admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Sual: Mükəlləfin, hər hansı bir ölkəyə getməsi üçün qanuna zidd olaraq başqasının pasportunu alması və yaxud pasportdakı fotonu dəyişdirərək istədiyi ölkəyə getməsi caizdirmi? Onu da qeyd edək ki, mükəlləf sonradan həqiqəti getdiyi ölkənin aidiyyatı orqanlarına xəbər verəcək.

Cavab: Bu işə icazə vermirik.

Sual: Müsəlmanın, Avropadakı rəsmi qurumlara, onların qəbul etdiyi qanuni yollarla maddi və mənəvi dəstək almaq və üstünlüklər əldə etmək üçün doğru olmayan məlumatlar verməsi caizdirmi?

Cavab: Caiz deyildir və qeyd edilən işlər bu hərəkəti caiz etməz.

Sual: Müsəlmana, Avropa, Amerika və bu kimi ölkələrdə kafirlərin malını oğurlaması caizdirmi?

Cavab: Onların həm xüsusi, həm də ümumi mallarını oğurlamaq caiz deyildir. Eyni zamanda, İslam dini və müsəlmanların heysiyyətinə zərər vurarsa, tələf etmək də caiz deyil deyil. Hətta, bu şəkildə olmasa belə, caiz deyil. Çünki bununla müsəlmanlar, onların ölkəsinə giriş icazəsi və yaxud müvəqqəti yaşama icazəsi istəyərkən onlara verilən təminatı pozmuş olurlar. Hiyləgərlik etmək və verilən təminatı pozmaq isə hamı üçün haramdır.

Sual: Viza ilə qeyri-müsəlman ölkəsinə daxil olan mükəlləf, həmin ölkənin qanunlarına tabe olmalıdırmı? Həmçinin yol hərəkəti və işləmək qaydaları da, eyni hökmü daşıyırmı?

Cavab: Daxil olduğu ölkənin qanunlarına tabe olacağına söz veribsə, müqəddəs Şəriətimizin qanunlarına zidd olmayan məsələlərdə, verdiyi sözə əməl etməlidir. Yol hərəkəti qaydaları kimi, əsasən tabe olunmadığı təqdirdə, canı və malı toxunulmaz şəxslərə zərər verəcəksə, həmin qanunlara mütləq tabe olunmalıdır.

Sual: Bəzi nəqliyyat vasitələrində siqaret çəkməyi qadağan edən yazılar vardır. Həmin yazılara müxalif olmaq caizdirmi?

Cavab: Əgər həmin şərt, onun nəqliyyatdan istifadəsi üçün şərtin tərkib hissəsidirsə, yəni, siqaret çəkməmək şərtilə nəqliyyatdan istifadə edə bilərsə və yaxud dövlət tərəfindən müəyyən olunmuş və riayət olunması rəsmi qanundursa, həmin şərtə və qanuna riayət olunmalıdır.

Sual: Avropadakı təhsil mərkəzlərində hiylə və kopiya etmək caizdirmi? Ümumiyyətlə, istər İslam, istərsə də qeyri-İslam təhsil mərkəzlərində bunu etmək caizdirmi?

Cavab: Heç birində hiylə etmək caiz deyildir.

Sual: Müsəlman,  sığortalanmış evini qəsdən yandıraraq qeyri-müsəlman sığorta şirkətindən təzminat ala bilərmi? Əgər alarsa, həmin mala sahib olarmı?

Cavab: Malı hədər və tələf etməsi, sığorta şirkətinə qeyd olunan məqsəd üçün yalan deməsi, caiz deyildir. Aldığı mal da ona halal olmaz.

Sual: Qeyri-müsəlman ölkələrində sığorta şirkətlərini aldadmaq – bu iş, İslam və müsəlmanların nüfuzuna xələl gətirməyəcəyinə əmin olsa belə - caizdirmi?

Cavab: Xeyr, caiz deyildir.

Sual: Qərbdə yaşayan bir müsəlman, öz ölkəsində uzun müddət maşın sürmək təcrübəsinin olduğunu iddia edərək sözünü rəsmi sənədlə təsdiqləyir. Sonda məqsədinə çataraq, bu işdən faydalanır. Hal-hazırda bu sözlərində tövriyə işlədərək həqiqətə uyğun olmayan formada davranması (sözlərində həqiqəti göstərməməsi) caizdirmi? Həmçinin, bu işdə ona kömək etmək doğrudurmu?

Cavab: Qeyd olunan məqsəd üçün yalan danışmaq caiz deyil. Həmçinin bu işdən qazanc əldə etmək də caiz deyildir. Həmin işdə ona yardımçı olmaq isə, günah etməyə yardımçı olmaqdır.

Sual: Qeyri-müsəlman ölkədə işıq, su və ya qaz sayğaclarına müdaxilə etmək (onların işini dayandırmaq) caizdirmi?

Cavab: Caiz deyildir.

Sual: Qeyri-müsəlman şirkətdə işləyən müsəlman, şirkət rəhbərliyinin xəbəri olmadan şirkətə aid olan avadanlığı götürə bilərmi? Bunu etmək caizdirmi?

Cavab: Xeyr, caiz deyildir.

Xüms

Sual: Banka əmanət qoyulmuş məbləğə, hökümət tərəfindən verilmiş aylıq məvacib də üzərinə əlavə olunarsa, xüms vacib olarmı? Belə ki, bu məbləğin üzərindən bir il ötüb, amma onu bank hesabından geri çəkməyiblər. Bu hesabın gəlirlərinə, əgər hesab artmış olarsa, xüms vacib olarmı?

Cavab: Məvacibə, üzərindən bir maliyyə ili keçdikdən sonra xüms vacib olur. Gəlirə gəlincə; əgər bank, hökümət və yaxud müştərək bankdırsa bu halda, şəriət hakiminin icazəsilə ona sahib olur və onun xümsünü vermək vacibdir. Məlumdur ki, Ayətullah Sistani cənabları həmin gəlirin yarısını yoxsul dindarlara sədəqə verdikdən sonra onu əldə etməyə icazə verir.

Sual: Əgər bir şəxs  ev almaq, yaxud gələcəkdə hökümət tərəfindən verilən evi təmir etmək, ya da hökümət tərəfindən verilən torpaq sahəsində ev tikmək üçün pul yığarsa, bir il tamam olduqdan sonra həmin pula xüms vacib olarmı? Əgər həmin pula xüms vacib olmasa və pul sahibi həmin puldan bir miqdar götürüb həccə getmək istəyərsə, həccə getməmişdən əvvəl bu pulun xümsünü verməlidirmi?

Cavab: Bəli, həmin pulun xümsünü vermək vacibdir.

Sual: Mən atamın verdiyi pul ilə paltar alıram və bilirəm ki, o, nə xüms, nə də zəkat verir. Mənim onun pulu ilə aldığım paltarla namaz qılmağım, həmçinin onun evində namaz qılmağım və ondan pul almağım caizdirmi?

Cavab: Bütün bunlar caizdir.

Sual: Bir şəxsin malına xüms vacib olub. Həmin şəxs, həccinin doğru olması üçün həcc məsrəflərinin xümsünü ödəyib, yerdə qalan malının xümsünü həcdən qayıtdıqdan sonra ödəyir. Bu əməl, caizdirmi?

Cavab: Xümsü gecikdirmək caiz deyil. Çünki bu, haram və qəsbdir. Əgər həmin şəxs, malının bir qısminin xümsünü verib həccə gedərsə, həcci düzgündür. Lakin yerdə qalan malının xümsünü gecikdirdiyi üçün günahkardır.

Sual: Bir şəxs xüms vermir. Lakin hər il malından yoxsullara pərakəndə şəkildə paylayır. Həmin şəxsin dəlili budur ki, xüms verilən mallar, ölkəsində yoxsullara paylanmır.

Cavab: Bununla təklif üzərindən qalxmır. Həmin şəxs, malının xümsünü hesablamalı, sonra isə sərf etmək üçün ya şəriət hakimindən, ya da nümayəndəsindən icazə almalıdır.

Sual: Torpaq, ev, maşın və bu kimi şeylər üçün yığılan pula xüms vacib olarmı?

Cavab: Bəli, il ərzində ehtiyaclar üçün xərclənməsə, vacib olar.

Sual: Hədiyyə olunmuş torpaq sahəsinə xüms vacib olarmı?

Cavab: Hədiyyəni aldıqdan sonra bir il ötsə və ehtiyaclar üçün istifadə olunmasa, hal-hazırki qiymətinin xümsünü vermək vacibdir.

Sual: Bir şəxs, qəzetdə keçirilən müsabiqədə qalib olaraq müəyyən məbləğ qazanıb. Bu məbləğə dərhal xüms vacib olarmı?

Cavab: Vacib olmaz, çünki bu məbləğ il ərzində əldə olunan qazancdır.

Sual: Sahibinin xüms vermədiyi və malı da haram olan evdə yemək yemək caizdirmi?

Cavab: Caizdir.

Sual: Ərinin, paltar, ev əşyaları və bu kimi xanımının istifadə etməsi üçün aldığı əşyalara xüms vacib olarmı? Əgər bir il istifadə edilmədiyi üçün onlar xüms vacib olarsa, xümsü kim ödəməlidir; ər yoxsa xanım?

Cavab: Əgər ər, həmin əşyaları xanımının sahib olması üçün ona verərsə, bu halda, xanım il ərzində ehtiyacdan artıq qalanın xümsünü ödəməlidir. Əgər ər, həmin əşyaları xanımına, istifadəsinə icazə vermək məqsədilə verərsə, bu zaman ər, illik ehtiyacdan artıq qalanın xümsünü verməlidir.

Sual: Mən bərbər işləyirəm. İşimlə əlaqədar olaraq, ya hər həftə, ya hər ay, ya da hər il bəzi alətlərimi təzələyirəm. Nəzərinizə çatdırım ki, bu alətlər mənim ehtiyacım sayılır. Belə olan halda həmin alətlərə xüms vermək vacibdirmi?

Cavab: Xüms vacibdir.

Sual: Aşağıda qeyd olunanlara xüms vacibdirmi;

1. Xüms günündə evdə olan pəncərə qırağına qoyulan dipçək qablarda olan təbii çiçəklərin, güllərin də xümsü hesablanmalıdırmı?

2. Xüms günündə çaynikdə, hamamın su çənində və həmçinin bağın həyətindəki hovuzda olan suların da qiyməti hesablanıb xümsü ödənməlidirmi?

3. Xüms günündə divarlardan asılan tabloların (mənzərə, şəxs rəsmləri və s.) da xümsü hesablanmalıdırmı?

4. Xüms günündə şkaflarda saxlanılan xatirə şəkillərinin də xümsü hesablanmalıdırmı? Əgər həmin şəkillərə bir il ərzində baxılmasa hökm necədir?

5. Xüms günündə evdə saxlanılan ev quşları (bülbül və ya popuqay) və ya akvariumda saxlanılan balıqların da xümsü hesablanmalıdırmı?

Cavab: Bunların heç birinə xüms vacib deyildir.

Sual: Ayətullah Sistaninin risaləsində belə bir məsələ var:

Əgər qazancından xumsu verməzdən əvvəl evi üçün əşya alarsa, mənfəət ili keçdikdən sonra ehtiyacı qalmasa, onun xumsunu vermək lazım deyildir. Həmçinin əgər ilin ortasında ehtiyacı aradan qalxsa, amma o şey qışlıq və yaylıq paltarı kimi adətən sonarkı illər üçün saxlanan bir şey olsa, bu təqdirdə, xumsu yoxdur. Bu kimi şeylərdən başqasında il boyu ona ehtiyacı aradan qalxsa, vacib ehtiyat odur ki, xumsunu versin. Qadınların zinət əşyaları da, qadının onlardan zinət kimi istifadə etməsi zamanı keçdiyi təqdirdə, xumsu yoxdur.

Düz başa düşüb-düşməməyimiz üçün soruşuruq:

1. Bu fətvadan belə başa düşülür ki, bir insan ehtiyacı olan bir şeyi alırsa və xüms ilindən sonrakı ildə ona ehtiyacı qalmırsa və onu illərlə istifadə etməsə belə, həmin əşyaya xüms düşməz. Bu, belədirmi?
2. Bu fətvaya kitab və ümumiyyətlə ərzaq, dərman, hamamda istifadə olunan sabun kimi şeylərdən başqa bütün əşyalar aiddirmi?
3. Bir insan ehtiyacı olan bir əşya alıb, lakin xüms ilindən sonrakı illər istifadə etməyib. Gələcəkdə ehtiyacı olacaq, lakin bir il keçməsinə baxmayraq ondan istifadə etməyib. Ağanın bu fətvası həmin məsələyə də aiddirmi?
4. Bir xanıma ehtiyac olduğu üçün zinət əşyaları alınmışdır. Lakin xüms ili keçdikdən sonra bir neçə il onlardan istifadə etməmişdir. Ola bilsin ki, istifadə etsin. Bu halda onların xümsü vacibdirmi?
Cavab: 1. Əgər birinci ildə ondan istifadə etsə və həmin ilin sonunadək ona olan ehtiyacı aradan qalxmasa, hərçənd ilin sonundan sonra bir neçə il ona ehtiyacı olmasa, xüms düşmür. 

2. Hər bir şeyə şamildir.

3. Xüms düşür və ümumi şəkildə hər nəyi alsa və il əsnasında ondan istifadə etməsə xüms düşür.

4. Əgər birinci il boyu ona olan ehtiyacı aradan qalxmasa xüms düşmür.

Sual: Bir şəxsə eyni vaxtda həm xüms, həm də həcc vacib olub. Həmin şəxs bunlardan hansi birini irəli salmalıdır. Belə ki, əgər xümsü versə həccə gedə bilməyəcək və həccə getsə xümsü verə bilməyəcək. Həmin şəxsin vəzifəsi nədir?

Cavab: Şəxsin boynuna xüms gəlibsə hansı ki, müəyyən miqdarda pulu da var, amma xümsünü verəsi olsa, həcc üçün kifayət etməyəcək, bu halda xümsünü verməsi vacibdir və həcc ona vacib olmur. Bu məsələdə xümsün malın özünə və yaxud boynuna gəlməsində heç bir fərq yoxdur.

Sual: Oruc tutan şəxsin burun damcısından istifadə etməsi caizdirmi?

Cavab: Əgər daxilə getməyəcəyinə əmin olarsa, caizdir.

Sual: Ramazan ayında həkimə müraciət etmək məcburiyyətində qaldım. Həkim burnuma dərman qoydu və bir müddət keçəndən sonra qida borusunda dərmanın dadını hiss etdim. Həmin günün orucunun qəzasını yerinə yetirməyim vacibdirmi?

Cavab: Əgər dərman boğaza bilməyərəkdən gedərsə, vacib deyil və onun (boğaza) məcburi şəkildə getməsi məlum deyil.

Sual: Bayğınlıq halında olan şəxsin namaz və orucunun hökmü nədir?

Cavab: Əgər o, namazın bütün vaxtı ərəfəsində bayılmış vəziyyətdə olarsa, namazın qəzasını yetirməsi vacib deyildir. Lakin özü-özünü bayıldarsa, ehtiyata əsasən, qəzanı yerinə yetirməlidir. Həmçinin bayılmaq səbəbindən orucu əldən verən şəxsə qəzanı yerinə yetirməsi vacib deyildir.

Sual: Mükəlləf şəxs orucun ona zərər verəcəyi inancında olsa da, oruc tutub. Lakin sonra inancının səhv olması (orucun ona zərər verməməsi) məlum olub. Bu halda, onun orucu düzgündürmü?

Cavab: Bəli, əgər orucun xəstə şəxs üçün qanuni olmamasını bilməsə və Allaha yaxın olmaq niyyəti ilə oruc tutsa, düzgündür. Amma orucun xəstə şəxs üçün qanuni olmamasını bilib Allaha yaxın olmaq niyyəti ilə oruc tuta bilməz. Bu baxımdan orucu batil olar.

Sual: Əgər mükəlləf şəxs oruc tutmağın sağlamlığına zərər verməyəcəyini düşünüb oruc tutar və sonradan səhv düşündüyünü anlayarsa, belə ki, orucun ona zərər vurduğu məlum olarsa, tutduğu orucla kifayətlənə bilərmi?

Cavab: Lazim ehtiyata əsasən, həmin orucla kifayətlənə bilməz. Ehtiyata əsasən, həmin orucun qəzasını tərk etməməlidir.

Sual: Təklif yaşına (həqddi büluğ, yetkinlik yaşına) çatarkən xəstə idim. Müalicə üzündən oruc tutmaq mümkün olmadı. Dörd il müalicə olunduğum üçün oruc tuta bilmədim. Hal-hazırda yenə xəstəyəm. Lakin oruc əsnasında xəstəliyə qatlaşa bilirəm. Tutmadığım keçmiş Ramazan aylarının hökmü nədir? Mənə yalnız kəffarər (fidyə vermək) vacibdir, yoxsa qəza da etməliyəm. Mənim hal-hazırda tutduğum orucun hökmü nədir?

Cavab: Əgər xəstəliyin növbəti Ramazan ayına qədər davam edərsə, qəza etmək üzərindən düşər və hər gün üçün 750 qram miqdarında buğda və çörək kimi yemək sədəqə verərsən. Əgər oruc tutmaq həqiqətən də, sənə ziyan edərsə, bu zaman orucunu pozmalı və xəstəlik növbəti Ramazan ayına qədər davam etdiyi təqdirdə, fidyə verməlisən.

Sual: Xəstəlik üzündən orucunu pozan şəxs kəffarə (fidyə) verdikdən sonra, nə vaxtsa oruc tutmağa gücü olsa, (xəstəlik üzündən orucunu pozduğu günlərin) qəzasını yerinə yetirməlidirmi?

Cavab: Əgər onun xəstəliyi növbəti Ramazan ayına qədər davam edərsə, qəza etmək onun üzərindən düşər və fidyə verməsi vacibdir. Xəstəlik növbəti Ramazan ayına qədər davam etməsə, qəzanı yerinə yetirməsi vacibdir. Əgər bir il ərzində qəzanı yerinə yetirməsə, fidyə vermək ona vacib olar və hər gün üçün bir yoxsula 750 qram buğda verərsə, kifayət edər.

Sual: Ramazan ayında şəkərim düşərsə, orucumu poza bilərəmmi? Qeyd etməliyəm ki, şəkər düşərkən “insulin” iynəsini vurmaq bayılma və digər ağır hallara səbəb olur. Ramazan ayında günorta vaxtı şəkərim düşərsə, vəzifəm nədir? Ramazan ayında günorta vaxtı “insulin” iynəsini vurmağın hökmü nədir?

Cavab: Bu halda, orucu pozmağın caizdir və “insulin” iynəsini vurmaq orucu batil etmir.

Sual: Ramazan ayında günorta vaxtı “Sonar” aparatından istifadə etmək orucu batil edirmi?

Cavab: Əgər həmin aparata, (mədəyə) rahat daxil etmək üçün tibbi məhlullar sürtməyiblərsə, orucu batil etməz. Lakin ona tibbi məhlullar sürtülsə, (həmin məhlulların boğaza daxil olması ilə) oruc batil olar.

Sual: Şəkər xəstəsi olan qadın Ramazan ayında əsla oruc tuta bilməsə, vəzifəsi nədir?

Cavab: Xəstəliyi növbəti Ramazan ayına qədər davam edərsə, hər gün üçün 750 qram buğda fidyə verməsi kifayətdir və qəza etməsi vacib deyil.

Sual: Xəstəliyi növbəti Ramazan ayına qədər davam edən və qəzanı yerinə yetirə bilməyən şəxs səfər edərsə, fidyə üzərindən götürülərmi?

Cavab: Xeyr, götürülməz.

Sual: Xəstəliyinin davam etməsini bilən və yaxud bunda şəkk edən şəxs, növbəti Ramazan ayından əvvəl dərhal fidyə verə bilərmi?

Cavab: Bu yalnız xəstəliyin nə orucu, nə də qəzanı icra edə bilmədiyi vaxta qədər davam etdiyi halda, caizdir.

Sual: Orucun zərər verəcəyini zənn edən şəxsin oruc tutması caizdirmi?

Cavab: Oruc, dözülməz zərərə səbəb olarsa, düzgün deyil. Əgər oruc tutmaq ölüm və bu kimi təhlükələrlə nəticələnərsə, haramdır.

Sual: Oruc halında diş həkiminə gedən şəxsin hökmü nədir?

Cavab: Qanı və dərmanı qəsdən udmadığı təqdirdə, orucu düzgündür.

Sual: Ramazan ayında qadının daxili tibbi müayinə olunması, orucunu batil edərmi?

Cavab: Xeyr, batil etməz.

Sual: Çənbər bağırsağı iltihabından, böyrək daşı və ya duz kristallarından, yaxud sidik kisəsi iltihabından əziyyət çəkən xəstələrin orucunun hökmü nədir?

Cavab: Əgər oruc tutmaq onlara zərər verərsə, yaxud onlar oruc tutmağın zərərindən qorxsalar, oruclarını pozmalıdırlar.

Sual: Xəstə şəxsin oruc əsnasında xüsusi dərman qəbul etməsi caizdirmi? Qeyd etməliyəm ki, bu həb gündəlik qəbul olunan dərman kimidir. Əgər oruc tutan onu qəbul etməsə, orucunu tamamlaya bilməz.

Cavab: Caizdir, amma orucu batil olar. Əgər il ərzində qəzanı yerinə yetirə bilməsə, növbəti Ramazan ayı yetişdikdən sonra fidyə verməlidir. O, hər gün üçün bir yoxsula 750 qram un və yaxud xurma verərsə, kifayət edər.

Sual: Burnunda allergiyası olan şəxsin orucu düzgündürmü?

Cavab: Bəli, düzgündür.

Sual: Anam mədə xəstəliyindən əziyyət çəkir. O, oruc tuta bilməyəcəyini hiss etdiyini və nə aclığa, nə də toxluğa dözmək gücündə olmadığını, deyir. Bu halda o, oruc tutmalıdırmı?

Cavab: Əgər oruc tutmaq ona zərər yetirərsə və yaxud o, oruc tutmaqla dözülməz sıxıntıya düşərsə, orucunu pozmalıdır.

Sual: Ürəyi zəif olan və stenokardiyadan əziyyət çəkən xəstə qadına oruc tutmaq vacibdirmi? (Oruc tuta bilmədiyi halda) kəffarə verməlidirmi? Kəffarənin miqdarı nə qədərdir?

Cavab: Vacib deyil. Əksinə, oruc tutmaq ona ciddi zərər yetirərsə, (oruc tutması) haramdır. Bu halda, növbəti Ramazan ayı yetişdikdən sonra fidyə verməlidir. Fidyənin miqdarı, hər gün üçün bir yoxsula veriləcək 750 qram un və xurma kimi ərzaq məhsuludur.

Sual: Mən ağır xəstəyəm və orqanizmim də çox zəifdir. Hal-hazırda müalicə olunuram və dərman qəbul etmək məcburiyyətindəyəm. Ramazan ayının orucunu tuta bilmirəm. Mənə orucumu pozub inşallah, sonradan qəza etməyim caizdirmi? Mənə oruc tutmaqdan başqa bir əməl vacibdirmi?

Cavab: Əgər oruc tutmaq sənə zərər yetirərsə və yaxud dözülməz sıxıntıya səbəb olarsa, orucunu pozmağın caizdir. İl ərzində oruc tuta bilsən, qəzanı yerinə yetirməlisən. Amma növbəti Ramazan ayı yetişənədək xəstəlik üzündən qəzanı yerinə yetirə bilməsən, qəza üzərindən götürülər və fidyə verməyin vacibdir. Hər gün üçün bir fəqirə 750 qram un və yaxud xurma verməyin kifayətdir.

Sual: Üç il bundn əvvəl Ramazan ayında qan azlığı xəstəliyinə tutuldum və doqquz gün xəstəxanada yatdım. Həmin günlərdə oruc tutmadım və indiyədək qəzasını da yerinə yetirməmişəm. Mənim vəzifəm nədir?

Cavab: Sən həm qəzanı yerinə yetirməli, həm də gecikdirdiyin fidyələri verməlisən. Hər gün üçün bir yoxsula 750 qram miqdarında ya un, ya xurma, ya da düyü versən, kifayət edər.

Sual: Ürək, mədə xorası, miqren və qan təzyiqi xəstəliyindən əziyyət çəkən xəstələr üçün oruc tutmamaq üzrü nədən ibarətdir?

Cavab: Burada meyar, orucun həmin şəxsə zərər vurması və yaxud dözülməz sıxıntıya səbəb olmasıdır.

Sual: Oruc tutanın xəstəliyi davam edərsə, hökmü nədir?

Cavab: Əgər xəstəlik növbəti Ramazan ayına qədər davam edərsə, hər gün üçün 750 qram buğda və yaxud çörək fidyə verməsi kifayətdir və qəzanı yerinə yetirməsi vacib deyil.

Sual: Bu il Ramazan ayında oruc tutan şəxs xəstəlik üzündən səkkiz gün orucunu pozmaq məcburuyyəti qarşısında qalıb. Ramazan ayının sonrakı günlərini çətinliklədə olsa tutaraq ayı tamamlayıb. Hal-hazırda həmin günlərin qəzasını yerinə yetirə bilmir. Belə olan halda, hər gün üçün fidyə verməsi caizdirmi, yoxsa qəzanı yerinə yetirməsi vacibdir?

Cavab: Əgər oruc tutmaq ona zərər yetirərsə, yaxud onun üçün dözülməz sıxıntıya səbəb olarsa və bu hal növbəti Ramazan ayına qədər davam edərsə, qəza üzərindən götürülər və fidyə verməsi vacibdir. Hər gün üçün 750 qram miqdarında çörək, un, düyü, xurma və bu kimi ərzaq məhsullarından verməsi kifayətdir. Oruc tutmağın ona zərər yetirdiyi günlərdə tutduğu oruc düzgün deyildir. Lakin çətin olsa da, zərər yetirmədiyi halda tutduğu oruc – baxmayaraq ki, ona vacib deyildi – düzgündür.

Sual: Seyid cənabları (Allah Sizi qorusun!), mən məmuram və miqren ağrılarından əziyyət çəkirəm. İsti vaxtlarda oruc tutarkən, güclü ağrıkəsicilərdən istifadə etməyimə baxmayaraq, ağrılarım dözülməz həddə qədər artır. Mən isti vaxtlarda deyil, həmin günlərin əvəzinə başqa günlərdə oruc tuta bilərəmmi?

Cavab: Oruc tutmaqla zərərə düşən, yaxud sağalma prosesi gecikən və ya ağrıları artan xəstənin orucu düzgün deyil. Bütün bunlar normal və dözüləcək həddə olmalıdır. Bu məsələdə ya yəqin, ya zənn, ya da ağıl sahiblərinin nəzərində qorxuya səbəb olacaq ehtimal arasında fərq yoxdur. Eyni zamanda (oruc tutmaqla) xəstə olacağını bilən, yaxud bundan qorxan şəxsin orucu düzgün deyil. Amma oruc tutmaqla zərərə düşməyən xəstəyə oruc tutmaq vacibdir və orucu düzgündür. Əgər xəstəlik növbəti Ramazan ayına qədər davam edərsə, hər gün üçün bir yoxsula 750 qram miqdarında buğda və yaxud çörək kimi ərzaq məhsullarından verməsi kifayət edər və qəza etməsi vacib deyildir.

Sual: Çənbər bağırsağı yarasından əziyyət çəkən qadının orucunun hökmü nədir?

Cavab: Oruc tutmaqla zərərə düşən, yaxud sağalma prosesi gecikən və ya ağrıları artan xəstənin orucu düzgün deyil. Bütün bunlar normal və dözüləcək həddə olmalıdır. Bu məsələdə ya yəqin, ya zənn, ya da ağıl sahiblərinin nəzərində qorxuya səbəb olacaq ehtimal arasında fərq yoxdur. Eyni zamanda (oruc tutmaqla) xəstə olacağını bilən, yaxud bundan qorxan şəxsin orucu düzgün deyil. Sağaldıqdan sonra fidyə verməsi deyil, qəzanı yerinə yetirməsi vacibdir. Bəli, xəstəlik növbəti Ramazan ayına qədər davam edərsə, qəza etmək üzərindən götürülər və hər gün üçün 750 qram buğda, yaxud çörək fidyə verərsə, kifayət edər.

Amma oruc tutmaqla zərərə düşməyən xəstəyə oruc tutmaq vacibdir və orucu düzgündür.

Sual: Şəkər xəstəliyindən əziyyət çəkən şəxsin Ramazan ayının orucunu tutması ilə bağlı hökmü nədir?

Cavab: Zərərə düşmək qorxusu olarsa, oruc tutmaq vacib deyildir. Növbəti Ramazan ayına qədər qəzanı yerinə yetirmək mümkün olarsa, qəza edilər. Əks təqdirdə, hər gün üçün kiloqramın dörddə üç (750 qram) miqdarında yemək fidyə verilməlidir.

Sual: Mən babasildən əziyyət çəkirəm. Az su içməyim halımı daha da pisləşdirir. Oruc əsnasında halımın daha da pisləşməməsi üçün yalnız az miqdarda su içməyim caizdirmi?

Cavab: Oruc tutduğu üçün xəstəliyi daha da artan şəxsin orucunu pozması, caizdir.

Sual: Xəstə şəxsə nə zaman orucunu pozması caizdir?

Cavab: Aşağıdakı hallarda, xəstə şəxsin orucunu pozması caizdir;

1. Əgər oruc tutmaq şəxsin xəstələnməsinə səbəb olarsa; istər bu xəstəliyin qızdırma və baş ağrıları kimi əlamətləri olsun, istər də olmasın.

2. Oruc tutmaq xəstəliyin şiddətlənməsinə səbəb olarsa.

3. Oruc tutmaq sağalmanın lənğıməsinə səbəb olarsa.

4. Oruc tutmaq onun başqa bir xəstəliyə tutulmasına, yaxud hazırki xəstəliyində hərarətin qalxması kimi əlamətlərin üzə çıxması və ya artmasına səbəb olarsa.

Sual: Hörmətli Seyid cənabları (kölgəsi əskik olmasın!) imam (ə) payının qohum-əqrabada və qonşuluqda olan fəqirlərə verilməsinə icazə verirmi?

Cavab: Öz məntəqənizdə Seyid cənablarının (kölgəsi əskik olmasın!)  etimad olunan vəkilinə müraciət edib icazə aldıqdan sonra qeyd olunan yerlərə sərf edə bilərsiniz.

Sual: İmam (ə) payında fəqir seyidlərin haqqı varmı, yoxsa ümumi fəqirlərə verilməsi daha yaxşıdır?

Cavab: Bu məsələdə seyid olmayan fəqirlərin hər hansı üstünlüyü yoxdur. Əksinə, imam (ə) payını dini hökmlərə riayət etmək və ehtiyac kimi müstəhəq olma şərtlərinə əsasən seyidlərə verilməsi icazəlidir. 

Sual: On minlərlə möminlərin bir parça çörəyə və bədənini örtmək üçün libasa ehtiyacı olduğu halda imam (ə) payını xeyriyyə işləri üçün sərf etmək icazəlidirmi?

Cavab: İmam (ə) payını sərf edərkən ən əhəmiyyətli cəhətlər nəzərə alınmalıdır. Bunun təyini isə, ehtiyata əsasən, hər cəhətdən xəbərdar olan ələm fəqihin (daha elmli müctəhidin) öhdəsindədir.

Sual: Biz imam (ə) payını qərbdə yaşayan mömin şəxsin ailə qurmasına kömək etmək üçün sərf edə bilərikmi? Halbuki həmin məbləğə bir çox müsəlman ölkəsində yaşayan bir çox möminin evlənməsi üçün sətf etmək mümkündür. Bu haqdan daha çox sayda müstəhəqqin istifadə etməsi gərəkli deyilmi?

Cavab: Ehtiyaclı möminləri, hətta imam (ə) payından sərf etməklə olsa belə, evləndirmək müstəhəbdir. Lakin imam (ə) payının bu və ya digər məqsəd üçün sərf olunması yalnız müctəhidin və ya onun vəkilinin icazəsi olduqda, icazəlidir. İmam (ə) payının daha çox müstəhəq şəxsə sərf olunması vacib deyil. Lakin sərf olunacaq ən əhəmiyyətli məqsədlərin nəzərdə tutlması vacibdir. Belə məqsədlər  isə yerlərinə görə fərqli olur.

Sual: Mükəlləf şəxsin öz xümsünün imam (ə) payını müstəhəq olan qardaşına verməsi icazəlidirmi?

Cavab: Möhtərəm Seyid  cənabları (kölgəsi əskik olmasın!) xüms bölgüsündə imam (ə) payını sərf etmə haqqı olan şəxsə birbaşa müstəhəq olan ehtiyaclı möminlərə paylamasına icazə vermişdir.

Sual: Birja vasitəsi ilə alış-veriş etmək icazəlidirmi? Məlumdur ki, bir neçə beynəlxalq xarici şirkərlər birjalar idarə edir. Orada internet vasitəsi ilə alış-veriş yerinə yetirilir.

Cavab: Bu alış-veriş düzgündür. Lakin dəyərinin sonradan ödənilməsi şərti ilə ümumi alıb mübadilə yolu ilə ümumi satmaq düzgün deyil. Həmçinin əgər satılan mal qiyməti sonra ödəniləcək əmlak olsa, qiymət isə fərdi olarsa, lakin satıcı müamilə vaxtı əmlakının pulunu almayıbsa, müştəri aldığı səhmi ödəmə vaxtından əvvəl satmaq istəsə səhmin sahibindən başqasına satması icazəli deyil. Burada əmlakın çəki və ya ədədlə satılan növdən və ya başqa növlərdən olmasının heç bir fərqi yoxdur. Satılan əmlak çəki və ya ədədlə olarsa, onu təhvil almadan əvvəl qazanc olmadan satıcıdan başqasına satmaq icazəlidir. Ümumiyyətlə, sələm alınması icazəli olmayan (fiziki və ya hüquqi) şəxslərlə sələmlə alış-veriş edən şirkətlər və ya banklarla əməkdaşlıq etmək icazəli deyil. Çünki belə qurumların sərmayəsində iştirak etmək onların haram olan sələmli alış-verişlərində iştirak etmək deməkdir. Həmçinin həmin qrumlar araq və donuz əti kimi haram olan şeylərlə ticarət edərsə, hökm eynidir.

Sual: Gəlirlərinin müəyyən hissəsini sionustlərə verən şirkətlərlə əməkdaşlıq etmək barədə sizin rəyiniz nədir?

Cavab: Möhtərəm Seyid cənabları tərəfindən sionist şirkətləri və ya sionist qurumuna dəstək olaraq gəlirlərinin müəyyən hissəsini verən şirkətlər istisna, başqa hansı bir şirkətlə iş birliyinə icazə verilməməsi barədə hökm verilməmişdir.

Sual: Bina tikintisi ilə məşğul olan bəzi şirkətlər var. Həmin şirkətlər ev almaq və ya ev tikmək üçün vətəndaşa müəyyən məbləğ verir.  Verilən əsas məbləğin 30% -i də əlavə olunaraq ümumi məbləğ 25 il müddətinə aylıq olaraq kredit formasında hissə-hissə ödənilir. Belə şirkətlərdən kredit götürmək şəriət baxımından düzgün hesab olunurmu?

Cavab: Əgər şirkət evi tikməyi öz öhdəsinə götürüb sonra məbləğin hissə-hissə ödənilməsinə razı olarsa, bu alış-veriş düzgündür. Lakin ödəmənin gecikməsi halında cərimə tətbiq edilməsi bəndini artırmaq icazəli deyil. Bu şərt haramdır, lakin alış-veriş düzgündür.

Sual: Bəzi ticarət və istehsalat şirkətləri özəl banklardan və ya rəsmi olaraq İslami hesab olunan banklardan və yaxud digər kredit verən qurumlardan sələm şərti ilə borc alırlar. Həmçinin pullarını banklara qoymaqla qazanc əldə edirlər. Bu cür şirkətlərin səhmlərini almaq və ya layihələrində iştirak etmək icazəlidirmi?

Cavab: Əgər onlarla şəriklik sələmli alış-verişə şərik olmaqdırsa, icazəli deyil. Bəli, əgər şirkət müsəlmanlara məxsus olarsa və müsəlmanlara aid olmayan banklardan qazanc əldə edirsə, bu baxımdan onlarla şəriklik etməyin heç bir maneəsi yoxdur.

Sual: Sədəqə toplanması üçün nəzərdə tutulmuş qutulardakı pullarla ərzaq, paltar və ya yaşayış yeri alıb fəqirlərə vermək icazəlidirmi?

Cavab: Bunu yalnız şəriət hakiminin icazəsi ilə və ya (sədəqə toplanmasında) iştirak edən şəxslərin əvvəlcədən məlumatları olduğu halda məsul şəxslərin yerinə yetirməsi icazəlidir.

Sual: Möminlər xeyriyyə məqsədləri üçün mənə müəyyən məbləğdə pul verirlər. Qaytarmaq şərti ilə həmin məbləğin bir hissəsindən istifadə etmək, müəyyən bir işə sərf etmək icazəlidirmi? Yaxud həmin məbləği bankda depozit hesaba qoyub əlavə faiz gəlirindən istifadə etmək icazəlidirmi? Həmin pulların məscid, hüseyniyyə və ya başqa məqsədlər üçün sərf olunması arasında bir fərq varmı?

Cavab: Həmin məbləğdən borc olaraq istifadə etmək və ya banka qoyaraq faiz gəlirindən özün üçün istifadə etməyin icazəli deyil. Yalnız həmin məbləği verən şəxslər tərəfindən əvvəlcədən bu işlərdən birini etmək üçün sənə izn verilibsə, icazəlidir.

Sual: Təhsildə üstün olanları mükafatlandırmaq xeyriyyə əməllərdən hesab olunurmu?

Cavab: Bəli, əgər müsəlmanlara fayda verəcək elmləri mənimsəməyə həvəs yaradarsa, xeyriyyə əməllərdəndir.

Sual: Fəqirlərə yardım cəmiyyıtinin telefon, elektirik və bəzi ofis ləvazimatları toplanmış sədəqə pullarından ödənilirsə, işçilərin muzd əvəzi olaraq onlardan istifadə etmələri icazəlidirmi?

Cavab: Mütləq, ehtiyata əsasən, qeyd olunan ehtiyacları ümumi və ya bu məqsəd üçün ayrılan xüsusi məbləğlərdən ödənilsin.

Sual: Xeyriyyə cəmiyyətlərində könüllü və muzd müqabilində işləyənlərin elektirik, telefon, çap cihazı və s. şeylərdən istifadə etmək kimi hansı işləri etmələri icazəlidir?

Cavab: Əgər qeyd olunan ehtiyaclar ümumi ianələrdən və ya bu məqsəd üçün ayrlımış xüsusi ianələrdən ödənilərsə, könüllü və ya muzd müqabilində işləyən şəxsin heç bir fərq olmadan ehtiyaca görə istifadə etmələri icazəlidir.

Sual: Hər hansı bir fəqirin əvəzindən fitrə zəkatını toplayıb sonra vəkillik hökmünə əsasən onun icazəsi ilə bir gün, bir həftə, bir ay və ya daha çox müddət ərzində başqa fəqirə sərf etmək icazəlidirmi?

Cavab: Biz bu üslubu bəyənmirik. Əgər bu üsula zərurət yaranarsa, onun mövcud əmlakı ilə birlikdə toplanan zəkat malı bir illik azuqəsindən artıq olmaması vacibdir. Həmçinin onun adından toplanmış malın sərf olunması onun könül razılığı əsasında olmasına diqqət edilməlidir.

Sual: Bir kəndin əhalisinin xeyriyyə fondunda topladıqları və borc vermək, yardım etmək üçün nəzərdə tutlmuş mallar ianə edənlərin mülkiyyətindən çıxaraq nəzərdə tutulan məqsədin mülkiyyətinə keçir, yoxsa, hətta borc üçün nəzərdə tutlmuş mallar belə ianə edən şəxslərin mülkiyyətində qalır?

Cavab: Əgər xeyriyyə fondları varsa, həmin mallar onların mülkiyyətindən çıxır.

Sual: Kimin xərclərini ödəmək vacibdir?

Cavab: Övlada valideyinlərinin xərclərini ödəmək vacibdir. Həmçinin istər oğlan, istərsə də qız övladı olsun, öz övladının xərclərini ödəməsi ataya vacibdir. Yaxın qohumun (valideyin və ya övladın) xərclərinin ödənilməsinin vacib olmasının şərti onun fəqir olmasıdır. Belə ki, yaşayışı üçün yemək, libas, yataq, yaşayış yeri kimi zəruri ehtiyaclarını ödəməyə imkanı olmasın. Qohumun xərclərinin ödənilməsinin müəyyən ölçüsü yoxdur. Onların yemək, libas, yataq, yaşayış yeri kimi möhtac olduqları həyat üçün zəruri ehtiyacları, zaman və məkan cəhətdən şəninə uyğun olaraq təmin etmək vacibdir. Əgər qohumlarının xərclərini ödəmək ona vacib olan şəxs bundan boyun qaçırarsa, haqqı olan şəxs hətta, zalim hakimə müraciət etməklə olsa belə,  onu məcbur edə bilər. Əgər bu yolla onu məcbur edə bilmirsə və onun malı varsa, şəriət hakiminin icazəsi ilə onun malından ehtiyacları miqdarında götürə bilər. Bu da mümkün olmasa, şəriət hakiminin icazəsi ilə onun (fəqir valideyinin və ya övladının xərclərinin ödənilməsi öhdəsində olan şəxs) adından borc alması icazəlidir. Bununla da borc onun öhdəsində olur və borcun ödənilməsi ona vacibdir. Əgər şəriət hakiminə müraciət etmək çətin olarsa, bəzi ədalətli möminlərə müraciət edərək onun adından borc ala bilər. Bu halda da borcun ödənilməsi ona vacibdir. Əgər pak dinin, onun müqəddəs hökmlərinin və müsəlmanların şərəfinin və ya ölkələrinin qorunması bir və ya bir neçə şəxsin öz mallarından xərc çəkməsindən asılı olarsa, bu xərci çəkmələri vacibdir. Bu yolda xərc çəkən şəxs sonradan başqa birindən çəkdiyi xərcin geri qaytarılmasını nəzərdə tutmağa və ya bu məqsəd üçün çəkilən xərcin əvəzinin tələb etməyə haqqı yoxdur.

Sual: Fəqir qohumun xərclərinin ödənilməsinin vacib olma şərtləri hansılardı?

Cavab: Yaxın qohumun (valideyin və ya övladın) xərclərinin ödənilməsinin vacib olmasının şərti onun fəqir olmasıdır. Belə ki, yaşayışı üçün yemək, libas, yataq, yaşayış yeri kimi zəruri ehtiyaclarını ödəməyə imkanı olmasın. Əgər qohum şəriət baxımından fəqir hesab olunsa da, yəni, bir illik azuqəsi olmasa da, öz ehtiyaclarını təmin etməyə imkan tapırsa, onun xərclərini ödəmək vacib deyil. Amma ehtiyaclarını ödəməyə imkanı olmayan fəqir qohum dilənməklə öz ehtiyaclarını təmin etsə də, bu, onun xərclərinin ödənilməsinin vacib olmasına maneə yaratmaz. Əgər (insanlardan) kömək istədiyi təqdirdə ona mövcud ehtiyaclarının təmin olunması miqdarında mal verərlərsə, onun xərclərini ödəmək qohumuna vacib deyil. Həmçinin, əgər xüms, zəkat və sədəqə kimi fəqirlərə ayrılmış paydan öz ehtiyaclarını təmin edə bilirsə, hökm eynidir. Əgər məşəqqət və çətiniliklə yaxud sonradan ödəyə bilməyəcəyi ehtimalı ilə - əsaslı ehtimal olmadan - borc ala bilərsə və yaxud çətinlik olmadan və ödəməyə imkan olduğu təqdirdə borc almağa imkanı olarsa, zahirə əsasən, onun xərclərinin ödənilməsi vacib deyil. Əgər bir sənət və peşə öyrənməklə xərclərini təmin edəcək qədər qazanc əldə etməyə qüdrəti olduğu halda sənət və ya peşə öyrənmədiyi üçün xərclərini təmin edə bilmirsə, öyrənənədək onun xərclərini ödəmək qohumuna vacibdir. Həmçinin ağır yük daşımaq kimi məşəqqətli və yaxud bəzi insanların şəninə münasib olmayan bəzi işlər kimi şəninə münasib olmayan bir işlə məşğul olaraq xərclərini ödəməyə imkanı olduğu halda işləməsə, yenə də qohumuna onun xərclərini ödəmək vacibdir. Amma şəninə uyğun bir işlə məşğul ola bilərsə, məsələn, ağır yükləri daşımağa qüdrəti çatan güclü insan olarsa və yaxud şəninə uyğun iş tapa biləcək şəxslərdəndirsə, həmçinin müəyyən peşə və sənətləri bacaran, lakin rahatlıq üçün işləməyən kəslərdəndirsə, zahirə əsasən, onun xərclərini ödəmək qohumuna vacib deyil. Bəli, əgər onun kəsb zamanı bitərsə, bir və ya bir neçə gün xərclərini təmin etmək üçün imkanı olmasa, hətta bu acizlik onun seçimi nəticəsinda baş verərsə, onun xərclərini ödəmək vacibdir. Məsələn, kəsb etməyi rahatlıq üçün deyil, dünyəvi və ya bilməsi vacib olan elm öyrənmək kimi əhəmiyyətli dini işlər üçün tərk edərsə, buna görə onun xərclərinin ödənilməsinin vacibliyi hökmdən düşməz.

Sual: Qurani-kərimdə Allah yolunda xərcləmək barədə bəhs edən ayələr və Məsumlardan (ə) sədəqə və xərclərin ödənilməsi barədə nəql olunan hədislərdən bəzilərini qeyd edin.

Cavab: Allah-təala öz şanlı kitabında bizi Onun yolunda xərcləməyə təşviq etmiş və bu əməli xəsarətə uğramayan ticarət adlandırmışdır.

Allah-təala şanlı kitabında buyurmuşdur:

“Allahın Kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz ruzilərdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət (savab) umarlar ki, (Allah) onlara (əməllərinin) mükafatlarını versin və Öz lütfündən (kərəmindən) onlara artırsın! Həqiqətən, (Allah) bağışlayandır, qədirbiləndir! (Bəndələrinə Ona etdikləri şükür müqabilində bol nemət əta edər)”. (Fatir surəsi, ayə 29,30).

Həmçinin başqa bir surədə buyurub:

“Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, O da onun əvəzini qat-qat (birə on, yaxud birə yeddi yüz) artırsın?! Onu həm də çox qiymətli bir mükafat (Cənnət) gözləyir!” O gün (qiyamət günü, ya Peyğəmbər!) mömin kişilərin və qadınların (səmimi etiqadları və dünyada etdikləri yaxşı əməllər müqabilində nail olduqları iman) nurunun onların önlərindən və sağ tərəflərindən axıb şölə saçdığını (qıl körpüsü üstündə onlara yol göstərdiyini) görəcəksən. (Mələklər onlara deyəcəklər: ) “Bu gün sizin müjdəniz (ağacları) altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!” Bu, böyük qurtuluşdur (uğurdur)! (Hədid surəsi, ayə 11).

Üçüncü bir ayədə isə Allah-təala bizə fürsət fövtə getmədən əvvəl Onun yolunda xərcləməyə tələsməyi buyurmuşdur:

Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır.

Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! – deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin.

Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!” (Munafiqun surəsi, ayə 9,10,11).

Sonra Allah-təala bizə mallarını yığıb toplayan və Allah yolunda xərcləməyən insanların barəsində söz açaraq onların aqibətinin qorxulu və dəhşətli olacağını bəyan edir :

“(Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!

O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): “Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!” - (deyiləcəkdir!)”. (Tövbə surəsi, ayə 34, 35).

İmam Əli (ə) İslamın əzəmətli prinsiplərini canlandıraraq bu fani dünyada zahid həyatı sürərək dünyanın bər-bəzəklərindən və zinətindən üz cevirib bütün müsəlmanların beytulmalı ixtiyarında olduqda belə sahib olduğu hər şeyi Allah yolunda xərcləmişdir. Möminlərin əmiri olan Əli (ə) öz halını vəsf edərək buyurmuşdur: “İstəsəm balın ən safına, buğdanın ən yaxşısına və ipəkqurdunun toxuduğu ən yaxşı ipəyə yol taparam. Lakin əsla həvayi-nəfsim mənə qalib ola bilməz, məhrumiyyətim məni ən gözəl yeməklər əldə etməyə sövq etdirə bilməz. Bəlkə Hicazda   və ya Yəmamədə bir tikə çörək tapmayan və toxluq nə deməkdir bilməyən biri var. Ətrafımda ac qarınlar və susuz ciyərlər olduğu halda qarnı dolu yata bilərəmmi? Yoxsa “ətrafında (yəmək üçün) qurudulmuş dəri parçasına möhtac olanlar olduğu halda toxqarına yatırsansa bu sənin xəstə olmağın üçün yetərlidir” deyilən şəxs kimi olum?”

Həzrət Peyğəmbər (s) və imamlardan (ə) Allah yolunda malını xərcləyən şəxsin mal və övladın fayda verməyəcəyi Qiyamət günü gözlədiyi böyük mükafatdan əlavə olaraq, hələ bu dünyada əldə etdiyi mənfəətlər barədə çoxlu hədislər nəql olunmuşdur.

- Allah yolunda malını xərcləyən şəxsin əldə etdiyi mənfəətlərdən biri ruzidir.

Həzrət Peyğəmbər (s) buyurub: “Sədəqə verməklə ruzinin verilməsinə səbəb olun”.

- Həmin mənfəətlərdən biri xəstəliyin əlacıdır.

Həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: “Xəstələrinizi sədəqə verməklə müalicə edin!”

-  Malını Allah yolunda xərcləyənin əldə etdiyi mənfəətlərdən biri də uzun ömr və pis ölümün dəf olunmasıdır.

İmam Məhəmməd Baqir (ə)-ın belə buyurduğu nəql olunur: “Yaxşılıq və fəqirlik ömrü uzadar və sahibindən 70 növ pis ölümü dəf edər”.

-  Həmin mənfəətlərdən biri də borcun ödənilməsi və bərəkətdir.

İmam Cəfər Sadiq (ə) buyurub: “Sədəqə borcu ödəyər və bərəkət gətirər”.

Sədəqə verən kəsin əldə etdiyi mənfəətlərdən biri də onun vəfatından sonra övladların yaxşı halda olmasıdır.

İmam Sadiq (ə) buyurub: “Hər hansı bir bəndə dünyada sədəqə verərsə, Allah ondan sonra övladlarının vəziyyətini yaxşılaşdırar”. Həmçinin İmam Məhəmməd Baqir (ə) buyurub: “Müsəlman ailələrdən birinin dolanışığını təmin etmək, qarınlarını doyurmaq, əyinlərini geyindirmək və insanlara əl açaraq dilənməkdən onları qorumaq mənim üçün 3 dəfə ardıcıl həcc ziyarəti etməkdən, hətta 10 dəfə belə həcc ziyarətindən, hətta 70 dəfə belə həcc ziyarəti etməkdən daha sevimlidir”.

Allah yolunda xərcləmək geniş mövzudur və qısa cavabda onu əhatə etmək mümkün deyil.

Sual: Qadınların, ərləri və ya məhrəmlərindən biri yanlarında olmadan təkbaşına müqəddəs yerlərə ziyarətə getmələri barədə rəyiniz nədir?

Cavab: Bu məsələdə əsas odur ki, qadın özünün harama düşməyəcəyinə əmin olsun. Əlbəttə, qadın evli olduqda ərindən icazə almalıdır, eləcə də, valideynlərindən biri və ya hər ikisi sağ olduğu təqdirdə, qızlarının səfərdə təhlükələrlə üzləşəcəyindən qorxub onun üçün narahat olsalar, bu halda qadının onların istəyinə qarşı çıxması caiz deyildir.

Sual: Ata və anaya itaət etməyin həddi nədir?

Cavab: Övladın valideyn qarşısında iki cür borcu vardır:

Birinci: Möhtac olduqları halda, onlara dolanışıq xərclərini verməklə yaxşılıq etməsi, onların məişət ehtiyaclarını təmin etməsi, eləcə də onların normal səviyyədə yaşamaları üçün olan tələblərinə (sağlam fitrətə uyğun şəkildə) cavab verməlidir. Bu əməli tərk etmək valideynlərə qarşı nankorluqdur. Valideyinlərin ehtiyaclarının təmin olunma həddi, onların maddi baxımından rifah və sıxıntı halında olmalarından asılıdır.

İkinci: Onlarla xoş rəftar etməsi, hətta ona zülm etmiş olsalar belə, nə dildə, nə də əməldə onlara pislik etməməsi. Belə ki, hədisdə buyurulur:” (Valideynlərin) səni vursalar belə, onlara bağırma (onları qovma), de ki, Allah sizi bağışlasın!”

Bu, məsələnin onlara aid olan hissəsidir. Məsələnin övladın özünə aid olan, valideynlərin narahat olması, əziyyət çəkməsi ilə nəticələnən hissəsi isə iki qismə bölünür:

1. Valideynin narahatlığının övladına olan şəfqətindən qaynaqlanmış olması. Övladın bu cür narahatçılığa səbəb olacaq şəkildə hərəkət etməsi, istər valideyni onu bundan çəkindirmiş olsun, istərsə də olmasın, haramdır.

2. Valideynin narahatlığının hansısa bir mənfi xüsusiyyətindən, məsələn, istər dünya, istərsə də axirət işlərində öz övladının xeyir qazanmasını istəməməsindən qaynaqlanmış olması. Valideynlərin narahatlığı bu qəbildən olduqda heç bir əhəmiyyət daşımır və övladın da onların bu cür istəklərinə boyun əyməsi vacib deyildir. Bununla da aydın olur ki, valideynlərə, onların şəxsi əmr və qadağalarında itaət etmək öz-özlüyündə vacib deyildir.

Sual: Əgər Ata oğula: “Edəcəyin səfərdən sənə heç bir zərərin gəlməyəcəyini bilirəm, lakin ayrılmağın mənə əziyyət verdiyi üçün səni səfər etməkdən çəkindirirəm” ,- desə, oğulun hökmü nədir?

Cavab: Onun bu səfəri atasının əziyyət çəkməsinə səbəb olacağına görə, səfər etməsi caiz deyildir.

Sual: Valideynlərə itaət etmək vacibdirmi?

Cavab: Sözlərindən çıxmaq, övladlarına qarşı şəfqətlərindən qaynaqlanan narahatlıqlarına səbəb olduqda, onlara itaət etmək vacibdir.

Sual: Mən tələbəyəm və xaricdə təhsil almaq istəyirəm, amma valideynlərim buna razı deyillər. Bu məsələdə onların sözündən çıxa bilərəmmi?

Cavab: Sənə olan şəfqətləri üzündən narahatlıq keçirəcəkləri, acı çəkəcəkləri işlərdə onların sözündən çıxmağın caiz deyildir.

Sual: Atam mənim hicab örtməyimə qarşı olduqda ona itaət etməyim vacibdirmi?

Cavab: Allahın günah buyurduğu işlərdə ataya itaət edilməsinə icazə verilmir. Həmçinin, onun əmr və qadağaları sənə olan şəfqətindən irəli gəlmədikcə, digər işlərdə də ona itaət etməyin vacib deyildir.

Sual: Hər bir işdə, hətta gündəlik həyatdakı adi işlərdə belə, valideynə itaət etmək, məsələn, ata oğula:” Bu meyvəni ye”, “saat 10-da yat”, - dedikdə, yaxud digər bu kimi məsləhətlər verdikdə ona itaət etmək şəri baxımdan bəyinilirmi?

Cavab: Bəli, bəyənilir.

Sual: Ata oğlunu, ona hər hansı bir şəkildə zərəri dəyəcəyini ehtimal etdiyi bir işi görməkdən çəkindirdikdə, oğlu onun bu məsələdə yanıldığını düşünərsə, nə etməlidir?

Cavab: Bu kimi hallarda atanın sözündən çıxmaq olmaz. Belə ki, ata, oğluna canı yandığındığı üçün, oğlunun onun sözündən çıxması ilə, əziyyət çəkər.

Sual: Əgər ata oğluna:”Oğlum, edəcəyin səfərdən sənə bir zərərin gəlməyəcəyini bilirəm, amma məndən ayrılmağın və uzaqlaşmağın mənim üçün ağır olduğuna, mənə əziyyət verdiyinə görə səni səfər etməkdən çəkindirirəm”, - desə, oğulun hökmü nədir? Belə ki, bu halda oğul zərər görməsə də, nəticədə istəyini kerçəkləşdirməkdən məhrum olur.

Cavab: Onun bu səfəri atasının əziyyət çəkməsinə səbəb olacağına görə, caiz deyildir. 

29 -dən səhifə 93