Oruc tutan şəxsə məkruh və müstəhəb olan əməllər

Məsələ 1: Bir neçə əməl oruc tutan şəxsə məkruhdur. Bunlar aşağıdakılardır:

1. Dadı və qoxusu boğaza yetişdiyi təqdirdə gözə dərman tökmək və sürmə çəkmək.

2. Qan almaq və hamama getmək kimi orqanizmin zəifləməsinə səbəb olan hər bir əməl.

3. Buruna dərman tökmək, əgər boğazına çatmasını bilməsə; amma boğazına çatacağını bilsə, bu əməl caiz deyildir.

4. Ətirli bitkiləri iyləmək.

5. Qadının suda oturması.

6. Fitil (Şam) işlətmək.

7. Bədəndə olan paltarı islatmaq.

8. Diş çəkdirmək və ağızdan qan gəlməyə səbəb olan hər hansı bir işi görmək.

9. Yaş çöplə dişləri fırçalamaq.

10. Lüzumsuz olaraq ağıza su və ya bu kimi maye almaq.

Həmçinin insanın spermanın gəlməsi məqsədi olmadan öz arvadını öpməsi və ya şəhvətini təhrik edən hər hansı bir iş görməsi məkruhdur.

Məsələ 2: Beş nəfərin Ramazan ayında oruc tutmasalar da, orucu batil edən əməllərdən çəkinməsi müstəhəbdir:

1. Səfərdə orucu batil edən əməllərdən edib zöhrdən əvvəl vətəninə yaxud on gün qalmaq istədiyi yerə çatan müsafir.

2. Zöhrdən sonra vətəninə yaxud on gün qalmaq istədiyi bir yerə çatan müsafir.

3. Zöhrdən sonra sağalan xəstə və həmçinin zöhrdən əvvəl sağalan və orucu batil edən bir iş görən şəxs; amma orucu batil edən bir iş görməyibsə, vacib ehtiyata əsasən, oruc tutmalıdır.

4. Gün ərzində heyz və nifas qanından pak olan qadın.

5. Əvvəlcə orucu batil edən bir iş göüb, sonra müsəlman olan kafir.

Məsələ 3: Oruc tutan şəxsin şam və xiftən namazlarını iftardan əvvəl qılması müstəhəbdir. Amma bir şəxs onu gözləyərsə və ya yeməyə meyli çox olduğundan son dərəcə diqqətlə namaz qıla bilmirsə, yaxşı olar ki, əvvəlcə iftar etsin. Ancaq mümkün qədər namazı fəzilətli vaxtında qılsın.