Orucu batil edən əməllər: Allah və Peyğəmbər(s) adından yalan demək

Məsələ 1: Oruc tutan şəxs danışmaq, yazmaq, işarə etmək və bu kimi hər hansı bir yolla Allah, Peyğəmbər(s) və on iki imamlardan(ə) birinin adından bilərəkdən yalan desə, hətta sonra dərhal “yalan dedim”-deyərək tövbə etsə belə, vacib ehtiyata əsasən, orucu batildir. Həmçinin xanım Fatimeyi-Zəhra(ə), digər peyğəmbərlər(ə) və onların vəsiləri(ə) adından da yalan demək müstəhəb ehtiyata əsasən, həmin hökmü daşıyır.

Məsələ 2: Əgər bir şəxs doğru və ya yalan olduğunu bilmədiyi və “hüccət” olmasına dəlil olmayan bir rəvayəti nəql etmək istəsə, vacib ehtiyata əsasən, onu elə nəql etsin ki, Peyğəmbər(s)-ə və imamlara(ə) nisbət verməsin.

Məsələ 3: Əgər doğru olmasına etiqad etdiyi bir şeyi Allah, ya Peyğəmbər(s) adından nəql etsə və sonra yalan olduğunu anlasa, orucu batil olmaz.

Məsələ 4: Əgər bir şeyin yalan olduğunu bilərək, onu Allaha və Peyğəmbər(s)-ə nisbət versə və sonra dediyinin düzgün olduğunu başa düşsə, bu halda əgər bu işin orucu batil etdiyini bilirmişsə, vacib ehtiyata əsasən, orucu tamamlamalı və qəzasını da tutmalıdır.

Məsələ 5: Əgər başqasının uydurduğu yalanı bilərəkdən Allaha, Peyğəbər(s)-ə və onun canişinlərinə(ə) nisbət versə, vacib ehtiyata əsasən, orucu batil olur. Amma yalanı uyduran şəxsin adından nəql etsə, eybi yoxdur.

Məsələ 6: Əgər oruc tutandan “Peyğəmbər(s) belə buyurubmu?”-deyə soruşsalar, “yox” əvəzinə bilərəkdən “bəli” desə, yaxud “bəli” əvəzinə bilərəkdən “yox” desə, vacib ehtiyata əsasən, orucu batil olur.

Məsələ 7: Əgər Allahın və Peyğəmbər(s)-in adından düz söz deyib, sonra “yalan demişəm”-desə, və ya gecə onların adından bir yalan deyib, ertəsi gün oruc halında “dünən dediyim söz doğrudur”-desə, ehtiyata əsasən, orucu batil olur. Amma məqsədi verdiyi xəbərin təfsilatını bəyan etməkdirsə, orucu batil olmur.