Valideynə itaətsizlik

Sual: Xahiş edirik, övladlarımıza valideynə itaətsizlik mövzusunda öyüd-nəsihət verəsiniz.

Cavab: Qohumluq əlaqələrini kəsməyin ən şiddətli forması, valideynə itaətsizlik etməkdir. Allah təala onlara yaxşılıq və ehsan etməyi tövsiyə edir. (“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!”) İsra-23

İmam Əli (ə) buyurub: “İtaətsizliyin ən azı ufdur (“uf”-deməkdir). Əgər Allah təala ondan (“uf” sözündən) daha yüngülünü bilsəydi, ondan çəkindirərdi.” İmam Məhəmmd Baqir (ə) buyurur: “Atam (ə) oğlu ilə yol gedən bir kişini gördü. Oğul atanın dirsəyinə söykənmişdi. Atam (ə) dünyasını dəyişənə qədər (onun bu əməli) xoşuna gəlmədiyi üçün onunla danışmadı.”

İmam Cəfər Sadiq (ə) buyurub: “Kim valideynlərinə, hətta ona zülm etmiş olsalar belə, nifrətlə baxarsa, Allah onun namazını qəbul etməz.” Bu qəbildən olan hədislər çoxdur. “Valideynlərə itaətsizlik etmək” əməlinin əksi, onlara yaxşılıq etməkdir. Allah təala Quran-kərimdə buyurur: “Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de.” İsra 24

İbrahim ibn Şueyb nəql edərək deyir: “İmam Cəfər Sadiqə (ə) dedim: “Atam lap qocalıb əldən düşüb. Bir istəyi olduqda, biz onu aparırıq.” İmam (ə) buyurdu: “Əgər ona qayğı göstərə bilirsənsə, bunu et və onu öz əllərinlə yedir. Həqiqətən də, bu (əməl) sənin üçün sabah (Cəhənnəm odundan qoruyan) bir sipərdir.” Hədislər anaya, atadan əvvəl yaxşılıq etməyi təkidlə vurğulayır. İmam Cəfər Sadiqdən (ə) nəql olunan bir hədisdə deyilir: “Bir kişi Peyğəmbərin (s) yanına gəlib dedi: “Ey Allahın peyğəmbəri, kimə yaxşılıq edim?” Peyğəmbər (s) buyurdu: “Anana.” Kişi dedi: “Sonra kimə?” Peyğəmbər (s) buyurdu: “Anana.” Kişi soruşdu: “Sonra kimə?” Peyğəmbər (s) buyurdu: “Anana.” Kişi yenə soruşdu: “Sonra kimə?” Peyğəmbər (s) buyurdu: “Atana.”