Silahla ov etməyin hökmləri

Məsələ 1: Əti halal olan vəhşi heyvanı silah ilə ovlanmasının aşağıdakı şərtləri var:

1. Ov aləti bıçaq və qılınc kimi kəsici yaxud nizə və ox kimi deşici olmalıdır ki, heyvanın bədənini parçalasın. İstər ov alətinin ucunda ox kimi dəmir və ya başqa metaldan ucluq (süngü) olsun, istərsə də özü deşici alət kimi hazırlansın. Lakin silahın süngüsü olmasa, halal olmasının şərti budur ki, heyvanın bədənini yaralasın və parçalasın. Əgər heyvana dəyərək onu öldürərsə, əti halal olmaz. Lakin ov alətinin ucunda süngüsü olarsa, qeyd olunan şərt əsas deyil və heyvanı yaralamadan belə, öldürərəsə ətinin yeyilməsi halaldır. Əgər daş, dəyənək, tor, tələ və ya bu kimi kəsici və deşici olmayan vasitə ilə heyvan ovlanarsa və həmin heyvan ölərsə, onun ətinin yeyilməsi haramdır və murdar hökmündədir. Əgər bir heyvanı tüfəng ilə ovlasalar, güllə heyvanın bədəninə daxil olaraq onu parçalayarsa, pak və halaldır. Amma belə olmasa, məsələn, güllə heyvanın bədəninə olan təzyiqi və ya yandırıcı istiliyi nəticəsində onu öldürərsə, vacib ehtiyata əsasən, ətinin yeyilməsi halal və pak olmaz.

2. Ov edən şəxs müsəlman və ya yaxşını pisdən ayırd etmək iqtidarında olan uşaq (müsəlman uşağı) olsun. Kafir və İslama mənsub olduğu halda əhli-beytə (ə) düşmənçilik etdiyi üçün kafir hökmünü daşıyan nasibinin ovladığı heyvan ətinin heyvan kəsməyin hökmlərində qeyd olunduğu kimi, yeyilməsi halal deyil.

3. Silah heyvan ovlamaq məqsədi üçün işlədilməlidir. Əgər hər hansı bir hədəfi, düşməni, donuzu və ya qoyunu nişan alaraq silahı işlədərsə, lakin təsadüfən bir ceyrana dəyib onu qətlə yetirərsə, onun əti halal olmaz.

4. Silahı işlədən vaxt Allahın adı çəkilməlidir. Əgər hədəfə dəyməzdən əvvəl Allahın adını çəkərsə, yetərli olması güclü rəydir. Amma qəsdən Allahın adını çəkməzsə, ov halal olmaz. Unudaraq bu şərtə əməl etməməyin eybi yoxdur.

5. Ovladığı heyvana çatanda ölmüş olmalı və ya diri olarsa, başını kəsəcək qədər vaxt yetərli olmamalıdır. Əgər başını kəsəcək qədər vaxtı olduğu halda, heyvanın başını kəsməsə və heyvan ölərsə, onun ətinin yeyilməsi haramdır.

Məsələ 2: Əgər iki nəfər bir heyvan ovlasalar, onlardan biri yuxarıda qeyd olunan  şərtlərə əməl edə, amma o biri əməl etməsə, məsələn, ikisindən biri Allahın adını çəksə, o biri isə qəsdən Allahın adını çəkməsə, o heyvan ətinin yeyilməsi halal deyil.

Məsələ 3:  Ov heyvanın halal olması üçün ov alətinin müstəqil surətdə onu öldürməsi şərtdir. Əgər heyvanın ölümündə başqa səbəb də olsa, məsələn, güllə ilə heyvanı vurduqdan sonra suya düşərsə və onun ölməsi hər iki səbəbə istinad edərsə, ətinin yeyilməsi halal deyil. Həmçinin heyvanın ölümünə səbəb güllə olmasında şəkk edərsə,  ətinin yeyilməsi halal deyil.

Məsələ 4: Ov alətinin mubah olması şərtdir. Əgər bir şəxs qəsbi it və ya silah ilə heyvan ovlayarsa, ov halaldır. Bu zaman ov, it və silah sahibinin deyil, ovçunun mülkiyyəti hesab olunur, lakin ovçu günah etmişdir. Ovçunun silah və ya itin əsil sahibinə muzd verməsi vacibdir.

Məsələ 5: Əgər qılınc kimi ov aləti heyvanın qol və ayağı kimi üzvlərindən birini bədənindən ayırarsa, həmin üzv murdardır və yeyilməsi haram olar. Amma  göstərilən şərtlərə uyğun olaraq həmin heyvanın başını kəsərlərsə, onun bədəninin yerdə qalan hissəsinin yeyilməsi halaldır. Əgər ov aləti heyvanın bədənini iki bərabər hissəyə bölərsə, insan heyvan öləndən sonra çatarsa və ya diri çatdığı təqdirdə başını kəsmək üçün vaxt kifayət etməsə, qeyd olunan digər şərtlər əsasında hər iki hissənin yeyilməsi halaldır. Əgər ovçu heyvanın yanına gəlib çıxanda heyvan hələ sağ olarsa və başını kəsmək üçün kifayət qədər vaxt varsa, baş və boyun olmayan hissə haramdır, baş və boyun üzərində olan hissə isə şəriətdə göstərilən qaydalara uyğun olaraq kəsilərsə, pak və halaldır.

Məsələ 6: Əgər ağac, daş və ya ov ediməsi halal olmayan başqa şeylə bir heyvanı iki yerə bölsələr, baş və boynu olmayan tərəf haramdır. Baş və boynu olan tərəf isə diri olarsa və başını kəsmək üçün kifayət qədər vaxt varsa, baş və boyun üzərində olan hissə şəriətdə göstərilən qaydalara uyğun olaraq kəsildiyi təqdirdə, pak və halaldır. Əks təqdirdə, həmin hissə də haramdır.

Məsələ 7: Ovlanmış və ya kəsilmiş heyvanın qarnından balası diri çıxarsa – istər başını kəsmək üçün vaxt kifayət etsin, istərsə də etməsin – şəriət qaydalarına uyğun olaraq başı kəsilərsə halaldır, əks təqdirdə isə haramdır.

Məsələ 8: Ovlanmış və ya kəsilmiş heyvanın qarnından ölü halda çıxan bala, halaldır. Bu şərtlə ki, anası öldürülməzdən əvvəl diri olsun və anasının qarnından gec çıxarıldığı üçün ölməsin, bədən üzvləri tam formalaşsın, tük və ya yunu çıxsın.