Vacib qüsüllər

Sual: Vacib qüsüllər hansılarıdır?

Cavab: Vacib qüsüllər yeddi ədəddir; cənabət, meyit, məssi-meyyit (ölüyə toxunma), heyz, istihazə, nifas, nəzir və ya  bu kimi səbəblərə görə vacib olan qüsl.

Sual:  Cənabət qüslü hansı hallarda vacib olur?

Cavab: Cənabət qüslü iki halda vacib olur.

1) Adəti üzrə mütləq halda spermanın xaric olması. Həmçinin alətdən deyil, başqa bir yerdən təbii yolla sperma xaric olarsa, hökm eynidir. Lakin təbii yolla çıxmasa, ehtiyata əsasən, dəstəmazsız olduğu halda həm qüsl, həm də dəstəmaz almalıdır. Zahirə əsasən, istibradan əvvəl xaric olan sidik və ya sperma olması bilinməyən maye sperma hökmündədir. Amma başqa hallarda xaric olan və nə olduğu bilinməyən maye üç xüsusiyyəti özündə ehtiva edərsə - ehtiras, sıçrayış, süstlük – sperma hökmündədir. Əks halda isə onun sperma olmasına hökm edilməz. Qadına gəlincə, ondan qeyd edilən formada sperma xaric olmasa da, (ehtiras anında) ondan ifraz olunan maye - bu, adətən baş vermir, yalnız cinsi ehtirasın ən şiddətli anında olur - sperma  hökmündədir. Lakin övrətdən kənara ifraz olunmayan və azacıq ehtiras yarandıqda gələn maye  heç nəyi (qüsl və ya dəstəmazı) vacib etməz.

2) Sperma ifraz olunmasa da qadınla ön və ya arxa tərəfdən cinsi əlaqədə olmaq. Bu halda kişi və qadının hər ikisinə cənabət qüslü vacib olur. Ehtiyat vacibə əsasən, qadından başqası ilə cinsi əlaqədə olduqda hər iki tərəf kiçik hədəs (mənəvi murdarlıq, yəni dəstəmazı pozan hallardan biri baş veribsə) edibsə həm qüsl, həm də dəstəmaz almalıdırlar. Əks təqdirdə (yəni əvvəlcədən dəstəmazı pozacaq bir iş etməyiblərsə), qüsl yerinə yetirmək kifayət edər.