Orucun niyyəti

Məsələ 1: İnsanın orucun niyyətini qəlbindən keçirməsi və ya məsələn, “sabah oruc tutacağam”-deyərək, niyyət etməsi lazım deyildir. Sadəcə olaraq Allah-təalaya bəndəlik və Onun əmrinə itaət etmək məqsədilə sübh azanından şam azanına qədər orucu batil edən işlərdən özünü qorusa, kifayətdir. Bu müddət ərzində oruc olduğuna yəqin etmək üçün sübh azanından bir az əvvəl və şam azanından bir az sonraya qədər orucu batil edən əməllərdən özünü saxlamalıdır.

Məsələ 2: İnsan Ramazan ayının hər gecəsi sabahkı günün orucunu niyyət edə bilər.

Məsələ 3: Agah şəxs üçün Ramazan ayının orucunun son niyyət vaxtı sübh azanı vaxtıdır. Belə ki, vacib ehtiyata əsasən, sübh vaxtı oruc niyyəti ilə yanaşı orucu batil edən əməllərdən, hətta ürəyindən keçirmiş olsa belə, çəkinməlidir.

Məsələ 4: Orucu batil edən əməlləri görməyən şəxs şam azanına vaxt az qalmış olsa belə, günün hər hansı vaxtında müstəhəb orucu niyyəti edərsə, orucu düzgündür.

Məsələ 5: Ramazan ayının orucunda və həmçinin vaxtı müəyyən olan vacib orucda sübh azanından əvvəl oruc niyyəti etmədən yatan şəxs günortadan əvvəl oyanıb niyyət etsə, orucu düzgündür. Amma zöhrdən sonra yuxudan oyanarsa, ehtiyata əsasən, “mütləq qürbət” niyyəti ilə günün qalanını orucu batil edən əməllərdən çəkinməli və həmin günün orucunu da qəza etməlidir.

Məsələ 6: Qəza və ya kəffarə orucu tutmaq istəyən şəxs onu niyyətində müəyyən etməlidir. Məsələn, “qəza orucu və ya kəffarə orucunu tuturam”-deyə niyyət etməlidir. Amma Ramazan ayında “Ramazan ayının orucunu tuturam”-deyə, niyyət etməsi lazım deyildir. Hətta Ramazan ayı olduğunu bilməsə və ya unudub başqa bir oruc niyyəti etsə, onun orucu Ramazan ayının orucundan hesab edilir. Nəzir və bu kimi oruclarda nəzir niyyəti lazım deyildir.

Məsələ 7: Əgər Ramazan ayının olduğunu bilsə və qəsdən Ramazan ayından başqa bir orucun niyyətini etsə, niyyət etdiyi oruc hesaba alınmaz və həmçinin Ramazan ayının orucu da sayılmaz. Əgər həmin niyyət “qürbət” niyyəti ilə zidd olsa, hətta ziddiyyətli olmasa belə, ehtiyata əsasən, Ramazan ayının orucu hesab olunmaz.

Məsələ 8: Əgər məsələn, ayın birinci gününün niyyəti ilə oruc tutsa, sonra ayın ikinci yaxud üçüncü günü olduğunu başa düşsə, orucu düzgündür.

Məsələ 9: Əgər sübh azanından əvvəl niyyət etdikdən sonra huşsuz olsa və gün ərzində özünə gəlsə, vacib ehtiyata əsasən, həmin günün orucunu tamamlamalı və əgər tamamlamasa, onun qəzasını yerinə yetirməlidir.

Məsələ 10: Əgər sübh azanından əvvəl, niyyət etdikdən sonra məst olarsa və həmin günün ortasında ayılarsa, vacib ehtiyata əsasən, həmin günün orucunu tamamlamalı və qəzasını da yerinə yetirməlidir.

Məsələ 11: Əgər sübh azanından əvvəl niyyət edib yatsa və şamdan sonra ayılsa, orucu düzgündür.

Məsələ 12: Ramazan ayı olduğunu bilməsə və ya unutsa, belə ki, zöhrdən əvvəl Ramazan ayı olduğunu bilsə, əgər orucu batil edən bir iş görmüşdürsə, orucu batildir. Amma şam azanına qədər orucu batil edən əməllərdən çəkinməli və Ramazan ayından sonra da, həmin günün orucunu qəza etməlidir. Əgər günortadan sonra Ramazan ayı olduğunu anlasa, vacib ehtiyata əsasən, “rəca” məqsədi ilə oruc niyyəti etməli, Ramazan ayından sonra da qəzasını tutmalıdır. Amma zöhrdən əvvəl anlasa və orucu batil edən bir əməl görməsə, oruc niyyəti etməlidir və orucu da düzgündür.

Məsələ 13: Əgər uşaq Ramazan ayında sübh azanından əvvəl yetkinlik yaşına (həddi büluğa) çatsa, oruc tutmalıdır. Əgər azandan sonra yetkinlik yaşına çatsa, həmin günün orucu vacib deyildir. Amma müstəhəb orucu niyyəti etsə, müstəhəb ehtiyata əsasən, onu tamamlasın.

Məsələ 14: Meyitin orucunu tutmaq üçün əcir olan və ya üzərində kəffarə orucu olan şəxs müstəhəb oruc tutsa, eybi yoxdur. Amma üzərində Ramazan ayının qəza orucu olan şəxs müstəhəb oruc tuta bilməz. Əgər unutqanlıq üzündən müstəhəb oruc niyyəti etsə və zöhrdən əvvəl xatırlasa, müstəhəb orucu pozulsa da, niyyətini qəza orucuna çevirə bilər. Amma zöhrdən sonra agah olsa, ehtiyata əsasən, orucu batildir. Əgər şam azanından sonra xatırlasa orucu düzgündür.

Məsələ 15: Əgər insana Ramazan ayının orucundan başqa, müəyyən bir oruc vacib olsa, məsələn, müəyyən bir günü oruc tutmasına dair nəzir etsə, əgər sübh azanına kimi qəsdən niyyət etməsə, orucu batildir. Əgər həmin günün orucunun ona vacib olduğunu bilməsə ya unudsa və zöhrdən əvvəl yadına düşsə, orucu batil edən bir əməl etməmişsə, niyyət etsə, orucu düzgündür. Əgər zöhrdən sonra yadına düşsə, Ramazan ayının orucunda deyilən ehtiyata riayət etməlidir.

Məsələ 16: Əgər vacib olan, lakin günü müəyyən olmayan oruc üçün – kəffarə orucu kimi – qəsdən zöhrə yaxınlaşana qədər niyyət etməsə, eybi yoxdur. Hətta niyyətdən əvvəl oruc tutmamaq qərarına gəlsə yaxud oruc tutub-tutmamaqda tərəddüd etsə, əgər orucu batil edən əməllərdən etməmişsə və zöhrdən əvvəl niyyət etsə, orucu düzgündür.

Məsələ 17: Əgər kafir Ramazan ayında, zöhrdən əvvəl müsəlman olsa və sübh azanından həmin vaxta kimi orucu batil edən bir əməl etməyibsə, vacib ehtiyata əsasən, “ma fiz-zimmə” (üzərində olan oruc) niyyəti ilə günün sonuna qədər özünü orucu batil edən əməllərdən saxlamalıdır. Əgər belə etməsə, qəzasını yerinə yetirməlidir.

Məsələ 18: Əgər bir şəxs Ramazan ayının günü zöhrdən əvvəl sağalsa və həmin vaxta qədər orucu batil edən bir şey etməmişsə, vacib ehtiyata əsasən, oruc niyyəti edib həmin günün orucunu tutmalıdır. Amma zöhrdən sonra sağalsa, həmin günün orucu ona vacib deyildir və sonradan qəzasını yerini yetirməlidir.

Məsələ 19: İnsan Şaban ayının sonuncu, Ramazan ayının isə birinci günü olduğunda şəkk etsə, həmin günü oruc tutması vacib deyildir. Əgər oruc tutmaq istəsə, Ramazan ayı orucunun niyyətini edə bilməz. Amma “Ramazan ayıdırsa, Ramazan ayının orucu və Ramazan ayı deyilsə, qəza və bu kimi oruclardan sayılsın!”-deyə niyyət etsə, orucunun düzgün olması uzaq nəzər deyil, amma yaxşı olar ki, qəza və bu kimi oruc niyyəti etsin. Əgər sonradan Ramazan ayı olduğu məlum olsa, Ramazan ayından hesab olunar. Əgər mütləq oruc niyyəti etsə və sonradan Ramazan ayı olduğu məlum olsa, yenə də kifayət edər.

Məsələ 20: Əgər insan Şaban ayının sonuncu, Ramazan ayının isə birinci günü olduğunda şəkk etsə və həmin günü qəza, müstəhəb və bu kimi oruc niyyəti ilə oruc tutsa və gün ərzində Ramazan ayı olduğunu anlasa, Ramazan ayının orucu üçün niyyət etməlidir.

Məsələ 21: Əgər Ramazan ayının orucu kimi müəyyən olan vacib bir orucda “orucumu batil edim, yoxsa etməyim?”-deyə tərəddüd etsə və yaxud orucunu batil etmək qərarına gəlsə, əgər yenidən oruc niyyəti etməsə, orucu batildir. Əgər yenidən oruc niyyəti etsə, vacib ehtiyata əsasən, həmin günün orucunu tamamlamalı və sonradan da qəzasını tutmalıdır.

Məsələ 22: Müstəhəb olan və ya kəffarə orucu kimi vaxtı müəyyən olmayan vacib bir orucda, əgər orucu batil edən bir əməl etmək niyyətində olarsa və ya belə bir əməli edib-etməmək barədə tərəddüdə düşərsə, əgər həmin əməli etməyibsə və vacib orucda zöhrdən əvvəl və müstəhəb orucda isə şam azanından əvvəl yenidən oruc niyyəti edərsə, orucu düzgündür.