün qəbrin açılması icazəlidirmi?

Cavab: Əgər hec bir üzür olmadan belə dəfn olunarsa, hörmətsizlik olmadığı təqdirdə qəbrinin açılması, bədənin və ya kəfəninin paklanması vacibdir.

Sual: Ana bətnindən düşmüş uşağı şəriət hökmlərini icra etmək üçün xəstəxanadan götürmək vacibdir, yoxsa orada tərk etmək olar?

Cavab: Uşağın vəlisinə, (ata və ya baba)  vacibdir ki, oradan götürüb  lazımi hökmləri icra etsin.

Sual: İçərisindəki cənazənin tamamilə çürüyüb torpağa qarışdığı məlum olan qəbri dağıtmaq və ya sökmək icazəlidirmi?

Cavab: Əgər hörmətsizlik və başqasının mülkündən icazəsiz istifadə kimi maneə olmasa, icazəlidir.

Sual: Bizim qəsəbədə möminlərin dəfn olunması üçün qəbristanlıq vəqf olunmuşdur.

1. Orada qəbirlərin üstünü tikməyin hökmü nədir?

2. İçərisindəki cənazənin tamamilə torpağa qarışdığı məlum olan qəbri dağıtmaq və ya sökməyin hökmü nədir?

3. Təbii hadisələr nəticəsində dağılmış qəbirlərin yenidən tikilməsinin hökmü nədir?

4. Qəbri tikmədən sadəcə üzərində mərmərdən lövhə düzəldib üzərinə meyitin adı, vəfat tarixi və Qurani-kərimin bəzi ayələrini yazmağın hökmü nədir?

5. Bəzi qəbirlərin yanında meyitə məxsus əşyalar qoyulur və ya qəbrin yanında möhkəm bərkidilir. Məsələn, paltar, qastil, başmaq, su tuluğu, boş güldanlar, fərş, odyal, balıq toru və s. Bu əşyaların bəziləri təzə olur. Lakin zaman keçdikcə bu əşyalar qəbristanlığın çirklənməsinə səbəb olur. Belə əşyaların qəbristanlığa qoyulmasının hökmü nədir? Meyit sahibi olmayan şəxslər tərəfindən və ya qəbristanlığın məsul işçiləri tərəfindən belə əşyaların kənara atılmasının hökmü nədir?

6. Qəbristanlıq işçiləri rahat giriş və çıxış üçün döşəmə keçidlər düzəltmək istəyirlər ki, insanlar qəbirlərin üstü ilə gəzib onları dağıtmasınlar. Bunun hökmü nədir? Qəbristanlıqda gecə dəfn etməyin asanlaşdırılması üçün elektrik dirəkləri bərkidilib işıqlandırılmasının hökmü nədir?

Cavab:

1. Qəbristanlığın vəqf hökmlərinə zidd olmadığı və orada başqalarının dəfn olunmasına maneəçilik yaratmadığı təqdirdə, heç bir maneəsi yoxdur.

2. Əgər hörmətsizlik və başqasının mülkündən icazəsiz istifadə kimi maneə olmazsa, icazəlidir.

3. Peyğəmbərlərin, vəsilərin, salehlərin və alimlərin qəbirləri istisna olmaqla uçub aradan getdikdən sonra qəbirlərin bərpası məkruhdur.

4. Heç bir maneəsi yoxdur.

5. Vəqfin şərtləri ilə ziddiyyət yaratmırsa və ya vəqfə məsul olan şəxsin etirazı olmasa, belə əşyaların ora qoyulması icazəlidir. Həmin əşyaların kənara atılmasının da hökmü buna əsaslanır.

6. Qəbristanlığın işıqlandırılması üçün elektrik dirəklərinin basdırılmasının heç bir maneəsi yoxdur. Döşəmə keçidlərin düzəldilməsinə gəlincə, dəfn işlərinə maneəçilik yaratmırsa və ya dağıdılması icazəli olmayan bir tikilinin dağıdılmasından asılı deyilsə, icazəlidir.

Sual: Bəzi qeyri-müsəlman ölkələrində meyit tabut içərisinə qoyulur, sonra tabutda qəbrin içinə qoyularaq dəfn olunur. Bu kimi hallarda bizim öhdəmizdə vacib olan nədir?

Cavab: Meyiti tabutun içərisində qəbrə qoyub dəfn etməyin heç bir maneəsi yoxdur. Lakin şəriətin (sağ çiyni üstə uzadılması və üzü qiblə istiqamətinə olması kimi) dəfn qaydalaraına riayət olunması vacibdir.

Sual: Qəbrinə üzərinə su səpməyin müstəhəb olması barədə hədis varmı?

Cavab: Qəbrin üzərinə su səpmək müstəhəbdir. Amma bunu dəfndən birbaşa sonra etmək müstəhəbdir. Bəzi fəqihlər bunun 40 gün müstəhəb olduğunu demişlər. Rəca qəsdi ilə bunu etməyin eybi yoxdur.

Sual: Meyitin dəfn olunması qəyyumun meyitin yarılmasına imza atmasından asılı olarsa, bunu etməsi icazəlidirmi?

Cavab: Meyit yarılmadan onu dəfn etməyə izn verməsələr, icazəlidir. Lakin meyitə hörmətsizlik olmayacağı təqdirdə gec dəfn etməklə bu məsələni həll etmək olarsa, onun meyitin yarılmasına icazə verməsinə haqqı yoxdur.

Sual: Əgər zəlzələdən sonra uçulmuş ev altında qalan ailənin meyitlərini çıxarmaq mümkün olmasa, yerinə yetirilməsi vacib olan başqa hər hansı şəriət hökmü varmı?

Cavab: Əgər qəyyumun onları çıxardıb dəfn etməsi həddindən artıq məşəqqətlidirsə, vacib onun öhdəsindən düşər və kifai vacib olaraq başqaları onların cənazələrini çıxartmalı, qüsl verməli, kəfənləməli və dəfn etməlidirlər. Əgər bu, onlar üçün də məşəqqətli olarsa, hökm onların da öhdəsindən düşər.

Sual: Əgər qürbət ölkədə müsəlman meyitinin vəlisi yoxdursa, onun dəfn işləri kimin öhdəsindədir?

Cavab: Əgər icazə almaq üçün meyitin vəlisi ilə əlaqə saxlamaq mümkün olmasa, şəriət hakimi tərəfindən dini işlərin icra olunması üçün təyin olunan şəxs bu işi öhdəsinə götürməlidir. Əgər bu da mümkün olmasa, onun dəfni kifai olaraq müsəlmanalara vacibdir.

Sual: Qəbristanlıqda bəzən qəbir qazarkən insan sümüklrəi üzə çıxır. Həmin sümükləri dəfn etmək vacibdirmi? Sümüklərin kişi və ya qadına məxsus olması məlum olmasa, ona toxunmaq icazəlidirmi?

Cavab: Bəli, dəfn etmək vacibdir. Ehtiyata əsasən, bir parçaya bükülüb sonra dəfn olunsun. Həmin sümüklərə toxunmağın eybi yoxdur və qüslə səbəb olmaz.

Sual: Əgər qiblə istiqamətinə dəfn etmək mirasdan daha çox xərc tələb edərsə, bunun hökmü nədir? Əgər qiblə istiqamətinə dəfn etmək vacibdirsə, artıq məbləğ hardan təmin olunmalıdır?

Cavab: Əgər miras kifayət etməsə, əvvəlcə meyitin vəlisinə sonra isə müsəlmanlara kifai vacibdir ki, həmin məbləği təmin eləsinlər.

Sual: Bətnində müsəlman uşaq olan xristian bir qadın vəfat edərsə ona necə qüsl verilməli, necə və harda dəfn olunmalıdır?

Cavab: Ona qüsl verilməz, sol tərəfi üstə arxası qibləyə elə qoyulmalıdır ki, bətnindəki uşağın üzü qiblə istiqamətində olsun. Sonra mümkün olarsa nə xristian, nə də müsəlman qəbristanlığı olan bir yerdə dəfn olunmalıdır. Əgər mümkün olmasa, müsəlman qəbristanlığında dəfn olunmalıdır.

Sual: Meyiti əmanət olaraq tabutda dəfn edib sonra onun nəşini müqəddəs ziyarətgahlara aparmaq icazəlidirmi?

Cavab: Meyiti sağ tərəfi üzərində, üzü qiblə istiqamətində qəbrə qoymaq kimi şəriət qaydalarına riayət olunaraq tabutda dəfn etməyin öz-özlüyündə heç bir eybi yoxdur. Amma qısa və ya uzun müddətdən sonra vəfat etmiş şəxsin nəşini müqəddəs ziyarətgahlara aparmaq üçün qəbrin açılması bizim nəzərimizdə düzgün deyil. Baxmayaraq ki, iki böyük alim Seyid Möhsin Həkim və Seyid Xoyi (Allah onlara rəhmət eləsin) bunun icazəli olduğuna fətva vermişlər. Bəzi insanların yerinə yetirdikləri əmanət dəfnə gəlincə – belə ki, dəfnin şəriət qaydalarına riayət olunmadan meyitin üzərində məyyən tikili – sərdabə tikilir sonra onu müqəddəs ziyarətgahlara aparırlar – bu icazəli deyil, hətta adı çəkilən iki böyük alimin rəyinə əsasən də icazəli deyil.

Sual: Xristianlar edtiyi kimi müsəlman meyitini tabutda dəfn etmək icazəlidirmi?

Cavab: Meyiti tabutun içərisində qəbrə qoyub dəfn etməyin heç bir eybi yoxdur. Lakin şəriətin dəfn qaydalaraına riayət olunması vacibdir. Həmin qaydalardan biri də meyitin sağ çiyni üstə uzanmış halda üzü qiblə istiqamətinə dəfn olunmasıdır.

Sual: Müsəlman meyitini qeyri-müsəlman qəbristanlığında dəfn etmək icazəlidirmi?

Cavab: Müsəlman meyitini kafirlərin qəbristanlığında dəfn etmək icazəli deyil. Lakin orada müəyyən bir yer müsəlmanlar üçün təyin olunbsa, icazəlidir.

Sual: Meyit dəfn olunduqdan sonra ona kəlimeyi-şəhadəti bir dəfə və ya üç dəfə təlqin etməyin müstəhəb olması sabitdirmi?

Cavab: Fəqihlərin fətvalarında dəfndən sonra təlqin etməyin sayı qeyd olunmamışdır. Lakin fəqihlər dəfndən əvvəl meyit qəbrə qoyularkən üç dəfə təlqin etməyin  müstəhəb olmasını qeyd etmişlər. 

Sual: Arvad vəfat etdikdən sonra ərlə arvadın ailəsi arasında onun harada dəfn olunması barədə mübahisə yaranmışdır. Ər öz yaşadığı ölkədə, arvadın ailəsi isə onu öz ölkələrində dəfn etmək istəyirlər. Bu məsələdə kimin rəyi əsasdır?

Cavab: Ərin rəyinə tabe olunmalıdır.

Sual: Kişinin vəfat etmiş qadının dəfn işlərini yerinə yetirməsi icazəlidirmi?

Cavab: Dəfnin müstəhəb əməllərindəndir ki, qadını qəbrə qoyan kişi onun məhrəmlərindən bir və ya əri olsun. Onlar olmadıqda isə qohumları bu işi yerinə yetirməlidrlər. Qohumlar da olmadıqda yad kişilər etməlidirlər.

Sual: Cəbəl Amil məntəqəsində yerləşən kəndlərin birinin qəbristanlığı artıq dəfn etmək üçün mümkün olmayacağı dərəcədə dolmuşdur. Başqa birini dəfn etmək üçün iki yol vardır:

1) Qəbristanlıqda böyük ərazini əhatə edən bəzi suxur və daşları söküb kənara atmaq.

2) Qəbristanlığın ərazisində kiçik təpələr vardır. Boş yer əldə etmək üçün bu təpələri düzəltmək lazımdır.

Bu işləri yerinə yetirmək icazəlidirmi? Həmçinin oradakı daşları qəbristanlıqdan kənara atmaq icazəlidirmi?

Cavab: Məsul tərəflərlə razılaşdırıldıqdan sonra hər iki vasitədən istifadə etməyin heç bir maneəsi yoxdur.

Sual: Hamilə qadın doğuş əsnasında vəfat edərsə və bətnindəki uşaq da ölərsə, qadın uşaq bətnində olduğu halda dəfn olunmalıdır, yoxsa uşaq çıxarılmalı və tək dəfn olunmalıdır?

Cavab: Uşaq ana bətnindən çıxarılmamalı və o halda dəfn olunmalıdır.

Sual: İki gün bundan əvvəl həyat yoldaşımın bətnindən uşaq düşdü. Biz onun hamilə olduğunu bilmirdik. Bətnindən düşən döl ət parçasından ibarətdir. Həmin ət parçası meyit kimi qüsl verilib dəfn olunmalıdırmı?

Cavab: Xeyir. Sadəcə vacib ehtiyata əsasən, bir parçaya bükülüb dəfn olunmalıdır.