admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Sual: Musahərəni necə izah edirsiniz?

Cavab: Mushərə ər-arvadın hər birinin digərinin qohumları ilə olan elə əlaqədir ki, konkret (məsələn, zövcənin anası – red.) və ya ümumi (məsələn, zövcənin bacısı – red.) olaraq onlarla nikaha daxil olması haram olur.

Sual: Atanın zövcəsi (onun başqa qadından olan) oğluna əbədi haramdırmı?

Cavab: Övlada atasının, ata və ya ana tərəfdən olan babasının (anası və ya nənəsi olmayan) zövcəsi əbədi olaraq haramdır. Bu evliliyin haram olması, istər müvəqqəti, istərsə də daimi olsun, ata və ya baba öz zövcəsi ilə yaxınlıq etmiş olsun, istər etməmiş olsun, həmçinin, ata və baba istər nəsəb (qan qohumluğu) yolu, istərsə də süd vermə yolu ilə olsun heç bir fərqi yoxdur. 

Sual: Oğulun zövcəsi ataya haramdırmı?

Cavab: Oğulun zövcəsi ataya, nəvənin, nəticənin və sonrakı züriyyətin zövcələri ata və ana tərəfdən olan babaya əbədi olaraq haramdır. Onların arasındakı evliliyin haram olması, istər müvəqqəti, istərsə də daimi olsun, oğul, nəvə və ya nəticə öz zövcəsi ilə yaxınlıq etmiş olsun ya etməmiş olsun, həmçinin, oğul, nəvə və ya nəticə istər nəsəb yolu, istərsə də süd vermə yolu ilə olsun, heç bir fərqi yoxdur.  

Sual: Əgər bir şəxs xalası ilə zina edərsə (Allaha pənah aparırıq!) onun (xalasının) qızı həmin şəxsə haram olurmu?

Cavab: Əgər bir şəxs xalası və ya bibisilə onların qızı ilə nikah müqaviləsi bağlamadan öncə zina edərsə, vacib ehtiyata əsasən, onların qızı ona əbədi olaraq haram olur. Əgər yad bir qadınla zina edərsə, müstəhəb ehtiyata əsasən, onun qızı ilə evlənməsin.

Sual: Qan qohumluğu və ya südvermə ilə olan iki bacı ilə eyni zamanda nikah bağlamaq olarmı?

Cavab: Qan qohumluğu və ya südvermə ilə olan iki bacı ilə daimi və ya müvəqqəti, yaxud birini daimi, digərini müvəqqəti olaraq eyni zamanda hər ikisi ilə nikah müqaviləsi bağlamaq icazəli deyil. Əgər bacılardan biri ilə nikah müqaviləsi bağladıqdan sonra ikinci ilə nikah müqaviləsi bağlayarsa, istər birinci ilə yaxınlıq etmiş olsun, istərsə də olmasın, yalnız ikinci nikah batildir. Əgər eyni zamanda hər ikisilə bir nikah müqaviləsi bağlayarsa və ya o, bacılardan biri ilə, vəkili isə onun adından digəri ilə eyin vaxtda nikah müqaviləsi bağlayarsa, hər iki nikah batildir.

Sual: “Lian” olduqda arvad ərə əbədi olaraq haram olurmu?

Cavab: Əgər ər-arvad şəriət hakiminin yanında – lian hökmlərində deyildiyi kimi – lian hökmünü icra edərlərsə, qadın kişiyə əbədi olaraq haram olar.

Sual: Ərli qadınla zina edənin hökmü nədir? Qadın ona əbədi olaraq haram olurmu?

Cavab: Əgər bir şəxs ərli qadınla zina edərsə, həmin qadın əbədi olaraq ona haramdır. Əri öldükdən, talaq verdikdən və ya nikahı pozduqdan, yaxud da müəyyən müddət keçdikdən sonra belə onunla evlənməsinə icazə verilmir. Ərli qadının daimi və ya müvəqqəti nikahla ərdə olmasının, müsəlman və ya kafir olmasının, əri ilə aralarında yaxınlıq olmasının və ya olmamasının, hökmü bilməsi və ya cahil olmasının heç bir fərqi yoxdur. Həmçinin ərin böyük və ya azyaşlı olması, zina edənin qadının ərli olduğunu bilməsi və ya bilməməsi, zinaya məcbur edilməsi və ya edilməməsinin heç bir fərqi yoxdur.

Sual: Əgər bir kişi arvadına “rəci talaq” verərsə, onun bacısı ilə nikah bağlaması düzgündürmü?

Cavab: Əgər bir şəxs arvadını boşayarsa və talaq “rəci talaq” olarsa, arvadının iddə müddəti bitməmiş onun bacısı ilə nikah bağlaması icazəli və düzgün deyil. Əgər “bain talaq” olarsa, belə ki, üçüncü boşanma və yaxud boşanan zövcə azyaşlı, yaxınlıq edilməmiş və yaisə kimi iddəsi olmayan qadınlardan olarsa, bu halda (talaqdan sonra) onun bacısı ilə nikah bağlaması icazəlidir. 

İcarə

Sual: İcarə nədir?

Cavab: İcarə - hər hansı bir mənfəətin istər iş olsun, istərsə də qeyri iş, razılıq yolu ilə əldə edilməsidir. Birinciyə misal olaraq dərzinin dərzilik işini, ikinciyə misal olaraq isə yaşayış üçün evi icarəyə verməyi qeyd edə bilərik. İcarəyə verən və icarəyə götürən şəxsin həddi-buluğa çatması, ağıllı və ixtiyarlı olması şərtdir. Buna əsasən də, mülkiyyətindən istifadə etməyə qadağa qoyulan müflis şəxs həmin mülkiyyəti icarəyə verə bilməz, lakin özünü (öz əməyini) icarəyə verə bilər.

Sual: Bir mömin şəxs xarici ölkəyə səfər etmişdir. Onun boş evi vardı. Qayıdıb gəldikdə atasının onun razılığı olmadan həmin evi bir din tələbəsinə kirayə verdiyini gördü. O, bu icarə müqaviləsinə razılığını bildirmədi. Ata kirayədən əldə olunan qazancı ona qaytarmalıdırmı? Həmin icarə müqaviləsi düzgündürmü?

Cavab: Əgər övlad atasının evi kirayə verilməsinə icazə verərsə, icarə müqaviləsində qeyd olunan məbləği atasından tələb edə  bilər. Əgər icarə müqaviləsinin bağlanmasına razılıq verməsə, müqavilə batildir. Kirayənişinin qaldığı müddət ərzində evdən əldə olunan  mənfəətin mislini atasından tələb edə bilər. Lakin atasından məbləği tələb etdikdə onunla mülayim və ədəblə davranmalıdır. Çünki bu, müqəddəs şəriətimizin yerinə yetirilməsini əmr etdiyi “insanlarla xoş davranmaq” adlı, əxlaqi dəyərlərindəndir.

Sual: Mənim ticarət obyektim var. Müsəlman qardaşlardan birinə depozit məbləğ olmadan icarəyə vermişəm. Hər altı aydan bir icarə haqqını alıram.  Altı ay tamam olduqdan sonra ona ticarət obyektinə ehtiyacım olduğunu və onu təhvil verməsini bildirdim. Lakin o, obyekti mənə təhvil vermir. Baxmayaraq ki, obyekti boşaltmaq üçün ona iki ay möhlət də vermişəm. Bu məsələnin şəri hökmü nədir? Bu halda icarədar qəsbkar hesab olunurmu?

Cavab: İcarədarın icarə müddəti bitdikdən sonra müddətin artırılması üçün  mülkiyyət sahibini məcbur etməyə haqqı yoxdur. O, icarəyə götürülmüş mülkü sahibinə təslim verməlidir. Yalnız  icarəni yeniləmək şərti olarsa və ya əvvəlcədən mülk sahibinə depozit məbləğ veribsə, belə bir haqqı var.

Sual: Hüseyniyyənin üstündə bina tikib icarəyə vermək və əldə olunan gazancı hüseyniyyəyə sərf etmək icazəlidirmi?

Cavab: Hüseyniyyənin əvvəlcədən tikilmiş ikinci mərtəbəsini icarəyə vermək icazəli deyil.

Sual: Qəsb olunmuş ərazilərdə tikilmiş dükanların sahibləri və ya oranı kirayə götürmüş şəxslə alış-veriş etmək icazəlidirmi? Yaxud əvvəlcədən qəsb olunduğunu bilməyib sonradan qəsb olunduğunu bilərsə şəriət baxımından düzgün addım atmaq üçün nə etməlidir?

Cavab: Həmin dükanlardan istifadə etmədən onun sahibləri ilə alış-veriş etməyin heç bir maneəsi yoxdur. Lakin icarəyə götürən şəxsə gəlincə, vəziyyət ona bəlli olduqdan sonra şəriət baxımından düzgün olması üçün dükanın əsl sahibinə müraciət etməlidir. Əgər ona yetişmək mümkün olmasa, əsl sahibinin mənafeyinə uyğun hökm çıxarılması üçün şəriət hakiminə müraciət etməlidir.

Sual: Bir şəxs dükan və ya ev kirayə götürmək üçün depozit məbləğ ödəmiş, lakin bir müddət sonra isə vəfat etmişdir. Əgər o, kirayə müddəti bitdikdən əvvəl və ya bu müddət bitdikdən sonra vəfat edərsə, həmin dükan və ya evdən istifadə etmək haqqı vərəsələrə keçirmi?

Cavab: İstər icarə müqaviləsinin müddəti bitdikdən sonra, istərsə də ondan əvvəl, depozit haqqı vərəsələrə keçir.   

Sual: Əgər kirayə verən şəxs kirayə götürən şəxsə “Ayda min dinar olmaqla üç il müddətində evi sənə kirayə verirəm” deyərsə, bu deyiliş forması düzgündürmü? Bu halda əqd üç il müddətində düzgün sayılır, yoxsa yalnız birinci il üçün düzgündür?

Cavab: Üç il ərzində düzgündür.

Sual: Əgər bir şəxs ev və ya mağaza kirayə götürsə, sonra sahibinin xəbəri və razılığı olmadan oranı başqasına kirayə verərsə, həmin ev və ya mağaza qəsbi sayılırmı? Ora girib-çıxmaq haramdırmı?

Cavab: Bu, (sahibinin xəbərinin olması) şərt deyil. Lakin mülkiyyət sahibi kirayə götürənə həmin ev və ya mağazadan yalnız özünün istifadə etməsini şərt kəsərsə, ikinci kirayənişinin ondan istifadəsi, həmçinin, ora gələn qonaqların və ya xidmətçilərin və yaxud müştərinin istifadəsi haram olar.

Sual: Torpaq sahibi olan bir şəxs digəri ilə torpaq sahəsinin üzərində müəyyən müddətə bina tikməklə istifadə etməsi üçün razılaşırlar. Üçüncü bir şəx isə həmin binadan dükan icarəyə götürür və ikinci şəxsə müəyyən məbləğdə depozit məbləğ ödəyir. Bir müddətdən sonra isə ikinci şəxsdən icarənin qiymətinin artıtlmasını tələb edir. Onun buna haqqı çatırmı? İcarədar artıq məbləği ödəməli və ya dükanı boşaltmalıdırmı? Yoxsa icarədar məbləğin artırılmasına etiraz edib dükanda qala bilər?

Cavab: İcarədarın icarənin  mislini ödəməsi ilə yanaşı orada qalmağa haqqı var.

Sual: Taksi sürücüsünün məvacibini ümumi gəlirin ¼ -ni təyin etmək olarmı? Məsələn, avtomobilin sahibi sürücü ilə avtonəqliyyat vasitəsi ilə əldə olunan qazancın ¼-ni məvacib olaraq verilməsinə razı olsalar, bu mümkündürmü?

Cavab: Bu halda icarə, düzgün deyil. Lakin “cüalə” müqaviləsi olaraq düzgündür. Belə ki, malik işçi üçün nəqliyyat vasitəsinin qazancının ¼ -ni təyin edə bilər.

Sual: Bir şəxsdən işlətmək məqsədilə müəyyən miqdarda qızıl götürüb müəyyən müddətdən sonra həmin qızılı əvvəlcədən qarşı tərəflə razılaşdırılmış əlavə məbləğ  müqabilində tamamilə qaytarması icazəlidirmi?

Cavab: Əgər işlətməkdən məqsəd (külçə halında olan) qızıldan zinət əşyası düzəldib  satmaq sonra isə əlavə məbləğ ödəməklə qızılı sahibinə qaytarmaqdırsa, bu, haram olan riba (sələm) borcudur. Belə bir icarə, düzgün deyil. Çünki icarənin şərtlərindən  biri, icarəyə götürülmüş əmlak dəyişikliyə məruz qalmadan ondan istifadə etməkdir. Sualda qeyd olunan halda isə götürülmüş qızılın özü yox miqdarı malikə qaytarılır.

Sual: Mehmanxana sahibinin, gəlirin müəyyən faizinin müqabilində idarəçiliyi başqasına verməsi icazəlidirmi?

Cavab: Bunun icarə olması düzgün deyil. Çünki icarənin şərtlərindən biri müzdun məlum olmasıdır. Lakin “cüalə” baxımından bu alı-veriş düzgündür. Belə ki, gəlir bütünlüklə mehmanxana sahibinə aiddir. Lakin o, mehmanxananın idarəçiliyi müqabilində gəlirin müəyyən faizini müdir üçün təyin edə bilər.

Sual: İcarəyə verilən əmlakın xüsusiyyətləri hansılardır?

Cavab: İcarəyə verilən əmlakın xüsusiyyətləri aşağıdakılardır:

1. (İcarəyə verilən obyekt konkret ) müəyyən olmalıdır. Əgər evlərimdən birini sənə icarəyə verirəm deyərsə, icarə düzgün  olmaz.

2. (İcarəyə verilən obyekt konkret ) məlum olmalıdır. Belə ki, icarədar icarəyə verilən əmlakı görməli və yaxud zövqlərə görə dəyişən əmlakın xüsusiyyətləri, hətta icarəyə verənin vasitəsilə olsa da, onun üçün vəsf olunmalıdır. Əgər xüsusiyyətlər ümumi olarsa, hökm eynidir.

3. Təhvil-təslim almaq mümkün olmalıdır. İcarədarın əmlaka sahib ola bilməsi yetərlidir. Buna əsasən də, icarədar qaçan miniyi tuta bilərsə, məsələn, həmin miniyi ona icarəyə vermək olar.

4. Əmlakın qalması ilə ondan istifadə etmək mümkün olsun. Puldan istifadə etmək üçün onu icarəyə vemək düzgün deyil.

5. İcarədə nəzərdə tutulan məqsəd üçün istifadə etmək mümkün olmalıdır. Az yağış yağan, çay və ya başqa üslubla suvarılması mümkün olmayan ərazini əkinçilik üçün icarəyə vermək düzgün deyil.

Sual: Ağacları icarəyə vermək düzgündürmü?

Cavab: Hal-hazırda meyvəsi olmayan ağacı, südündən istifadə edmək üçün heyvanı,  həmçinin, suyundan istifadə etmək üçün quyunu icarəyə vermək düzgündür.

Sual: Qadının uşaq əmizdirmək üçün özünü icarəyə vrməsi icazəlidirmi?

Cavab: Qadının ərin izni olmadan belə uşaq əmizdirmək üçün özünü icarə etməsi icazəlidir. Lakin bunun, ərin hüququnun pozulması hesabına olarsa, (qeyd olunan işin) düzgün olması ərin icazəsindən asılıdır.

Sual: Hansı  növ mənfəət müqabilində əmlakı icarəyə vermək olar?

Cavab: İcarəyə verilən əmlakdan əldə olunan mənfəətin 4 şərti var:

1. Həmin mənfəət halal olmalıdır. Əgər yalnız haram mənfəət əldə olunması mümkün olarsa və ya haram mənfəət əldə olunması müqabilində əmlakdan istifadə edilməsi şərt qoyularsa, yaxud da müqavilə buna (haram mənfəətə) əsasən olarsa, icarə batildir. Məsələn, mağazanı araq satmaq və ya orada araq saxlamaq və ya nəqliyyat vasitəsini araq daşımaq şərti ilə icsrəyə verərsə, icarə batildir.

2. Vacib ehtiyata əsasən, mənfəətin ağıl sahiblərinin nəzərində pul müqabilində müəyyən dəyəri olmalıdır.

3. Mənfəətin növü müəyyən olunmalıdır. Əgər nəqliyyat vasitəsindən  minik və yük daşımaq üçün istifadə etmək mümkündürsə icarədarın minik, yükdaşıma və ya hər ikisindən istifadə etmək hüququnu təyin etmək vacibdir.

4. Mənfəətin miqdarı təyin olunmalıdır. Ev, dükan və bu kimi daşınmaz əmlakda icarənin müddəti təyin olunmalı, müəyyən bir  köynəyi müəyyən formada tikmək  və ya müəyyən yol ilə müəyyən məntəqəyə maşın sürmək kimi işin növü təyin olunmalı və ya müəyyən məsafəyə nəqliyyat vasitəsinə minmək kimi məsafənin təyin olunması şərtdir.

Sual: İcarədə nəzərdə tutulan mənfəətin şərtləri hansılardı?

Cavab: İcarədə nəzərdə tutulan mənfəətin şərtləri aşağıdakılardır:

1. Həmin mənfəət halal olmalıdır. Əgər yalnız haram mənfəət əldə olunması mümkün olarsa və ya haram mənfəət əldə olunması müqabilində əmlakdan istifadə edilməsi şərt qoyularsa, yaxud da müqavilə buna (haram mənfəətə) əsasən olarsa, icarə batildir. Məsələn, dükanı araq satmaq və ya orada araq saxlamaq və ya heyvanı  araq daşımaq şərti ilə icsrəyə verərsə icarə batildir.

2. Vacib ehtiyata əsasən, mənfəətin ağıl sahiblərinin nəzərində pul müqabilində müəyyən dəyəri olmalıdır.

3. Mənfəətin növü müəyyən olunmalıdır. Əgər əmlakdan müxtəlif mənfəətlər əldə etmək olarsa, məsələn, icarəyə verdiyi heyvandan minik və yük daşımaq üçün istifadə etmək mümkündürsə, icarədarın minik və ya yükdaşıma yaxud da hər ikisindən istifadə etmək hüququnu təyin etmək vacibdir.

4. Mənfəətin miqdarı təyin olunmalıdır. Evi bir il və ya bir ay müddətində kirayə vermək, bir və ya bir neçə fərsəx məsafə qət etmək üçün nəqliyyat vasitəsini icarəyə vermək, müəyyən bir köynəyi müəyyən formada tikmək və ya müəyyən yol ilə müəyyən məntəqəyə maşın sürmək kimi işin növü təyin olunmalıdır.

5. Birinci və ikinci halda müddətin təyin olunması vacibdir. Əgər evi bir illik kirayə versə və nəqliyyat vasitəsini bir fərsəx məsafəni qət etmək üçün icarəyə verərsə, lakin icarənin başlanma zamanını təyin etməsə, icarə batildir. Amma icarə zamanının başlanğıcını bildirən əlamət varsa, məsələn, yaxın zamanda olacağı bəlli olarsa, icarə batil deyil. Dərzilik və bu kimi əməllərdə icarə zamanının başlanğıcının məlum olması əsas deyil.  İcarəçi tələb etdiyi zaman həmin işi yerinə yetirmək vacibdir. Bu işin yerinə yetirildiyi fərqli zamanlarda fərqli istəklər olmadığı halda  hökm eynidir. Əks təqdirdə, bu məsələdə də işin başlama zamanını təyin etmək vacibdir.

Sual: Siz demisiniz ki, “borc verən şəxs satıcı kimidir, borca verdiyi əmlakı borc verdiyi şəxsdə görərsə onu geri qaytara bilər.” İcarəçiyə gəlincə, “əgər icarədar mənfəət götürülmədən öncə mülkiyyətindən istifadəsinə qadağan qoyularsa, icarəyə verən şəxsin icarəni pozmağa haqqı varmı?” sualına “belə bir haqqın olması şübhəlidir və ehtiyatın tələbləri tərk olunmamalıdır” cavabı vermisiniz. Burada ehtiyatın tələbləri dedikdə nə nəzərdə tutulur?

Cavab: Burada icarəyə verənə nisbətdə ehtiyatın tələbi dedikdə onun icarəni pozmamasıdır. Əgər pozarsa, ehtiyatın tələbi, icarədarı razı salmaqdır. Əks təqdirdə isə razılaşmalıdırlar.

Sual: İcarəçinin baş verən xələli düzəltməyi təxirə salması nəticəsində icarədara zərər yetişəcəyi təqdirdə icarədarın zərərin nəticəsini icarənin qiymətindən hesablayıb çıxmağa haqqı varmı? Bu halda icarəyə verən şəxs şəriət baxımından icarənin qiymətinə tamamilə haqqı çatırmı?

Cavab: İcarədarın istifadə edə bilmədiyi mənfəətin müqabilində, misli miqdarında icarə haqqından çıxması icazəlidir. Əgər baş verən xələl, məsələn, otaqlardan birinidən istifadə etməyin qeyri-mümkün olmasına səbəb olarsa, həmin müddət ərzində həmin otağın icarə dəyərini icarə haqqından çıxması icazəlidir.

Sual: Ev kirayə götürən şəxs ev sahibinin evi boşaltmasını istədikdə başqa ev kirayə götürmək üçün  (məsələn, yeni bir evi 6 ay müddətində kirayə götürmək üçün) ev sahibindən nağd pul alması icazəlidirmi?

Cavab: Əgər icarənin müddəti davam edirsə, məsələn, evi bir il müddətində icarəyə götürüb, lakin ev sahibi il tamam olmamış ondan evi boşaltmağı tələb edərsə, icazəlidir. Əks təqdirdə, icazəli deyil.

Sual: Atam bir torpaq ərazisində əkinçiliklə məşğul olurdu. Torpaq ərazisinin sahibi var. Atam vəfat edəndən sonra mən orada əkinçiliklə məşğul olmağa başladım. Sualım bundan ibarətdir: Həmin torpaq ərazisini bir il və ya az, yaxud çox müddətdə başqasına icarəyə verməyim icazəlidirmi? İcarəyə verilmiş məbləğin yarısını əkinçilik payı adı ilə özümə götürməyə haqqım varmı? Bu da məlumdur ki, icarəyə verildikdən sonra və icarə müddətində torpaqla bağlı bütün işləri mən yerinə yetirirəm.

Cavab: Torpaq sahibi bütün işləri sənin özünün yerinə yetirməyini şərt kəsməyibsə və sənin həmin torpağı icarəyə verməyin muzdur əkinçilərin qayda-qanunlarına zidd deyilsə, onun  hüquqlarına riayət etmək şərtilə icazəlidir. Bununla yanaşı torpaq sahibinin izni olmadan torpağı ikinci icarədara təhvil-təslim etməyin, icazəli deyil.

Sual: Biz bir dəstə hökumət qulluqçularıyıq və Avropa ölkələrinin birinə təkmilləşdirmə kurslarına gedirik. Orada ev sahibinin məlumatı olmadan hamımız bir evdə məskunlaşmışıq. Çünki evin kirayə müqaviləsi 3 nəfərlə bağlanmışdı. Əlavə iki nəfərin orada məskunlaşması icazəlidirmi? Həmin iki nəfərin namaz və oruc kimi ibadətlərinin hökmü nədir?

Cavab: Əgər əmlakın mənfəəti yalnız üç nəfərə məxsus olmasına əsəsən icarə müqaviləsi bağlanıbsa, başqalarının istifadəsi icazəli deyil. Lakin bilməməzlik üzündən belə  olarsa, namazın düzgünlüyünə xələl gəlməz. Oruca gəlincə isə hər bir halda düzgündür.

Sual: “Əkin sahələrimdən birini sənə icarəyə verirəm” deyən şəxsin hökmü nədir?

Cavab: İcarə düzgün deyil.

Sual: Bir şəxs əmək birjasından götürdüyü xidmətçini başqa evlərin xidmətçisi kimi muzdlu işlədir. Bunun  hökmü nədir?

Cavab: Onu icarə götürdüyü muzddan artıq qiymətə başqa iş üçün icarəyə verməsi, icazəli deyil.

Sual: Sizin müqəllidlərinizdən bir şəxsin icarəyə veriləcək obyekti var. Aşağıdakı hallarda icarə müqabilində pul almaq halaldır, yoxsa haram?

1. Obyekt sahibi icarədarın obyekti nə məqsədlə icarəyə götürdüyünü bilmir.

2. Bilir ki, icarədar obyekti araq içmək və qumar oynamaq məqsədilə (yəni yalnız haram işlər üçün)  istifadə edəcək.

3. Bilir ki, icarədar obyektdən halal və haram məqsəd üçün, məsələn, halal və haram qida təqdim edən restoran kimi istifadə edəcək.

Cavab: Əgər haramdan qazanc əldə etmək məqsədilə icarəyə verməsə, öz-özlüyündə icazəlidir. Lakin pisliklərdən çəkindirmək prinsipi ilə ziddiyyət yaradarsa, icazəli deyil.

Sual: Əgər ev sahibi kirayənişinlə şərt kəsərsə ki, evə başqa şəxslər gəlməsinlər və yaxud icarəyə verilən əmlakdan müəyyən işlər üçün istifadə etməməyi şərt edərsə və kirayənişin bu şərtə mükalif olarsa:

– Şərti pozduğuna görə  yalnız günahkar hesab olunur, yoxsa istifadə etdiyi və şərtə müxalif olduğu üçün müəyyən miqdar ödəməlidir?

– Evə gəlməsi qadağan olunan şəxslər şərti bildikləri halda evə daxil olsalar ev sahibinə bir şey ödəməyə zamindirlərmi?

– Evə daxil olacağı təqdirdə, ev sahibinin razı qalmadığını ehtimal edən şəxs ev sahibinin razılığından əmin olmadığı üçün həmin evə daxil olması haramdırmı?

Cavab: Haram olmayan şərtə əməl etmək vacibdir. Şərti pozmaq icazəli deyil. Şərtin pozulması öz-özlüyündə heç bir şeyə zamin olmağa  səbəb olmaz. Lakin şərtin pozulmasına görə ev sahibi icarə müqaviləsini poza bilər. Həmçinin icarə müqaviləsində qeyd olunandan artıq olsa da, keçmiş müddət üçün misil muzdu tələb etməyə haqqı var. Əgər mülkiyyətdən müəyyən növ istifadə təyin olunarsa və icarədar təyin olunmuş muzdan artıq dəyərdə istifadə edərsə, həmin artıq məbləği (istifadənin dəyərini) icarəyə verənə ödəməlidir. Mülk sahibi tərəfindən daxil olmaları qadağan olunan şəxslər icəarədarın icazəsi ilə ora daxil olmaları haram deyil, baxmayaraq ki, icarədar onlara izn verməklə günah etmişdir. Mülkiyyət üzərində faktiki ixtiyarı olan icarədarın icazəsindən sonra əmlakın həqiqi  sahibinin razılığının olmaması ehtimalının heç bir təsiri yoxdur. 

Sual: Özəl şirkətdə işləyən şəxsin rəsmi iş vaxtında internet səhifələrinə və sosial şəbəkələrə baxması icazəlidirmi? Belə ki, o, yalnız boş vaxtlarda bu işlə məşğul olur və bu, işin gedişatına heç bir mənfi təsir göstərmir. Bu, icazəlidirmi? İşçi iş qaydalarına riayət etməsə, onun aldığı məvacibin hökmü nədir?

Cavab: Əmək müqaviləsinin tələblərinə uyğun olaraq belə etmək ona qadağan olunarsa, - hətta, istifadə etdiyi cihaz şirkətə məxsus olmasa belə, - icazəli deyil. Əks təqdirdə (cihazın şirkətə məxsius olması fərz olunarsa), bu cəhətə görə də, icazəli deyil. Məvacibə gəlincə isə, (iş vaxtı yuxarıda qeyd olunan işlərələ məşğul olmağın) onun halallığına heç bir təsiri yoxdur.

Sual: Dövlət idarələrində rəsmi iş saatı bitmədən öncə işçinin (iş yerini tətk etməklə iş) nizamına heç bir təsiri olmaması bəhanəsilə işi tərk etmələri geniş vüsət alıb. Sizin bu barədə rəyiniz nədir? Elə idarələr var ki, orada ikinci və üçüncü iş növbələri var. Buna baxmayaraq işçi iş yerini tərk edir.

Cavab: İcazəli deyil və işdə olmadığı müddət müqabilində aldığı məvacibə haqqı yoxdur.

Sual: Bəzi şirkətlər işçilərinə, onlarla işlədiyi müddət ərzində bir dəfə həccə getmək üçün icazə verirlər. Əgər işçi əvvəlcədən həcc ziyarətinə gedibsə, həccə getmək niyyəti olmadan bu icazə haqqından istifadə edə bilərmi?

Cavab: Əgər icazə əmək müqaviləsinə əsasən yalnız həcc ziyarəti üçün verilirsə, işçi həmin icazə haqqından başqa məqsəd üçün istifadə edə bilməz. Amma icazə həcc ziyarəti şərti ilə olmasa, istədiyi məqsəd üçün istifadə edə bilər.

Sual: Avropada bəzi böyük şirkətlər iş axtaranlar arasında saqqalı və üzü təraş olmuş iki şəxs arasında fərq qoyur. Əgər həqiqətən belə olarsa, iş əldə etmək üçün saqqalı qırxmaq icazəlidirmi?

Cavab: Saqqalı qırxmaq vacib ehtiyata əsasən, haram olduğuna görə belə şirkətlərdə iş əldə etmək arzusu onun qırxılmasını icazəli  etmir.

Sual: Şirkətdə işləyən şəxs hər ay müəyyən məvacib alır və şirkət onun razılığı ilə hər ay onun məvacibindən 10% kəsərək işçilər üçün olan xüsusi hesaba yerləşdirir. Sonra şirkət işçilərin əvəzindən həmin pulu bank və müxtəlif yollarda qazanc məqsədi ilə istifadə edir. Lakin işçinin həmin məbləğin halal və ya haram qazanc yollarında istifadə edilməsi barədə heç bir məlumatı yoxdur. Təqaüd yaşına çatdıqda və ya iş müddəti bitdikdə isə şirkət işçiyə müəyyən miqdarda pul verir. Həmin məbləğ aşağıdakı formalarda olur:

– Məvacibdən hər ay tutularaq şirkətdə yığılan məbləğ.

– İl ərzində toplanmış məbləğ miqdarında şirkət tərəfindən işçiyə verilən mükafat.

– İşçi üçün toplanmş pulun şirkət tərəfindən qazanc məqsədilə istifadəsindən əldə olunmuş gəlir.

– Şirkətin toplanmış və mükafat üçün olan məbləğdən əldə etdiyi gəlirlər.

– Şirkətin toplanmış və mükafat üçün olan məbləğdən əldə etdiyi gəlirlərə görə işçiyə verdiyi qazanc.

– Xidmətin sona çatması münasibətilə və təqaüd mükafatı.

Sual isə bundan ibarətdir: Təqaüdə çıxdıqda işçinin aldığı bu pullarda şəri hüqüq baxımından (xüms) vacib olan nədir?  Xüms ona nə vaxt vacibdir, məbləği aldığı vaxtdan, yoxsa illik xərclərini çıxdıqdan sonra? Əgər şirkət hökümət və ya özəl, yaxud kafir və yaxud da müştərək olarsa vəziyyət fərqli olurmu?

Cavab: Əgər müsəlman ölkələrində olan hökümət və ya müştərək şirkət olarsa, şəri vilayəti olan şəxs əmək müqaviləsini və məbləğin qazanc məqsədilə istifadə yollarını təsdiqləməyibsə, işçinin əldə etdiyi bütün mal aldığı ilin gəlirindən hesab olunur və şəriət hakiminin izni ilə həmin ilin xərclərindən artıq qalanın xümsünü çıxarılmalıdır. Əgər şirkət özəl və ya qeyri-müsəlmanlara (istər özəl, istərsə də hökümət) məxsus olarsa, məvacibdən tutlan məbləğ onun haqqı olduğu ilinin gəlirindən hesab olunur. Həmin ilin sonunadək xümsünün çıxarılması vacibdir. Həmçinin şəri yolla əldə edilən qazancdan hasil olan gəlirlər də həmin ilin gəlirindən hesab olunur. Əgər onu götürmək mümkündürsə, həmin ilin sonunda xümsünu vermək vacibdir. Əgər mümkün olmasa, məbləği alacağı vaxtadək xümsü təxirə salmaq icazəlidir. Mükafatlara və digər qəlirlərə gəlincə alındığı ilin gəlirindən hesab olunur.   

Sual: Hökümət idarəsində işləməklə yanaşı öz  şəxsi işim də var. Hər gün rəsmi iş saatı müddəti ərzində bir və ya iki saat öz şəxsi işimlə məşğul olmağım icazəlidirmi?

Cavab: Əgər əmək müqaviləsində rəsmi iş saatında başqa işlə məşğul olmamaq haqqında öhdəçilik götürmüsənsə, icazəli deyil.

Sual: Kömrük işçilərinin aldıqları məvacib barədə rəyiniz nədir? Həmçinin əmlak sahiblərinin işlərinin asanlaşdırılması və ya kömrük rüsumunun az göstərilməsi üçün kömrük işçilərinə verdikləri məbləğ barədə rəyiniz nədir? Əgər bu iş onların razılığı ilə və ya məcburi olarsa, hökmü nədir?

Cavab: Kömrükdə işləmək öz-özlüyündə haram deyil. Həmçinin qadağan olunmuş əmtəənin idxalının qarşısını almaq haram deyil və məvacib də halaldır. Yalnız ola bilər ki, onlara haram bir əməli yerinə yetirməyi əmr etsinlər, bu halda itaət icazəli deyil və həmin əməlin müqabilində aldığı məvacib halal deyil. Pul təqdim edənlərdən nəyisə almaq əmək müqaviləsinə zidd olduğu üçün icazəli deyil.

Sual: Mən Divaniyyə (İraq Respublikasında yerləşən yer adlarından biri) su idarəsinin işçisiyəm. Məndən hər hansı bir əməli təhvil almaq tələb olunur. Müqavilə əsasında işi yerinə yetirən tərəfin heç bir qüsuru olmadığı halda mənə müəyyən məbləğ pul təqdim edir. Həmin məbləği götürmək icazəlidirmi?

Cavab: Əgər əmək müqaviləsində bu kimi pulları götürməyəcəyinə dair şərt  qyulubsa, icazəli deyil.

Sual: Üzürlü səbəb olmadan işi tərk etmək icazəlidirmi?

Cavab: Əgər əvvəlcədən müqavilədə bu barədə şərt olarsa, şərtin tələblərinə uyğun əməl etmək lazımdır. Başqa halda isə buna icazə verilmir. Bu məsələdə başqa fəqihə müraciət etmək olar.

Sual: İşə başlayarkən işçinin yerinə yetirilməsini öhdəsinə götürdüyü nizam-intizamı pozmasının hökmü nədir?

Cavab: İşçinin əmək müqaviləsi bağlayarkən riayət edəcəyinə söz verdiyi haram olmayan nizam-intizamı pozması icazəli deyil.

Sual: Qeyri-müsəlman ölkələrində özəl ofis və ya hökumət idarəsində işləyən və ya muzd müqbilində saatla hesablanan bir işi yerinə yetirən müsəlman şəxs, işdən yayınmaq məqsədilə vaxt itkisinə yol verməsi və ya qəsdən ləng işləməsi icazəlidirmi? Belə edərsə məvacibi tamamilə almağa haqqı çatırmı?

Cavab: Belə etməsi icazəli deyil. Əgər edərsə məvacibin hamısına haqqı çatmır.

Sual: Xahiş edirik, üsyankarlığa və günaha israr etmək barədə nəql olunan rəvayətləri bizim üçün zikr edəsiniz.

Cavab: Allah-təala buyurub: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar. Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir!” (Ali-İmran 135, 136)

Həzrət Məhəmməd (s) peyğəmbərdən nəql olunan bir hədisdə deyilir: “Bütün bədbəxtliklərin əlaməti, günaha israr etməkdir.”

Möminlərin əmiri imam Əli (ə) buyurub: “Ən böyük günah, sahibinin israr etdiyi günahdır.”

İmam Cəfər Sadiq (ə) buyurub: “Yox, and olsun Allaha ki, Allah Ona qarşı üsyankarlığa israr etməklə yanaşı itaətində edilən heç bir əməli qəbul etməz.”

Güləşmək

Sual: Sahibinin icazəsi ilə xoruz və ya öküz döyüşdürmək icazəlidirmi?

Cavab: Malın tələfinə səbəb olmasa, məkruh olmaqla icazəlidir.   

Sual: Güləşlə məşğul olmaq icazəlidirmi?

Cavab: Girov qoyulmadığı və bədənə həddindən artıq zərər olmadığı halda güləş və boksla məşğul olmaq icazəlidir.

Sual: Qadınların müxtəlif döyüş növləri ilə məşğul olmaları icazəlidirmi? Qadınların döyüş növü ilə məşğul olan kişilərin açıq bədənlərinə birbaşa və ya televizor vasitəsilə şəhvət qəsdi olmadan baxmaları icazəlidirmi?

Cavab: Özünə və başqasına haram olacaq həddə zərər olmasa, icazəlidir. Vacib ehtiyata əsasən, qadın hətta televizor vasitəsilə də şəhvət qəsdi olmadan belə, (yad) kişinin əl, üz və ayaqlar və bu kimi üzvlər istisna olmaqla adətən örtülü olan bədən üzvlərinə  baxmasın.

Sual: Televizorda nümayiş etdirilən Amerika güləşinə tamaşa etmək icazəlidirmi? Belə ki, orada aşkarcasına ağrıdıcı zərbə vurulur, bədən üzvləri sındırılır və bu kimi insanın şərəf və ləyaqətinə xələl gətirən hərəkətlər olur.

Cavab: Qeyd olunan mənzərərəyə tamaşa etmək öz-özlüyündə haram deyil. Lakin tamaşıçıların əxlaqının pozulmasına, onlarda düşmənçilik hislərinin yaranmasına, başqalarına qarşı aqressiv davranmalarına səbəb olarsa, belə şeylərə tamaşa etməkdən çəkinmək vacibdir.

Sual: Mənim döyüşkən xoruzlarım var. Mərc gələrək onları döyüşdürürəm. Bu, icazəlidirmi?

Cavab: İcazəli deyil. 

Gen müayinəsi

Sual: Mömin bir kişi möminə xanımla müvəqqəti nikah müqaviləsi bağladıqdan sonra onunla yaxınlıq etmədən müəyyən müddət şəhvani təmasda olmuş sonra müddət tamamlanmadan əvvəl qalan müddəti ona bağışlamış və ya müddət tamam olduğu üçün ayrılmışlar.  Həmin xanım yaxınlıq olmadığı üçün birincidən iddə müddətini gözləmədən başqa kişi ilə nikah müqaviləsi bağlamışdır. İkinci daimi evlilikdən sonra hamilə olduğunu hiss etmiş və həkimə müraciət etmişdir. Dopler ultrasəs müayinəsindən sonra həkim onun 4 aylıq hamilə olduğunu bildirmişdir. Qadın vəziyyəti barədə ikinci ərinə xəbər vermişdir. Həmçinin qadının birinci ərdən ayrldıqdan sonra və ikinci ərə getməmiş heyz olduğu məlumdur. Lakin həmin qanın heyz və ya başqa qan olması barədə şəkk etmişdir. Uşaq dünyaya gəldikdən sonra rəsmi qurumlarda ikinci əri ata olaraq qeyd olunmuşdur. Uşaq dünyaya gəlməsindən 16 il sonra isə ikinci ər həmin uşağın ondan və ya birinci ərdən olması barədə qəlbində yaranan şəkkə son qoymaq istəmişdir. Həkim onun üçün gen analizi etmiş və uşağın ondan olmaması aydın olmuşdur. İkinci ərlə birinci ər uşağın  kimdən olması barədə çaş-baş qalmışlar. Bu barədə Sizin  rəyiniz nədir? Bununla yanaşı ki, onu 16 il öz uşağı hesab etdiyi və ata olaraq onun adına qeyd olunmasından sonra  əgər uşaq ikinciyə nisbət verilməsə, o, psixoloj zərbə amış olur. Həmçinin qadınla birinci ər də psixoloji və ictimai zərbə almış olacaq. Əgər uşağın birinci kişiyə nisbət verilməsini fərz etsək həmin qadın ikinci kişiyə əbədi haram olurmu? Çünki ikinci kişi qadın birincidən hamilə qaldığı halda onunla cinsi əlaqədə olmuşdur.

Cavab: Əgər gen müayinəsi şəxsi rəyə deyil, sırf elmi araşdırmanın nəticəsidirsə, sualın cavabı budur ki, uşaq ikinci ərə aid deyil. Uşağın ala biləcəyi psixoloji zərbənin qarşısı münasib yolla alınmalıdır. Məlum olsun ki, həmin uşaq halalzadədir. Əgər qadının ikinci ərlə evləndiyi və yaxınlıq etdiyi vaxt birinci ərdən hamilə olduğu sübut olunarsa, əbədi olaraq ona (ikinciyə) haramdır. Çünki başqasının iddəsində qadınla evlənmək, hətta bilmədən olsa belə əbədi haramlığa səbəb olur.

Sual:

1. DNT analizi 100% uyğun olarsa uşağın ataya nisbət verilməsində şəri dəlil hesab olunurmu? Uyğunluq olmadıqda atalıq və nəsil qohumluğunun inkar olunması üçün dəlil hesab olunurmu?

2. Əgər atalıq qeyri-şəri yolla olarsa həmin uşağı bioloji atasına nisbət vermək - hətta uşaq üçün (xüsusilə də qız uşağı üçün) fəsad yaransa belə - vacibdirmi? Bu uşaq üçün (xüsusilə də qız uşağı olduqda) baş verə biləcək fəsadı dəf etmək məqsədilə həqiqi atası olmayan birinin adına qanuni baxımından qeyd etdirmək icazəlidrimi?

Cavab:

1. Qeyd olunan analizin nəticəsi şəxsi rəydən kənar sırf elmi  yollara əsaslandığı üçün etibarlı sayılır.

2. Bəli, vacibdir. Fəsadın baş verməsi uşağı atasından başqa birinin adına qeyd etdirməyin haramlığından çıxış yolu olması üçün – baxmayaraq ki, bunun özündə də fəsad vardır – zahirə uyğun deyil.

Sual: Bir kişi təqribən 12 ildir ki, bir qadınla evlənmişdir. 8 il keçdikdən sonra qadın iki qız uşağı dünyaya gətirdi. Bir neçə aydır ki, kişi arvadının başqa kişi ilə əlaqədə olduğunu iddia edir. Bunun nəticəsində də iki qız uşağının ona aid olması barədə şübhələnməyə başlamışdır. Buna görə də onun, arvadının və iki qız uşağının DNT analizləri verilmişdi.  Analizin nəticəsində sübut olunmuşdur ki, iki qız uşağının ondan (ərdən) olması ehtimalı yoxdur.

1. Bu analizlərin nəticəsində atalıq inkar edilməlidirmi?

2. Əgər cavab müsbət olarsa, həmin iki qız uşağının ondan olmamasını bildiyi halda onun adında qalması icazəlidirmi?

3. Böyük məreyi-təqlid müctəhid Seyid Əbulqasim Xoyinin (Allah ona rəhmət eləsin!) ərin uşaqların atası olmamasını dəqiqləşdirmək üçün hətta DNT analizlərinin icra edilməsindən sonra belə, onun şəriət baxımından ata olaraq qalması fətvası nəql olunur. Sizin bilginizə görə bu doğrudurmu?

Cavab:

1.Əgər DNT anlizlərinin nəticəsi şəxsi rəy olmadan sırf elmi yollara əsaslanırsa nəticəyə əməl edilməlidir.

2. İcazəli deyil.

3. “Uşaq yatağa (şəri ataya) aiddir” qaydası mərhum Seyid Xoyinin (Allah ona rəhmət eləsin!)  nəzərində şəkk edən üçün keçərlidir. Amma qaydanın tələbinə müxalif elm (bilgi) hasil olarsa, bunu bilən şəxs bilgisinə uyğun əməl etməlidir.

Sual: Bir qadının əri vəfat edib. Həmin kişidən iki qızı vardı. Ər vəfat etdikdən sonra başqa bir qadın iddia edir ki, mərhumun zövcəsi olmuş və ondan bir oğlu və iki qızı var. Lakin onun evliliyini sübut edəcək yazılı şəri nikah müqaviləsi yoxdur. Sadəcə olaraq uşaqların doğum haqqında şəhadətnamələri var və orada uşaqların mərhuma nisbəti qeyd olunub. Bununla yanaşı mərhumun qardaşları və başqaları  bu evliliyin həqiqətən baş verməsinə və uşaqların mərhumdan olmasına şahidlik edirlər. Belə ki, bu şahidlik şəri dəlili tam ehtiva edir. Öz növbəsində birinci qadın – bu hadisə barəsində çoxlu dəlillər gətirərək geniş izahatlar verərək – iddia edir ki, bu övladlar ərindən qeyrisinin spermasından götürülmüş və süni mayalanma ilə dünyaya gəlmişlər. Bu barədə hökm məqamında isə mütəxəssislər inkişaf etmiş tibbi analizlər icra etməyi təkid edirlər. Həmin analizlərin cavabı 100% doğru olacaq. Bunun sayəsində isə övladlarının mərhuma aid olmasını iddia edən qadının iddiasının doğru və ya yalan olması tamamilə məlum olacaq. Buna əsasən aşağıdakı suallara cavab verməyinizi xahiş edirik:

1. Şəri dəlil (şahidlər) olduğu halda bu analizlərin nəticəsi höccət (dəlil) sayılırmı?

2. Şəri dəlil (şahid) olmadıqda həmin tibbi analizlər höccət hesab olunurmu?

3. Möhtərəm Seyidin qohumluq əlaqəsinin sübuta yetirilməsi üçün heç bir şəxsi rəyə istinad edilmədiyi halda sırf tibbi analizlərdən istifadə etmək barədə rəyi nədir? Əgər tibbi analizlərin cavabı ilə şəri dəlil arasında ziddiyyət olarsa nə etmək lazımdır?

Cavab: Şəri məhkəməyə müraciət olunmadan hadisənin təfsilatını qəti şəkildə bilmək mümkün deyil. Lakin ümumi olaraq:

1. Evliliyin və ya qohumluq əlaqəsinin sübutu üçün iki ədalətli kişinin şahidliyi yetərlidir. Qohumluq əlaqsəinin doğru və yalan olmasını dəqiqləşdirmək üçün başqa yollara baş vurmağa ehtiyac yoxdur. Lakin tibbi analizlərin cavabı şahidlərin qohumluq barədə verdiyi ifadə ilə ziddiyyət yaradarsa, deyiləcək hökmlərə əməl etmək lazımdır.

2. Qohumluq əlaqəsi və bu əlaqənin hökmlərinin icrası yalnız şəriətin təyin etdiyi yolla və ya heç bir şəxsi rəyin müdaxiləsi olmadan sırf elmi vasitə ilə sübuta yetir. Qeyd olunan tibbi analizlər bu minvalla olarsa, onun nəticəsinə istinad edərək hökm vermək icazəlidir. Əks təqdirdə, icazəli deyil.

3. Yuxarıda qeyd etdik ki, tibbi analizlərin vasitəsilə qohumluq əlaqələrinin isbatı əldə olunan nəticə heç bir şəxsi rəyə istinad edilmədikdə və aşkar olması ilə məqbul sayılır. Nə vaxt bu xüsusiyyətlər olarsa, deməli, nəticəyə müxalif olan şahidliyin səhv olduğu məlum olur və şahidlərin sözü əsas götürülmür.

Sual: Xəstəlik vəziyyətinə görə həkim xəstədən onun spermasının analizini tələb edir. Şəri yolla spermanın xaric edilməsi mümkün deyil. Çünki bu, həkimin yanında olmalıdır. Bu halda nə etmək lazımdır?

Cavab: Əgər xəstə buna məcbur olarsa, icazəlidir.

Sual: Xəstənin uşaq dünyaya gətirmək gücünü yoxlamaq məqsədilə həkim ondan spermasının analizi üçün istimna (onanizm) etməsini tələb edir. Bunun hökmü nədir?

Cavab: Buna məcbur olmadığı təqdirdə, istimna etməsi icazəli deyil.

Sual: Hamiləlik dövründə uşağın cinsini (oğlan və ya qız olmsını) təyin etmək üçün ginikoloji klinikaya müraciət etmək icazəlidirmi?

Cavab: Öz-özlüyündə bu işin heç bir maneəsi yoxdur.

Sual: Bəzi qərb ölkələrində elə müəssisələr var ki, DNT analizləri vasitəsilə insanın – hətta qədim olsa belə –  hansı ailəyə mənsub olmasının doğru və yalan olmasını sübut edir. Burada bir neçə sual meydana çıxır;

1. Qeyd edilən analizi etdirmək icazəlidirmi?

2. Bu analizin nəticəsini şəri dəlil hesab edərək ona etimad etmək olarmı?

3. Əgər qeyd edilən analiz nəticəsində əldə olunan bilgi müqəddəs şəriətlə ziddiyyət yaradarsa nə etmək lazımdır?

Cavab:

1. Bu işin öz-özlüyündə heç bir maneəsi yoxdur. Lakin onun (anlizlərinin) nəticəsi şəxsi rəyin müdaxiləsi olmadan sırf elmi yollara əsaslanmasa, heç bir şəri təsiri yoxdur.

2. Yalnız qeyd edilən  halda bu cür ola bilər.

3. Doğru bilgi heç vaxt müqəddəs şəriətlə ziddiyyət yaratmaz. 

Sual: Hansı  növ mənfəət müqabilində əmlakı icarəyə vermək olar?

Cavab: İcarəyə verilən əmlakdan əldə olunan mənfəətin 4 şərti var:

1. Həmin mənfəət halal olmalıdır. Əgər yalnız haram mənfəət əldə olunması mümkün olarsa və ya haram mənfəət əldə olunması müqabilində əmlakdan istifadə edilməsi şərt qoyularsa, yaxud da müqavilə buna (haram mənfəətə) əsasən olarsa, icarə batildir. Məsələn, dükanı araq satmaq və ya orada araq saxlamaq və ya nəqliyyat vasitəsini araq daşımaq şərti ilə icarəyə verərsə, icarə batildir.

2. Vacib ehtiyata əsasən, mənfəətin ağıl sahiblərinin nəzərində pul müqabilində müəyyən dəyəri olmalıdır.

3. Mənfəətin növü təyin olunmalıdır. Əgər nəqliyyat vasitəsindən  minik və yük daşımaq üçün istifadə etmək mümkündürsə icarədarın minik, yükdaşıma və ya hər ikisindən istifadə etmək hüququnu təyin etmək vacibdir.

4. Mənfəətin miqdarı təyin olunmalıdır. Ev, dükan və bu kimi daşınmaz əmlakda icarənin müddəti təyin olunmalı, müəyyən bir  köynəyi müəyyən formada tikmək  və ya müəyyən yol ilə müəyyən məntəqəyə maşın sürmək kimi işin növü təyin olunmalı və ya müəyyən məsafəyə nəqliyyat vasitəsinə minmək kimi məsafənin təyin olunması şərtdir.

Sual: İcarədən nəzərdə tutlan mənfəətin şərtləri hansılardı?

Cavab: İcarəd nəzərdə tutulan mənfəətin şərtləri aşağıdakılardı:

1. Həmin mənfəət halal olmalıdır. Əgər yalnız haram mənfəət əldə olunması mümkün olarsa və ya haram mənfəət əldə olunması müqabilində əmlakdan istifadə edilməsi şərt qoyularsa, yaxud da müqavilə buna (haram mənfəətə) əsasən olarsa, icarə batildir. Məsələn, dükanı araq satmaq və ya orada araq saxlamaq və ya heyvanı  araq daşımaq şərti ilə icsrəyə verərsə, icarə batildir.

2. Vacib ehtiyata əsasən, mənfəətin ağıl sahiblərinin nəzərində pul müqabilində müəyyən dəyəri olmalıdır.

3. Mənfəətin növü təyin olunmalıdır. Əgər əmlakdan müxtəlif mənfəətlər əldə etmək olarsa, məsələn, icarəyə verdiyi heyvandan minik və yük daşımaq üçün istifadə etmək mümkündürsə, icarədarın minik və ya yükdaşıma yaxud da hər ikisindən istifadə etmək hüququnu təyin etmək vacibdir.

4. Mənfəətin miqdarı təyin olunmalıdır. Evi bir il və ya bir ay müddətində kirayə vermək, bir və ya bir neçə fərsəx məsafə qət etmək üçün nəqliyyat vasitəsini icarəyə vermək, müəyyən bir  köynəyi müəyyən formada tikmək və ya müəyyən yol ilə müəyyən məntəqəyə maşın sürmək kimi işin növü təyin olunmalıdır.

5. Birinci və ikinci halda müddətin təyin olunması vacibdir. Əgər evi bir illik kirayə versə və nəqliyyat vasitəsini bir fərsəx məsafəni qət etmək üçün icarəyə verərsə, lakin icarənin başlama zamanını təyin etməsə, icarə batildir. Amma icarə zamanının başlanğıcını bildirən əlamət varsa, məsələn, yaxın zamanda olacağı bəlli olarsa, icarə batil deyil. Dərzilik və bu kimi işlərdə icarə zamanının başlanğıcının məlum olması əsas deyil.  İcarəçi tələb etdiyi zaman həmin işi yerinə yetirmək vacibdir. Bu işin yerinə yetirildiyi fərqli zamanlarda fərqli istəklər olmadığı halda  hökm eynidir. Əks təqdirdə, bu məsələdə də işin başlama zamanını təyin etmək vacibdir.

Sual: Can verən şəxsin hökmləri hansılardır?

Cavab: Ehtiyata əsasən, mömin və onun hökmündə olan şəxs, can verərkən üzü qibləyə çevrilməlidir. Belə ki, onu arxası üstə yatırmalı və ayaqlarını uzatmalıdırlar. Onu arxası üstə elə uzatmalıdırlar ki, əgər oturmuş olsa idi, üzü qibləyə oturardı. Can verən şəxsin, - əgər özü edə bilirsə, bunu etməsi müstəhəb ehtiyatdır. Can verən şəxsi qəyyumdan qeyrisinin üzü qibləyə çevirməsi məsələsində qəyyumun icazəsi şərt deyil. Bu hökm, can verən şəxsin özünün buna razı olduğu və qəyyumdan qeyrisinin səhlənkarlıq etməməsi bilindiyi hala aiddir. Əks təqdirdə, ehtiyata əsasən, qəyyumdan icazə alınmalıdır.

Alimlər (Allah onlardan razı olsun!) qeyd ediblər ki, can verən şəxsi, çətin can verdiyi təqdirdə, əgər ona əziyyət deyilsə, namaz qıldığı yerə aparmaq müstəhəbdir. Həmçinin can verən şəxsə “kəlmeyi-şəhadəti”, həzrət Məhəmmədin (s) peyğəmbərliyini, məsum imamların (ə) imamlığını və digər haqq olan inancları etiraf etməyi, “Fərəc” kəlmələrini oxumağı təlqin etmək müstəhəbdir. Can verən şəxsin yanında cənabət və heyz halında dayanmaq, eyni zamanda ruhu bədənindən ayrılarkən ona toxunmaq məkruhdur və hətta, bu iş ehtiyata əsasən, tərk edilməlidir. Can verən şəxs vəfat etdikdən sonra onun gözlərini, ağzını və çənəsini bağlamaq, ayaqlarını və əllərini yanına uzatmaq, üzərini parça ilə örtmək, yanında Quran tilavət etmək, mövcud olduğu evdə işıq yandırmaq, cənazəsində iştirak etmək üçün möminləri xəbərdar etmək və təchizi (qüsl, kəfən edilməsi) üçün tələsmək müstəhəbdir. Amma vəfat edib-etmədiyində şəkk etsələr, ölməsi dəqiqləşənə qədər gözləməlidirlər. Vəfat etmiş şəxsin qarnının üzərinə dəmir və bu kimi ağır əşyalar qoymaq və həmçinin onu (mövcud olduğu otaqda) tək qoymaq məkruhdur.

Sual: Can üstə olan xəstə şəxsin sağalması ehtimalı zəif olsa, bu halda həkimin vəzifəsi nədir; xəstəni üzü qibləyə çevirməlidir, yoxsa ona təcili yardım göstərməlidir?

Cavab: Təcili yardım göstərməsi vacibdir.

Sual: “Ehtiyata əsasən, mömin və onun hökmündə olan şəxs, can verərkən üzü qibləyə çevrilməlidir”- cümləsində “...onun hökmündə”- dedikdə, kim nəzərdə tutulur?

Cavab: Mömin insandan doğulmuş və həddi büluğa çatmamış şəxs nəzərdə tutulur.

Sual: Can verən şəxsi üzü qibləyə necə çevirməliyik?

Cavab: Ehtiyata əsasən, mömin və onun hökmündə olan şəxs, can verərkən üzü qibləyə çevrilməlidir. Belə ki, onu arxası üstə yatırmalı və ayaqlarını uzatmalıdırlar. Onu arxası üstə elə uzatmalıdırlar ki, əgər oturmuş olsa idi, üzü qibləyə oturardı. Can verən şəxsə “kəlmeyi-şəhadəti”, həzrət Məhəmmədin (s) peyğəmbərliyini, məsum imamların (ə) imamlığını və digər haqq olan inancları etiraf etməyi, “Fərəc” kəlmələrini oxumağı təlqin etmək müstəhəbdir.

21 -dən səhifə 93