admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Sual: Mömin şəxsin bildiyi halda, malının az bir hissəsi haramla qarışarsa, bunun hökmü nədir?

Cavab: Əgər haram malın miqdarını bilirsə, lakin sahibinin kim olduğunu bilmirsə, həmin miqdarda sahibinin adından sədəqə çıxarmalıdır.

Sual: Bir şəxs yerə düşmüş müəyyən məbləğdə pul tapmış və həmin malı götürüb xərcləmişdir. Onun olmayan malın öhdəsində olan haqqını ödəmək üçün nə etməlidir?

Cavab: Əgər malın sahibini tanımaq üçün hər hasnı əlaməti yoxdursa, onu mülkiyyətinə keçirə bilər. Əks təqdirdə, vacib ehtiyata əsasən, onun miqdarında sədəqə verməlidir.

Sual: Həcc və ümrə vaxtı namaz qılanların və təvaf edənlərin başmaqları bir-birinə elə qarışır ki, bir-birindən seçə bilmirik və yaxud hərəmin təmizlik işçiləri onları kənara atdığı üçün qarışıır. Belə olan halda hər hansı bir başmağı geyinməyə icazə verirsinizmi? Onsuz da sonda həmin başmaqlar atılır.

Cavab: Əgər sahibinin ondan imtina etdiyinə əmin olarsa, götürmək icazəlidir. Həmçinin onu tapacağına əmindirsə belə etməlidir. Yalnız bu halda əgər başmağın dəyəri varsa, onun dəyərində sədəqə verməlidir.

Sual: “Rəddul-məzalim” (öhdədə qalması ehtimal oluna biləcək haqlar) üçün bir şəxsə illik xərclərindən artıq bir dəfəyə sədəqə vermək olarmı?

Cavab: Bu işin düzgün olması şübhəlidir. Ehtiyat tərk olunmamalıdır.

Sual: Sahibi məlum olmayan məbləği mömin fəqirlərə və onların yetimlərinə sərf etməyimizə icazə verirsinizmi? Həmçinin sahibi məlum olmayan pulları mömin fəqirlərə və onların yetimlərinə yardım edən, onlar üçün sığınacaq tikmək, müalicə olunmaları üçün xəstəxana inşa etmək, təhsil almaları üçün məktəb tikmək kimi xeyriyyəçiliklə məşğul olan cəmiyyətlərə sərf etməyəimizə icazə verirsinizmi?

Cavab: Sahibi məchul olan mal yalnız fəqirlərə sərf olunmalıdır. Onu xeyriyyə işlərinə sərf etmək olmaz. İxtiyarınızda olan belə malı sədəqə verə bilərsiniz. 

Sual: “Məzalimul-ibad” ilə “sahibi məchul olan mal” arasında nə fərq var? Onlar hökmdə bir-birindən fərqlidirmi?

Cavab:  “Məzalimul-ibad” məlum olmayan insanların haqlarının öhdədə olmasıdır. “Sahibi məchul olan mal” isə müəyyən məchul bir şəxsə aiddir. Haq sahibini tapmaqdan ümidsiz olduqdan sonra sədəqə verilməsi baxımından hər ikisinin hökmü eynidir.

Sual: Bir nəfərə atasından miras olaraq ev qalmışdır. O, evin əvvəlki sahiblərini tanımır. Sonra varislərin payını bir şəxs satın almış və basdırılmış bir küp qızıl tapmışdır. Bunun hökmü nədir? Həmin xəzinə sahibi məchul olan əmlak sayılırmı və xümsünü verdikdən sonra yerdə qalan ona məxsus olurmu? Bu tapıntıda onunla yanaşı varislərin də haqqı varmı?

Cavab: Xəzinənin evə aid olması və onun mülkiyyətində olmasına görə xəzinənin vəfat edən ataya məxsus olduğu ehtimal edilərsə, mərhumun digər əmlakının hökmünü daşıyır. Bundan başqa halda isə qeyd etdiyimiz iki şərtə əsasən – xəzinənin onun olması ehtimalı və onun mülkiyyətində olmasını dəqiqləşdirdikdən sonra evin əvvəlki sahibi araşdırılmalı və ondan soruşulmalıdır. Əgər ona məxsus olduğunu iddia edərsə, ona verilməlidir. Əgər onun olmasını inkar edərsə, evin daha əvvəlki sahibi araşdırılmalıdır. Bu cür davam etdirilməlidri. Əgər hamısı xəzinənin onlara məxsus olduğunu inkar edərlərsə, “Minhacus-salihin” kitabı 1-ci cild, 1115-ci məsələdə qeyd olunan hökm icra edilməlidir. 

Sual: Cənabınız tərəfindən bütün müqəllidləriniz üçün sahibi məchul olan malı almaq barədə ümumi və ya belə bir tələbdə olana xüsusi icazə verilibmi?

Cavab: Mömin qardaşlarımıza – Allah-taala onları razı olduğu işlərdə müvəffəq etsin! – icazə vermişik ki,  hökumət və qeyri-hökumət müəssisələrindən qanuni yollarla aldıqlarını onlara sədəqə vermək məqsədilə fəqir vəkillərimizə verib sonra onlardan alsınlar və öz mülkiyyətlərinə çevirsinlər. Bu aldıqları məvacibin hökmüdür. Amma banklar və bu kimi yollarla əldə olunan mənfəətə gəlincə, yarısını sədəqə niyyəti ilə fəqir möminlərə vermək şərtilə qeyd etdiyimiz yolla digər yarısını mülkiyyətlərinə aid etmələrinə icazə vermişik.

Sual: Xüsusi hökümət orqanlarından sahibi məchul olan torpaq əraziləri almaq və ya icarəyə götürmək icazəlidirmi?

Cavab: Sahibi məchul olan torpaq ərazilərinin hökmü digər sahibi məchul olan əmlakların hökmü kimidir. Sahibini axtarmaq, tapdıqda isə onu razı salmaq vacibdir. Əgər onu tapacağından ümidsiz olarsa, oradan istifadənin düzgünlüyü üçün şəriət hakiminə və ya onun vəkilinə müraciət etmək vacibdir.

Sual: Bizim dəmir və işlənmiş taxtaların satışı obyektimiz var. Tanımadığımız şəxslərdən böyük həcmdə taxta və dəmir alırıq. Bilirik ki, aldıqlarımızın sahibi məchul şəxsdir. Bunları almaq və alış-verişini etmək icazəlidirmi?

Cavab:  Ehtiyata əsasən, şəriət hakimindən icazə almaqla yanaşı dəyərini sədəqə olaraq vermək məqsədi olmadan heç kimin sahibi məchul olan əmlakı satmağa haqqı yoxdur. 

Sual: Bizə sahibi məchul olan bəzi yerlərdə telefondan istifadə etmək, sənədlərin surətini çıxarmaq kimi  işləri görmək və istifadə etmək xüsusunda icazə verirsinizmi?

Cavab: İslam ölkələrində hökumətin malından qanunsuz yolla şəxsi maraq üçün hər hansı növ istifadəyə icazə vermirik.  

Sual: Sahibi məchul olan malın sahibini axtardıqdan və tapılmasından ümidsiz olduqdan  sonra sədəqə verilmiş, lakin sahibi ortaya çıxmışdır. Bu halda hökm nədir?

Cavab: Əgər sədəqə verilməsinə razı olmasa və malının əvəzini tələb edərsə, vacib ehtiyata əsasən, ona malının əvəzi verilməlidir. 

Sual: Rejim süquta uğradıqdan sonra (söhbət İraq Respublikasından gedir) zalimlərin birinin evindən qızıl zinət əşyaları götürdüm. Maddi imkansızlıq üzündən məişət problemlərimizin həlli üçün onu sərf etdik. Bunun hökmü nədir?

Cavab: Xüsusi mülkiyyətə məxsus olan mallar sahibinə qaytarılmalıdır. Tələf olduqda isə onun əvəzinin qaytarılması vacibdir. Ümumi mülkiyyətə gəlincə isə, onu və ya dəyərini fəqir möminlərə sədəqə olaraq vermək lazımdır. 

Sual: Sahibi məchul olan, bilinməyən torpaq ərazisi vardı. Bir nəfər möminlərdən birinə müəyyən məbləğ müqabilində həmin topağı onun adına qeydiyyatdan keçirəcəyini dedi. Bu, icazəlidirmi?

Cavab: Əgər həmin torpaq ərazisi  sahibinin əhəmiyyət verməyəcəyi və abadlaşdırılması nəzərdə tutulmayan növdəndirsə, vacib ehtiyata əsasən, əvvəlcə sahibi axtarılmalıdır. Onu tapılmasından ümidsiz olduqdan sonra həmin torpaq ərazisini şəriət hakimindən (bütün şərtləri özündə cəm edən müctəhiddən) satın almalı və fəqirlərə paylaması üçün qiymətini ona verməli, yaxud onun icazəsi ilə özü fəqirlərə paylamalıdır.

Sual: Bir şəxs (iş yenrində verilən) nahar payını qeyri-qanuni olaraq götürüb satmışdır. O, nahar payının həqiqi qiymətində olan məbləği, yoxsa satdığı məbləğin dəyərində sədəqə verməlidir?

Cavab: Onun qiymətində olan məbləği şəriət baxımından müstəhəq (haqqı çatan) fəqirlərə sədəqə olaraq verməlidir.

Sual: Malı haram mal ilə qarışan və bunu bilən möminin hökmü nədir?

Cavab: Əgər haramın miqdarını bilərsə, lakin sahibini tanımırsa, həmin miqdarı onun adından sədəqə olaraq verməlidir.

Sual: Xüsusi torpaq mülkiyyəti olan müsalman şəxsin həmin torpaqda olan neft, qızıl və bu kimi insanların arasında bərabər bölünən və ümumi mülkiyyət hesab olunan yeraltı sərvətlərə mülkiyyət haqqı varmı?

Cavab: Yeraltı mədənlər torpaq sahəsinin mülkiyyətinə aid deyil və torpağın abadlaşdırılması  ilə mülkiyyətə daxil olmaz.

Sual: Dükan işlədən bir şəxsin dükanına bir nəfər gəlib malını orada unudur. Əgər sahibi ortaya çıxmasa dükan işlədən şəxs həmin malı mənimsəyə bilərmi? Əgər bu icazəlidirsə, mal sahibi ortaya çıxmasa onun öhdəsində vacib bir əməl varmı?

Cavab: Sahibinini tapacağından ümidsiz olanadək malı saxlamalı, sonra isə həmin malı və ya dəyərində olan məbləği sədəqə olaraq verməlidir. Vacib ehtiyata əsasən, bunun üçün şəriət hakimindən icazə almalıdır.

Sual: Əgər bir insanın xurma və ya hər hansı meyvə ağacı, yaxud bostan yanından keçərkən oradan bir şey yeməsi icazəlidirmi? Əgər yeməsi icazəlidirsə, oradan bir şey götürüb apara bilərmi?

Cavab: Yemək icazəlidir, lakin yığıb aparmaq icazəli deyil. 

Sual: Sahibi məchul olan malın yarısını və ya hamısını sədəqə olaraq verməyin vacib olmasının şərti nədir?

Cavab: Mal hökumətə və ya hökumətin də səhmi olan banka məxsus olduğu halda insan heç nə sərf etmədən həmin mala sahib olarsa, yarısını sədəqə olaraq verməlidir. Amma hamısını sədəqə olaraq verməyin vacib olduğu hala gəlincə, bu, riba (faiz) ilə fəaliyyət göstərən və halal fəaliyyət növü olmayan bankın orada səhmi olan şəxsə verdiyi qazanc kimi haram olan mala aiddir.

Sual: Yaz fəslində bal arıları müstəqil yuva qurmaq üçün iki dəstəyə bölünür. Nəticədə bir dəstə uçaraq pətəkləri tərk edir və müəyyən bir yerə toplaşır. Əgər həmin arıların filankəsə məxsus olduğunu bilirəmsə, bal saxlayanların təbiri ilə desək onları qovuram. Başqasının bu arıları mənimsəməsinin hökmü nədir? Əgər sahibi bəlli deyilsə, onu mənimsəməyin hökmü nədir?

Cavab: Əgər kiminsə mülkiyyətindədirsə və sahibi ondan imtina etməyibsə, onu mənimsəmək üçün sahibindən icazə almaq və ya onunla razılaşmaq  vacibdir. Əgər sahibi bəlli deyilsə, mənimsəmək olar. Baxmayaraq ki, sahibi məchul olan malın hökmünü tətbiq etmək müstəhəb ehtiyatdır.

Sual: Müəyyən məbləğdə pul, kitab, paltar və digər əşyalarım itdikdə “kim taparsa, mən onu Allah xatirinə sədəqə hesab edirəm”  deməyim düzgündürmü?

Cavab: İcazəlidir.

Sual:

1. Tapılmış əşyanın hökmü sədəqə vermək olduqda sahibi meydana çıxıb sədəqə verilməsinə razı olmasa, həmin əşyanı ona qaytarmağa zamin olurammı?

2. Sahibi məchul olan malın hökmü sədəqə vermək olduqda sahibi meydana çıxıb sədəqə verilməsinə razı olmasa, həmin əşyanı ona qaytarmağa zamin olurammı?

3. Bir şəx mənim yanımda müəyyən əşya qoyub gedib. Uzun zaman keçdiyi üçün onun geri qayıdacağına ümidim qalmayıb. Onu sədəqə verdikdən sonra sahibi ortaya çıxarsa və razı olmasa, zamin olurammı?

Cavab: Bəli, qeyd olunan bütün bu hallarda sən zaminsən. Hətta ehtiyata əsasən, sahibi məchul olan malın da zəmanətini daşıyırsan. Bununla yanaşı ehtiyata əsasən, şəriət hakiminin icazəsi olmadan həmin malı sədəqə verməməlisən.

Sual: Mən televizor təmiri və peyk antenaları quraşdırmaqla məşğul oluram. Dükanımda qanuni sahiblərinin bir ildən artıq müddətdə tərk etdikləri çoxlu sayda televizorlar var. Onların qayıdacaqlarını da bilmirəm. Baxmayaraq ki, həmin televizorların bəzilərini təmir etmişəm, lakin əl muzdumu almamışam. Bəzilərinin isə təmir olunması qeyri-mümkündür. İndi peşəmi dəyişmək istəyirəm. Dükanım bu qədər sayda (100 ədəd) cihazları saxlamaq üçün yetərli deyil. Çünki sahəsi kiçikdir. Bu problemden xilas olmaq istəyirəm. Şəriət baxımından bu problemi necə həll etmək olar?

Cavab: Sahibini tapmağa ümid olmadıqda muzdunu götürməklə qalanını fəqir möminlərə sədəqə olaraq vermək olar. Amma hansı əmlakın sahibi ilə əlaqə yaratmaq mümkün olarsa, həmin əşyaları satıb əl muzdunu almaq və ya gəlib öz əmlaklarını götürmələri barədə onlarla razılaşmaq vacibdir. 

Sual: Qeyri-müsəlman ölkələrindən idxal edilən pendirlərin istehsal olunma qaydasını və tərkibini bilmirəmsə yeməyim icazəlidirmi?

Cavab: Onu yemək icazəlidir.

Sual: Qeyri-müsəlman ölkələrində istehsal olunan pendirlərin tərkibində öküz və ya başqa heyvanın qursağından hazırlanmış maya olur. Bilmirik ki, qursağından istifadə olunan heyvan İslam qaydalarına uyğun olaraq kəsilb ya yox?

Cavab: Əgər İslam qaydası ilə kəsilməyən öküzün qursağından hazırlandığını bilmirsənsə və ya əmin deyilsənsə, heç bir maneəsi yoxdur.

Sual: Avstraliyada istehsal olunan “Saqar” pendirinin hökmü nədir? Çünki biz başqa pendir yemirik.

Cavab: Tərkibində öküz qursağından hazırlanmış maya olan və qeyri-müsəlman ölkəsində istehsal olunan pendirlər, əgər mayasını heyvanın qursağının pərdəsindən düzəldirlərsə, haram və murdar hökmündədir.

Sual:  Qeyri-müsəlman ölkələrindən idxal olunan pendirlərin tərkibində olan öküz qursağının yeyilməsi halaldırmı?

Cavab: Əgər pendirin mayasını heyvan mədəsinin pərdəsindən hazırlayırlarsa - necə ki, istehsalçı şirkətlər belə edir - yeyilməsi icazəli deyil. Həmçinin jelatinin və ya tərkibində jelatin olan qidaları, hətta vacib ehtiyata əsasən, qeyri-şəri yolla kəsilmiş heyvanın sümüyündən hazırlanmış olsa belə, yeyilməsi haramdır.

Sual: Mən Amerika Birləşmiş Ştatlarında yaşayıran. Qida məhsullarının halallığında müəyyən çətinliklərlə qarşılaşıram. Məndə pendir kimi bəzi qida məhsullarının halalığında şəkk-şübhə yaranır. Belə ki, pendirlərin tərkibində qursaqdan hazırlanmış maya olur. Çoxunun tərkibində “enzim” maddəsi var. “Enzim” sözünün mənasını araşdıqda isə onun tərkibində inək və ya donuz qatqısı olan maya olduğu məlum olur. Bu halda onun yeyilməsi icazəlidirmi?

Cavab: Əgər onun tərkibində İslam qaydası ilə kəsilməmiş heyvan və ya donuz qatqısı olan maya olduğuna əminsənsə, yeyilməsi icazəli deyil.

Sual: Qeyri-müsəlman ölkələrindən idxal edilən pendirlərin mayasının tərkibində olan öküz və ya başqa heyvan qursağı olur. Həmin qursağın İslam qaydasına uyğun  kəsilmiş heyvandan götürüldüyünü bilmirik. Həmin qursaq istihalə olurmu? Belə pendirləri yemək icazəlidirmi?

Cavab: Bu cəhətdən həmin pendirlərin yeyilməsinin bir maneəsi yoxdur. Allah doğrunu biləndir!

Sual: Avropa ölkələrində istehsal olunan və üzərində Fonk, Kraft və başqa ticarət nişanları olan süd məhsullarının (süd, pendir, qatıq, qaymaq və s) yeyilməsi icazəlidirmi?

Cavab: Tərkibində yeyilməsi haram olan qatqıların olduğuna əminlik yoxdursa, yeyilməsinin heç bir maneəsi yoxdur.

Sual: Uşaqların daha çox yedikləri çipsi və biskvit kimi məhsulların çoxunun tərkibində  pendir var. Onların yeyilməsi icazəlidirmi?

Cavab: Pendirin növü məlum olmzsa, halaldır və axtarış aparmaq vacib deyil.

Sual: Pendir yeməyin hökmü nədir? Bütün pendir növlərini yemək icazəlidir, yoxsa elə pendir növləri var ki, onda çəkinmək lazımdır?

Cavab: Tərkibində murdar və ya haram qatqı olduğunu bilməsən, yeyilməsi icazəlidir. Heyvan mayası qursağın pərdəsindən hazırlanması məlum olarsa, murdar hökmündədir.

Sual: Pendir yeməyin hökmü nədir? Mən bir televiziya verlişində pendir yeməyin məkruh olduğunu eşitmişəm.

Cavab: Yeyilməsi icazəlidir. Məkruh olmasına gəlincə; lakin qozla yeyilərsə, məkruh olmadığı deyilmişdir.

Sual: Fransa istehsalı olan “Kiri” və Danimarka istehsalı olam “Buk” pendirinin yeyilməsi icazəlidirmi?

Cavab: Əgər tərkibində istihalə olmayan haram və ya murdar qatqının olduğundan əmin deyilsənsə, icazəlidir. Məsələn, istehsalçının mayanı İslam qaydası ilə kəsilməyən heyvanın qursağının pərdəsindən hazırlandığını bilsən, icazəli deyil.

Sual: Avstraliyada istehsal olunan “Saqr” pendirinin daxilindəki mayanın hökmü nədir?

Cavab: Tərkibində öküz və bu kimi heyvanların qursağından hazırlanmış maya olan və qeyri-müsəlman ölkəsində istehsal olunan pendirlərin əgər mayasını heyvanın qursağının daxili pərdəsindən düzəldiyi sübuta yetərsə, haram və murdar hökmündədir.

Sual: Qeyri-müsəlman ölkələrindən idxal edilən pendir, kisel və səhləbin halal kəsilməyən heyvandan hazırlanmış mayası, pakdırmı?

Cavab: Kisel və səhləb əgər heyvan mənşəli olarsa, murdardır. Həmçinin pendirin mayası öküzün qursağının daxili pərdəsindən hazırlanıbsa hökmü bu cürdür.

Sual: Tərkibində heyvan mənşəli maya olan və qeyri-müsəlman ölkələrində istehsal olunan pendirlərin yeyilməsinin hökmü nədir? Məlumdur ki, biz heyvan mənşəli mayanın nə olduğunu bilmirik. O, heyvanın qursağının daxili pərdəsidir ya yox? Əgər istehsalçı şirkət pendirin üzərinə “halal maya” yazarsa, hökm fərqli olurmu?  Bəzi pendir istehsal edən şirkətlərin istifadə etdiyi bitki mənşəli maya nədən ibarətdir?

Cavab: Əgər pendirin mayasını heyvanın mədəsinin daxili pərdəsindən hazırlayırlarsa - necə ki, istehsalçı şirkətlər belə edir - yeyilməsi icazəli deyil. Həmçinin jelatinin və ya tərkibində jelatin olan qidaları, hətta vacib ehtiyata əsasən, qeyri-şəri yolla kəsilmiş heyvanın sümüyündən hazırlanmış olsa belə, yeyilməsi haramdır.

Əgər mayadan məqsəd südün içərisində olan südəmər heyvan qursağıdırsa - necə ki, adətən belə olur - çıxarılarkən mayeli olsa və hətta heyvan İslam qaydasına uyğun olmayaraq kəsilsə belə, pak və halaldır. Əgər quru halda çıxarılarsa, üzərini pak etmək vacibdir. Əks təqdirdə murdardır. Amma mayadan məqsəd qursağın daxili pərdəsidirsə, – necə ki, istehsalçı şirkətlər belə deyir - İslam qaydası ilə kəsilməyən heyvanlardan götürüləni murdardır və yeyilməsi haramdır.

Tərkibində öküz və bu kimi heyvanların qursağından hazırlanmış maya olan və qeyri-müsəlman ölkəsində istehsal olunan pendirlərin mayasının heyvan qursağının daxili pərdəsindən düzəldiyi sübuta yetərsə, haram və murdar hökmündədir.

Sual: Əqli cəhətdən müəyyən məhdudiyyəti olan 50 yaşlı şəxs nə dini inancları, nə ibadətləri, nə də ki, həyatın ümumi işlərini anlamır. Belə olan təqdirdə ruhi xəstə hökmü ona şamil olurmu?

Cavab:  İlk baxışdan onun barəsində hökm verə bilmərik. Lakin belə aydın olur ki, o, səfihdir. Heç kimin onun malı barəsində hökm vermək haqqı yoxdur. Ona qəyyum təyin etmək üçün şəriət hakiminə müraciət etmək lazımdır.

Sual: Qadının ruhi xəstənin yanında hicablı olması vacibdirmi?

Cavab: Əgər qadınlara baxdıqda təsirlənəcək həddə pisi yaxşıdan ayıra bilirsə, vacibdir.

Sual: Ruhi xəstə olan qadın aybaşı qanı ilə əbəs iş edir. Ailəsi heç vəchlə, hətta onu həbs etməklə belə qarşısını ala bilmirlər. Onu tərk buraxdıqda isə atasının və qardaşlarının cəmiyyətdəki şəninə xələl gətirən işlər edir. Bu səbəbə görə onun uşaqlığını əməliyyat etdirərək kəsilib götürülməsi icazəlidirmi?

Cavab: Əgər uşaqlığın götürülməsi əvəzinə müəyyən həblər qəbul etməklə və ya iynə vurdurmaqla qan gəlməsinin qarşısını almaq mümkün olarsa, bu yollar qeyd olunan yoldan əvvəl istifadə edilməlidir. Əgər həll yalnız uşaqlığın kəsilib götürülməsindən asılıdırsa, bu yoldan istifadə etməyin düzgünlüyü şübhəlidir. Ələmliyə riayət etmək şərti ilə başqa müctəhidə müraciət etmək olar.

Rəhmli, mərhəmətli Allahın adı ilə!

Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanası

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh!

 

Sizin nəzərinizə görə, “Rəğaib” gecəsinin namazının müstəhəb olması mötəbərdirmi?

 

Allahın adı ilə!

“Rəğaib” gecəsinin namazının müstəhəb olması sübuta yetməyib. Lakin onu savab əldə etmək məqsədi ilə yerinə yetirməryin maneəsi yoxdur.

30 – Cəmadius-sani – 1438

29 – Mart – 2017

Sual: Azərbaycanda hər il Mart ayının 8 ci günü Qadınlar günü qeyd olunur. Bu günü bayram etmək və qadınlara hədiyyə vermək icazəlidirmi? 

Cavab: Öz-özlüyündə icazəlidir.

Qiblə

Səhv səcdəsi istisna olmaqla bütün vacib namazlarda və onun unudulmş hissəlləri kimi, ona aid olan əməlləri və ehtiyat namazı qılarkən imkan daxilində üzü qibləyə olmaq vacibdir. Müstəhəb namazlara gəlinncə, piyada və minikdə olarkən, hətta nəzr edilmiş olsa da, üzü qiblə istiqamətinə olmaq şərt deyil. Vacib ehtiyata əsasən, normal halda müstəhəb namaz qılarkən üzü qibləyə olmaq şərtdir.

Qiblə Müqəddəs Ev (Kəbə) olan məkandır. Evi (Kəbəni) gözlə görmək mümkün olduğu təqdirdə, həqiqi mənada üz ona tərəf tutulmalı, görünmədikdə isə ürfə əsasən, üzü ona tərəf olmaq yetərlidir.

Məsələ 1: Üzü qibləyə olmağı bilmək vacibdir. Burada bilmək hissə etimad etmək (görmək kimi)  və ya qibləni təyin etmək üçün olan cihazlardan istifadə etmək kimi şəri dəlil nəzərdə tutulur. Həmçinin inanılmış şəxsin xəbər verməsi və ya müsəlman ölkələrinin namazlarına, qəbirlərinə və mehrablarına diqqət etmək kimi əqli göstəricilərdən hasil olan xatircəmlik yetərlidir. Zahirə əsasən, elm hasil etmək mümkün olsa da güman yaratmasa belə, məlumatlı inanılmış şəxsin sözü höccətdir (dəlildir).

Məsələ 2: Kim qiblə olması etiqadı ilə müəyyən bir tərəfə üz tutaraq namaz qılsa, sonra isə səhv etdiyi məlum olarsa, əgər sağ və ya sol tərəf arasında meyilli olarsa, namazı düzgündür. Əgər namaz əsnasında səhv etdiyini bilərsə, namazın qıldığı hissəsi keçərlidir, qalan hissəsi üçün üzünü qibləyə tərəf tutmalıdır. Burada namaz vaxtının qalması və ya qalmaması, güman və ya əmin olan, unudan və ya qəflətdə olan şəxs arasında heç bir fərq yoxdur. Lakin bu hal, hökmü bilməmək üzündən baş verərsə, bilmədiyi üçün üzürlü hesab olunmur. Belə olarsa, vacib ehtiyata əsasən, vaxt daxilində namazı yenidən qılmalı, vaxt çıxarsa qəzasını yerinə yetirməlidir. Əgər sağ və sol tərəfdən artıq kənara meyilli olarsa, namazdan sonra səhv etdiyini bilərsə vaxt çıxmadığı təqdirdə namazı yenidən qılmalıdır. Amma namaz əsnasında bilsə, namazı kəsib vaxt daxində heç olmasa bir rükətlik vaxta yetişə biləcəksə, namazı kəsib yenidən qılmalıdır. Əks təqdirdə isə, namazın qalan hissəsini üzü qiblə istiqamətində qılaraq davam etdirməlidir. Namaz vaxtı çıxdıqdan sonra isə səhv etdiyini bilərsə, qəza vacib deyil. Hökmü bilməmək isə istisna haldır. Əgər o (namazda üzü qibləyə olmağın hökmünü bilməyən şəxs), hökmü bilməməsində üzürlü deyilsə, namazın qəzasın qılmaq vacibir.

Sual: QİÇS-ə yoluxmuş şəxsin özünü cəmiyyətdən təcrid etməsi vacibdirmi? Ailəsinin onu tərk etməsi vacibdirmi?

Cavab: Ona özünü cəmiyyətdən təcrid etmək vacib deyil. Həmçinin başqalarının da onu tərk etmələri vacib deyil. Əgər xəstəliyin başqalarına yoluxma təhlükəsi olmasa, onu məscid kimi ümumi ictimai yerlərdən uzaqlaşdırmaq  icazəli deyil. Bəli, xəstəliyin qəti olaraq və ya ehtimal olunan yoluxma yollarının nəzarətdə saxlanması vacibdir. 

Sual: Bilərəkdən bu xəstəliyi yoluxdurmağın hökmü nədir?

Cavab: Bu, icazəli deyil. Əgər xəstəliyə yoluxduran şəxs, bunun adətən ölümlə nəticəndiyini bildiyi halda onun etdiyi əməl (xəstəliyə yoluxdurma), hətta müəyyən müddət kçdikdən sonra qarşı tərəfin ölümünə səbəb olarsa, ölən şəxsin qəyyumunun ondan qisas alması icazəlidir. Lakin bundan xəbərsiz və ya yoluxma zamanı qəflətdə olarsa, ona yalnız diyə ödəmək və kəffarə vermək vacibdir.

Sual: QİÇS virusuna yolxuşmuş xəstənin sağlam insanla evlənməsi icazəlidirmi?

Cavab: Bəli icazəlidir. Lakin elçilikdə və nikah müqaviləsi zamanı bilərəkdən özünü sağlam adam kimi qələmə verməməlidir. Həmçinin ona xəstəliyin yoluxmasına səbəb olacaq yaxınlıq etməsi icazəli deyil. Amma yoluxma ehtimalı olarsa və qarşı tərəfin yoluxmasına əminlik yoxdursa, onun razılığı olduqdan sonra yaxınlıqdan çəkinmək vacib deyil.

Sual: QİÇS virusu daşıyıcılarının bir-birilə evlənməsi icazəlidirmi?

Cavab: Bunun heç bir maniəsi yoxdur. Lakin onların arasında cinsi yaxınlıq xəstəliyin şiddətlənməsinə və təhlükənin artmasına səbəb olarsa bundan çəkinmək lazımdır. 

Sual: QİÇŞ virusu daşıyıcısı olan şəxsin cinsi yaxınlıq etməsinin hökmü nədir? Bu xəstəlik əsasən cinsi yaxınlıqla yoluxduğu üçün xəstəliyə tutulmayan şəxsin onunla yaxınlıq etməkdən imtina etməyə haqqı varmı?

Cavab: Sağlam olan zövcə ərindən ona xəstəliyin keçməsinə - hətta ehtimal edilsə belə - səbəb olacaq hər cür yaxınlıqdan imtina etməsi icazəlidir. Hətta onunla yaxınlıqdan imtina etmək vacibdir. Lakin qoruyucu və ya başqa vasitədən istifadə etməklə ehtimal dərəcəsini 2% kimi nəzərə alınmayacaq dərəcədə azaltmaq olarsa, onunla yaxınlıq etmək icazəlidir. Hətta ehtiyata əsasən, onunla yaxınlıqdan imtina etməsi icazəli deyil. Bununla da sağlam ərin bu xəstəliyə tutlmuş zövcə ilə necə davranacağı hökmü aydın olur. Əgər ağıl sahiblərinin nəzərində xəstəliyə yoluxma ehtimalı olarsa, onunla yaxınlıq etməsi icazəli deyil. Xəstəliyin yoluxmasının qarşısını alan vasitələr olmadıqa zövcənin dörd ayda bir dəfə yaxınlıq etmə haqqı hökmdən düşər.

Sual: Ər və arvad hər hansı biri QİÇS-ə yoluxarsa sağlam olanın ayrılmaq haqqı varmı?

Cavab: Əgər nikah əqdi zamanı aldatma olarsa, belə ki, nikah müqaviləsi bağlanmadan əvvəl ərin və ya arvadın sağlam olduğu deyilsə, buna əsasən nikah müqaviləsi bağlanarsa, həqiqət məlum olduqda nikah müqaviləsini pozma haqqı sabit olar. Nikahın pozulmasına səbəb olacaq aldatma ərin xəstəliyin olmamasını düşünməsi ilə yanaşı zövcənin və ya onun vəlisinin xəstəlik barədə heç nə deməyərək susması ilə sabit olmur. Amma aldatma olmasa, xəstəlik nikah müqaviləsindən sonra yaranarsa, sağlam ər xəstəliyə tutulmuş arvadını boşaya bilər.

Sual: Sağlam zövcə cinsi yaxınlıqdan məhrum olduğu üçün xəstəliyə tutulmuş ərindən ona talaq verməsini tələb edə bilərmi?

Cavab: Bu məsələdə ehtiyatın tələblərinə riayət etmək tərk olunmamalıdır. Bəli, əgər bir dəfəlik zövcəsini tərk edərsə, qadın asılı vəziyyətdə (nə evli, nə subay) olur. Bu halda qadının şəriət hakiminə müraciət etməyə haqqı var. Şəriət hakimi onu ya zövcəni tərk etməkdən əl çəkməyə ya da onun talağını verməyə məcbur etməlidir. 

Sual: QİÇS virusuna yolxmuş hamilə qadının uşağını götürmək (abort etdirmək) icazəlidirmi?

Cavab: Bu, icazəli deyil. Xüsusilə də, ruh bədənə daxil olduqdan sonra. Lakin hamiləliyin davam etdirilməsi ana üçün zərərlidirsə, ruh bədənə daxil olandan sonra deyil, əvvəl uşağın götürülməsi icazəlidir.

Sual: QİÇS virusuna yoluxmuş ananın sağlam uşağına analıq etməsinin, ona süd verməsi kimi işləri yerinə yetirilməsinin hökmü nədir?

Cavab: Buna görə onun analıq haqqı hökmdən düşməz. Lakin uşağa yolxudurmaması üçün lazımı tədbirlər görülməlidir. Əgər məqbul dərəcədə ehtimal olunsa ki, döşü ilə süd verərəcəyi təqdirdə uşaq xəstəliyə yoluxacaq, bundan çəkinmək vacibdir. 

Sual: QİÇS virusunu ölüm xəstəliyi (ölüm ayağında olan xəstəlik) hesab etməyin hökmü nədir?

Cavab: Bu xəstəlik adətən uzun müddət davam edən xəstəliklərdən olduğu üçün onun düşüncə qabiliyyətinə təsir edən öldürücü əsəb sipdiromlarının üzə çıxıdğı son mərhələləri ölüm ayağında olan xəstəlik hesab olunur. 

Sual: Həkimin QİÇS virusuna yoluxmuş xəstənin vəziyyətini ona birbaşa aidiyyatı olan, məsələn,  ər və ya arvad kimi şəxslərə xəbər verməsi icazəlidir, yoxsa bu ona vacibdir?

Cavab: Əgər xəstə və ya onun qəyyumu icazə verərsə, həkimin bunu deməsi icazəlidir. Həmin şəxsin həyatı uzun müddətdə bundan asılı olarsa, vacibdir. Necə ki, zəruri ehtiyacları tərk etdikləri təqdirdə onların da bu xəstəliyə yoluxmalarına gətirib çıxaracağını bilirsə, deməsi  vacibdir.

Sual: Əgər müsəlman şəxs yolxucu QİÇS virusuna yoluxduğunu bilərsə, zövcəsi ilə cinsi əlaqədə olması icazəlidirmi? Zövcəsinə bunu bildirməsi vacibdirmi?

Cavab: Əgər yaxınlıq etməklə xəstəliyin ona keçəcəyini bilirsə, mütləq surətdə icazəli deyil. Həmçinin nəzərə alınacaq dərəcə ehtimal edərsə, hökm eynidir. 

Sual: Mən evli bir qadınam. Zina etmişdim. Sonra ərimdən boşandım və iddə müddəti tamam olduğunda zina etdiyim kişi ilə evləndim. Lakin sonradan ona əbədi haram olduğumu bildim. Bir neçə sualım var:

1. Burada hökm nikahın pozulması və ya talaq verilməsidir, yoxsa burada başqa bir hökm də var?

2. Əgər hazırkı ərim şəriət hökmünə əsasən ayrılmağımızı qəbul etməsə mənim şəri vəzifəm nədir?

3. Əgər zina baş verməsini inkar edərsə, bu halda onu ayrılmağa necə məcbur etmək olar?

Cavab:

1. Zina etmiş ərli qadının onunla zina etmiş kişiyə əbədi haram olması bizim nəzərimizdə ehtiyata əsaslanır. Əgər bu məsələdə ələmliyi qorumaq şərtilə başqa fəqihə müraciət olunarsa və həmin fəqih onların haram olmasına fətva verərsə, talağa ehtiyac olmadan bir-birindən ayrılmaları vacibdir. Əgər bir-birinə haram olmamalarına fətva verərsə, nikah əqdi düzgündür. Əgər başqa fəqihə müraciət edilməsə, ayrılmaqla yanaşı talaq verilməsilə ehtiyata əməl etmək vacibdir.

2. Əgər əbədi haram fətvası verən fəqihə müraciət etsəniz və ya ehtiyata əməl etmək istəsəniz mümkün ola biləcək hər-hansı bir yolla ər-arvad münasibətindən imtina etməniz vacibdir.

3. Əgər zina baş verdiyini inkar edərsə, zinaya şahid olmayacağı halda onu nikah müqaviləsinin batil  olmasına  və ehtiyata əməl etməyin vacibliyinə məcbur etmək mümkün deyil. Buna baxmayaraq sənin qeyd edilən şəri vəzifən hökmdən düşməz.

Sual: Ata anası olan nənə əgər nəvəsinə (yəni oğlunun övladına) süd verərsə, həmin nəvəyə əmisi qızları haram olurmu?

Cavab: Bəli, haramdır. Çünki onlar artıq onun süd qardaşlarının övladları sayılır.

Sual: Ananın anası olan nənə qızının oğluna süd verərsə, süd əmən uşağa xalası qızları ilə evlənmək haram olurmu? Bu uşaq nənənin nəvəsi sayılırmı?

Cavab: Onlarla evlənmək haramdır. Çünki onlar artıq onun süd bacısının qızlarıdır. Buna baxmayaraq o, nənə üçün nəvədir.

Sual: Əgər ata və ya oğul bir qadınla zina edərlərsə, həmin qadın digərinə haram olurmu?

Cavab: Haram olmur. Baxmayaraq ki, ehtiyata əməl etmək daha yaxşıdır. 

Sual: Əmi və ya dayı, ərindən boşandıqdan və ya vəfat etdikdən, həmçinin iddəsi tamamlandıqdan sonra başqa bir maneə olmasa, bacısı oğlunun zövcəsi ilə evlənə bilərmi? 

Cavab: İcazəlidir.

Sual: Kitab əhlindən olan iki kafir bacını müvəqqəti və ya daimi nikahla bir yerdə almaq olarmı? Belə olarsa onlar (kişi və qadın), bir-birinə haram olurmu?

Cavab: İki bacını bir yerdə almaq mütləq surətdə icazəli deyil. Həmçinin kitab əhlindən olmayan digər kafir qadınlarla evlənmək icazəli deyil. İki bacı ilə nikah müqaviləsi bağlamaq əbədi harama səbəb olmaz.

Sual: Əgər ər oğlan uşağının onun olmasını inkar etmək üçün arvadı ilə “lian” (lian – lənət etmək anlamındadır. Ər arvadını zinada ittiham edərsə və iddiasının təsdiqi üçün şahid  gətirə bilmirsə hər iki tərəf Allaha and içərək doğru olduğunu isbat edir. Bundan sonra həmin kişi ilə qadın bir-birinə əbədi haram olurlar) edərsə, həmin uşağın, kişinin bacısı ilə evlənməsi icazəlidirmi?

Cavab: Əgər övlad “lian”edən kişinin həqiqətən onun atası olduğunu  və atasının onu inkar etməkdə yalan danışdığını düşünürsə, həmin kişinin bacısı ilə evlənməsi icazəli deyil. Çünki bu halda onu bibisi hesab edir. Amma digər hallarda isə şəriətin zahirinə əsasən, qohumluq əlaqəsi inkar olunduğu üçün bunun maneəsi yoxdur.

Sual: Əgər bir qadın bacısı oğlu və qardaşı qızına bütün şərtlər tamam olan surətdə süd verərsə, ondan süd əmən bacısı oğlu ilə qardaşı qızını bir-biri ilə evləndirmək haramdırmı?

Cavab: Əgər qadının bir əri olduğu halda süd veribsə haramdır.

Sual: Ərli qadınla şübhəli yaxınlıq əbədi harama səbəb olurmu? Hansı halda şübhəli yaxınlıq əbədi harama səbəb olur?

Cavab: İstər ərli, istərsə də ərsiz qadınla olan şübhə yaxınlığı kişi ilə qadını bir-birinə haram etməz.

Sual: Evlənməyin haram olmasına səbəb olan südvermədə sümüyün möhkəmlənməsi və ətə-cana gəlməsi şərtini necə bilmək olar? Əgər uşaq süd verən qadından və anasından uzun müddət süd əmibsə, məsələn, 7 və ya 8 dəfə süd verən qadından və uzun müddət anasından, yaxud bir neçə dəfə süd verən qadından süd əmib və qalan müddət qida qəbul edərsə, həmin şərtin baş verməsini necə təyin edə bilərik?

Cavab: Əgər ətə-cana gəlmək və sümüyün möhkəmlənməsi süd əmməyə və qidaya, yaxud iki qadından süd əmməyə istinad edilərsə, evliliyin haram olmasına səbəb  olmaz. Amma ətə-cana gəlmə və sümüyün möhkəmliyi hər iki səbəbə ayrılıqda müəyyən dərəcədə istinad edilərsə, harama səbəb olar.

Sual: Müsəlman bir qadının kitab əhlindən olan bir kişi ilə kilsədə xristian dini inanclarına uyğun olaraq nikaha daxil olub ona ərə getməsi barədə hörmətli Seyidin rəyi nədir? Hamin qadının mürtəd olmasına hökm verilirmi? Onları bir-birindən ayırmaq mümkündürmü? Onun mehriyə haqqı varmı?

Cavab: Müsəlman qadının qeyri-müsəlman ilə nikahı, şübhəsiz ki, batildir. Lakin buna görə qadının mürtəd olmasına hökm verilməz. Aralarında yaxınlıq olmayıbsa, qadının mütləq surətdə mehriyə haqqı yoxdur. Əgər hökmü bildiyi və ya hökm barəsində tərəddüd etdiy halda yaxınlıq baş verərsə, həmçinin hökm eynidir. Amma hökmü bilmirdisə və bu evliliyin düzgün olmasına əmin idisə, aralarında baş vermiş yaxınlıq şübhəli yaxınlığıdır və qadının mehriyəyə haqqı çatır.

Əgər qadının qeyri-müsəlmanla evliliyi qəbul etməsi onun bu zəruri hökmü inkar etməsindən qaynaqlanırsa, belə ki, bu hökmü Allah-təala tərəfindən çatdırmaqda həzrət Peyğəmbəri (s) təkzib etməsindən irəli gəlirsə o, mürtəddir. Onun barəsində həbs və ya digər məlum olan icraatlar yerinə yetirilməlidir. Lakin mürtədlikdən dönmədiyi halda onun nikahının batil olmasına hökm verilməz (çünki artıq qeyri-müsəlmandır. Red:) və onun (nikah müqaviləsində) qeyd olunan mehriyəyə haqqı çatır. 

Sual: Əgər bir qız və bir oğlan eyni qadından bütün şərtlər ehtiva olunduğu surətdə süd əmərsə süd əmən oğlanın qardaşının süd əmən qızla evlənməsi icazəlidirmi?

Cavab: Əgər süd verən qadın oğlanın (qardaşının) anası olarsa, icazəli deyil. Əks təqdirdə isə, icazəlidir. 

Sual: Bir qadın rəsmi surətdə boşandıqdan sonra ikinci dəfə ərə getmişdir. Bir müddət sonra isə şəriət baxımından da talağın verilməsinin vacib və ikinci evliliyi şübhəli evlilik olduğunu bilmişdir.  Birinci kişidən talağı verilmədən əvvəl ikinci kişidən boşanaraq talaq iddəsi gözləməsi sonra birinci kişidən talağı verildikdən sonra yenə iddə gözləməsi vacibdirmi?

Cavab: Bəli, vacib ehtiyata əsasən, belə etməlidir. Çünki ikinci kişi onun ərli qadın olduğunu bilmədən onunla evlənmiş və onunla yaxınlıq etmişdir. Ehtiyata əsasən, bu qadın həmin kişiyə əbədi haramdır.  

Sual: Bir kişi vəfat iddəsində olan qadınla evlənərsə həmin qadın ona əbədi haram olurmu? Ondan ayrılması vacibdirmi? Qadının öhdəsində vacib olan vəzifə nədir?

Cavab: Əgər iddə müddəti ərzində onunla evlənməyin haram olduğunu bilərək evlənmişsə, həmin qadın əbədi olaraq ona haramdır. Həmçinin qadın da məsələni əvvəlcədən bilirdisə, hökm eynidir. Əgər  hər ikisi evlənməyin haram olduğunu bilmədiyi halda evlənərsə nikah müqaviləsi  batildir. Əgər iddə müddəti ərzində kişi onunla yaxınlıq edərsə, qadın ona əbədi olaraq haramdır. Əks təqdirdə (yəni yaxınlıq olmayıbsa), iddə müddəti tamamlandıqdan sonra yenidən evlənmələri icazəlidir. 

Sual: Əgər bir insan  evləndikdən sonra – istər həyat yoldaşı ilə yaxınlıq etdikdən əvvəl, istərsə də sonra – zövcəsinin bacısı ilə – Allah-təalaya sığınırıq – zina edərsə,  zövcəsi ona haram olurmu?

Cavab: Zövcəsi ona haram olmur.

Sual: Bir şübhə yaxınlığı edən şəxs həmin qadın ərsiz olarsa, şübhə iddəsinin müddətində onunla evlənə bilərmi? Əgər icazəli olmadığı halda belə edibsə bu, əbədi haramlığa səbəb olurmu?

Cavab: Əgər şübhəli yaxınlıq edən qadın ərsizdirsə, həmin qadınla yaxınlıq edən şəxsin iddə müddətində onunla evlənməsi icazəlidir. Bunun üçün iddə müddətinin bitməsini gözləmək lazım deyil. Qadının iddə müddətində evlənməsinə maneəyə səbəb, onun iddə gözlədiyi halda başqa kişi ilə evlənməsidir. Başqa kişinin onun iddə müddətində olduğunu bilərək onunla evlənib yaxınlıq etməsi əbədi harama səbəb olar. Amma yaxınlıq etdiyi kişinin onun  iddəsində olan qadınla həmin kişinin evlənməsinin - əgər evlənmələrinə mane olacaq başqa səbəb olmadığı təqdirdə -  heç bir maneəsi yoxdur. 

Sual: Əgər bir qadın qızının ərinin hər hansı uşağına süd verərsə, qızı ərinə əbədi haram olar və nikah əqdi batildir. Belə etmək icazəlidirmi?

Cavab: Bilərəkdən etmək icazəli deyil.

Sual: (Üçüncü boşanmadan sonra ər-arvadın bir-birinə) haram olmasını aradan aparan ikinci nikahın şərtləri hansılardır?

Cavab: Əgər kişi arvadına iki dəfə qayıdış olmaqla və ya iki dəfə yenidən nikah müqaviləsi bağlamaqla, yaxud da bir qayıdış və bir yeni nikah olmaqla üç dəfə talaq verərsə, həmin qadın başqa kişi ilə nikaha girmədən əvvəl ona halal olmaz. İkinci nikahla haramçılığın aradan getməsində bir neçə şərt var:

Birinci: Nikah müqaviləsi müvəqqəti deyil, daimi olmalıdır.

İkinci: İkinci ərlə aralarında yaxınlıq olmalıdır.

Üçüncüsü: İkinci ər onunla yaxınlıq edərkən həddi-buluğa çatmış olmalıdır. Vacib ehtiyata əsasən, yeniyetmə olması yetərli deyil.

Dördüncü: İkinci ər ölümlə və ya talaqla onu tərk etmiş olmalıdır.

Beşinci: İkinci ərdən sonra iddə müddəti tamamlanmalıdır.

Sual: Əgər bir şəxs bir qadınla nikah müqaviləsi bağladıqdan sonra onunla yaxınlıq etmədən talaq verərsə, həmin qadın  kişinin nəslindən olacaq kişilərə haramdırmı?

Cavab: Bəli, haramdır.  

20 -dən səhifə 93