admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Sual: Vacib həcdə bir şəxs, bir neçə nəfərin əvəzindən həcc edə bilərmi?

Cavab: Vacib həcdə bir şəxsin, bir neçə nəfərin əvəzindən həcc etməsi caiz deyildir. Bir şəxs, yalnız bir nəfərin naibi ola bilər.

Sual: Müstəhəb həcdə bir şəxs, bir neçə nəfərin əvəzindən həcc edə bilərmi?

Cavab: Bəli, edə bilər.

Sual: Bir şəxsi Təməttö həcci üçün əcir tutsalar və vaxt da təsadüfən daralarsa, bu zaman, əcir Təməttö ümrəsindən İfrad həccinə keçib İfrad həccini etdikdən sonra müfrədə ümrəsini yerinə yetirsə, naib edən şəxsin üzərindən təklif qalxarmı?

Cavab: Bəli, təklif qalxar. Amma həmin şəxs, Təməttö ümrəsinin və həccinin əməllərini yerinə yetirmək üçün əcir edilmişsə, bu zaman, ücrət almağa haqqı yoxdur. Bəli, əgər naiblik meyitin əvəzindən olmuş olarsa, bu zaman, ücrət almağa haqqı var.

Sual: Naib olan şəxsin yalnız özünün həcci yerinə yetirməsi şərt olunmasa, naib başqasını əcir tuta bilərmi?

Cavab: Bəli, əgər yalnız özünün həcci yerinə yetirməsi şərt olunmayıbsa, başqasını əcir tuta bilər.

Sual: Bir şəxs, həcc etmək üçün əcir tutularsa, əcir tutanın icazəsi olmadan, o, həmin həcc yerinə yetirmək məqsədilə başqasını əcir tuta bilərmi?

Cavab: Xeyr, əcir tuta bilməz.

Sual: Həcc etməmiş bir şəxsin, həcc etməmiş bir şəxsi naib tutması doğrudurmu?

Cavab: Həcc etmiş və yaxud etməmiş bir şəxsin, həcc etməmiş bir şəxsi naib tutmasının maneəsi yoxdur.

Sual: Qadın kişi üçün və yaxud kişi qadın üçün naib ola bilərmi?

Cavab: Naib tutanın və ya naib olanın hər ikisinin kişi və ya qadın olması lazım deyildir. Qadın kişi, kişi də qadın üçün naib ola bilər.

Sual: Həcc üçün naib olan şəxsin ədalətli olması şərtdirmi?

Cavab: Naibin ədalətli olması şərt deyildir. Lakin naib tutan, naibin həcc əməllərini yerinə yetirəcəyinə əmin olmalıdır.

Sual: Naibin üzərində, naib olduğu il vacib həcc olarsa, hiyabət həcci doğrudurmu?

Cavab: Naibin üzərində, naib olduğu il vacib həcc olmamalıdır.

Sual: Mən milad tarixi ilə 2000-ci ildə əsgəri xidmətdə olmuşam və xidmət etdiyim müddətdə orucumu tutmamışam. Amma xidməti bitirdikdən sonra orucumun qəzasını günə-gün tutmuşam. Qeyd edim ki, mənim orucun kəffarəsindən xəbərim olsa da, bu əməlin həqiqətini anlamamışam (yəni Ramazan ayında orucun tərk olunmasının həqiqətini anlamamışam). Məsələn, indiki kimi anlasaydım və əsgərlikdə olsaydım belə, çətinliklərə baxmayaraq orucu tərk etməzdim. Bir daha qeyd edim ki, həmin illərdə əsgərlərin ümumi yemək vaxtı imsak-iftar vaxtlatına uyğun gəlmədiyindən və əsgərlərə oruc tutmalarına imkan yaratmadıqları üçün əsgərlər çətinliklərlərlə üzləşirdilər. (Səhv etmirəmsə ididə belə hallar baş verir.). İndi bilmək istərdim ki, əsgərlik illərində tərk etdiyim orucun qəzasını günə-gün tutduqdan sonra mənim boynuma kəffarə orucu da vacib olarmı?

Cavab: Kəffarə ilə bağlı; əgər indi ehtimal edirsiniz ki, o zaman dini vəzifənin nə olduğunu bilmirdiniz, yaxud ehtimal edirsiniz ki, o zaman yeməyin icazəli olduğuna əmin idiniz, qəza kifayətdir, (orucu bilərəkdən pozmaq üçün gələn) kəffarə vacib deyil.

Sual: Nifaslı qadından gələn qan on günü keçmiş və qadın qan gələn bütün günlərin nifas olduğunu güman edərək bilmədən Ramazan ayının orucunu tutmamışdır. Adətindən artıq olan günlərdə tutmadığı oruclara görə ona kəffarə vacib olurmu, yoxsa yalnız qəzasını tutmalıdır?

Cavab: Əgər qan gəldiyi günlərdə ona oruc vacib olmamasına əmin idisə ona kəffarə vacib deyil.

Sual: Heyz günlərinin sayı 6 gün olan qadın Ramazan ayında heyz olduqda qan gəldiyi üçün 5 gün oruc tutmamışdır. Altıncı gün səhlənkarlıq edərək özünü pambıq vasitəsi ilə yoxlamamış və oruc tutmamışdır. Lakin həmin günü ondan qan gəlməmişdir. Həmin günün orucunu tutmadığı üçün ona yalnız qəza orucu, yoxsa kəffarə də vacibdir?

Cavab: Əgər gan gələcəyinə əmin olduğu üçün oruc tutmamışsa yalnız qəzasını yerinə yetirməlidir. Əks təqdirdə, kəffarəni də yerinə yetirmək ona vacibdir.

Sual: Fəcrə kimi (sübh azanınadək) qəsdən heyz və nifas halında qalan (qüslünü verməyən) qadının hökmü nədir?

Cavab: Heyz və nifas cənabat kimidir. Əgər qəsdən sübh azanınadək qüsl vermzsə, Ramazan ayının orucu  batil olar. Əgər qadın fəcrdən əvvəl (heyz və ya nifasdan) pak ola, qüsl verməyə vaxt olduğu halda qəsdən qüslü tərk edə, (həmin günün) orucu batil olar və qəzasını tutmaq ona vacibdir.

Sual: Uşaq dünyaya gətirdikdən sonra 18 gün ərzində hələ də nifas qanı gələn qadının Ramazan ayında orucunun hökmü nədir?

Cavab: Nifas qanı 10 gündən artıq olmur. Əgər (doğuşdan sonra) qan 10 gündən artıq gələrsə, qadının heyz günlərinin sayı sabitdirsə, adət günlərinin sayı qədər nifas hesab olunur, qalan günlər isə istihazə hökmündədir. Əgər qadının heyz günlərinin sayı sabit deyilsə, onun nifası 10 gündür. Hər iki halda nifasdan sonra gələn qan on gün ərzində gəlsə də istihazədir. Bundan sonra əgər 3 gün və ya daha çox müddət qan gələrsə, heyz qanıdır. Həmçinin, heyz qanı 10 gündən artıq olmur. Gün dedikdə bir günün gündüz vaxtı nəzərdə tutulur. Qeyd olunanlara əsasən, bu qadın indi ya heyz, ya da istihaz halındadır. İstihazə halında olan qadına oruc tutmaq, namaz qılmaq və müəyyən paklıq qaydalarına riayət etmək vacibdir. “İzahlı şəriət məsələləri” kitabına müraciət edin.

Sual: Bəzi qadınlar Ramazan ayında mübarək ayın bütün günlərini oruc tutmaq üçün heyzi (aybaşını) gecikdirən  dərmandan istifadə edirlər. Belə dərmanlardan istifadə etməyin və bu halda oruc tutmağın hökmü nədir? Dərman qəbul etməsinə baxmayaraq adət vaxtı ondan qan gələrsə nə etməlidir?

Cavab: Zərər etməyəcəyi təqdirdə, qadının belə dərmanlardan istifadə etməsi icazəlidir. Heyz qanına gəlincə, əgər dərman qəbul etdikdən sonra qan gəlməsə, heyz hökmü daşımır və orucunu davam etdirə bilər.

Sual: Hamilə qadının Ramazan ayında oruc tutması icazəlidirmi?

Cavab: Uşaq dünyaya gətirməsinə az müddət qalmış hamilə qadın (səkkizinci və doqquzuncu aylarında) özünün və ya bətnindəki uşağın sağlığı üçün zərərli olacağından ehtiyat edərsə, oruc tutmaması icazəlidir. Hətta oruc tutmaq ona və ya bətnindəki uşağa zərər edərsə, oruc tutmamalıdır. Lakin sonradan tutmadığı günləin qəzasını tutması və (hər günün) əvəzindən kəffarə verməsı vacibdir. Kəffarə olaraq fəqir bir şəxsə (hər gün üçün) 750 qram buğda və ya un vermək kifayətdir. Hətta çörək və ya makarona kimi istənilən qida məhsulunu vermək yetərlidir. Uşaq dünyaya gətirməsinə çox vaxt qalan (yəni ilk aylarında və ya yeddi ayadək olan)  hamilə qadına gəlincə; əgər oruc ona və ya bətnindəki uşağa zərərli olarsa və ya qadın adətən dözülməyəcək dərəcədə əziyyət çəkməsinə səbəb olarsa, oruc tutmaması icazəlidir. Lakin sonrada qəzasını tutmaq və kəffarə vermək vacibdir.

Sual:

1) Əgər oruc tutmaq hamilə qadına zərər edirsə, onun hökmü nədir?

2) Həmçinin süd verən qadına gəlincə, əgər oruc tutmaq südünün azalmasına və uşağın zərər çəkməsinə səbəb olarsa, nə etməlidir?

Cavab: Hamiləlikdən azad olmağa az müddət qalmış qadın özünün və ya bətnindəki uşağın sağlığı üçün zərərli olacağından ehtiyat edərsə, onun oruc tutmaması icazəlidir. Hətta oruc tutmaq ona və ya bətnindəki uşağa haram olan zərər edərsə, oruc tutmamalıdır. Lakin sonradan hər günün əvəzindən bir mudd kəffarə verməsi və tutmadığı günləin qəzasını yerinə yetirməsi vacibdir.

Südü az olan qadın özünə və ya südəmər körpəsinə zərər olacağından ehtiyat edərsə, oruc tutmaması icazəlidir. Əgər oruc tutmaq ona və ya körpəsinə haram olacaq dərəcədə zərər çəkməsinə səbəb olarsa, orucu pozmaq vacibdir. Lakin sonradan qəzasını tutmaq və həmçinin hər günün əvəzindən bir mudd kəffarə verməlidir. Süd verən qadının uşağın anası və ya başqa bir qadının könüllü yaxud muzd müqabilində süd verməsi arasında heç bir fərq yoxdur. Vacib ehtiyata əsasən, uşağın süd əmməsi yalnız süd qadının vasitəsi ilə olduqda bu hökmlə kifayətlənsinlər. Belə ki, heç bir maneə olmadan ana südü ilə yanaşı digər vasitə ilə uşağa süd verməyin başqa heç bir yolu yoxdur, hətta növbə ilə süd vermək mümkün deyil.  Əks təqdirdə, həmin qadının oruc tutmaması icazəli deyil. Bir mudd kəffarə üçün hər günün əvəzindən bir fəqirə 750 qram qida məhsulu vermək yetərlidir. Daha yaxşı olar ki, buğda və ya un verilsin. Baxmayaraq ki, çörək kimi istənilən qida məhsulunun verilməsi icazəlidir.

Sual: Hamilə qadın hamiləliyin dördüncü ayında olmasına baxmayaraq orqanizmi zəif olduğuna və həkimin oruc tutmaması tövsiyəsinə görə Ramazan ayında oruc tutmamışdır. Növbəti Ramazan ayı gəldikdə yenə oruc tuta bilməyəcək. Çünki gələn aydan etibarən artıq uşağına süd verməlidir. Bu qadının hökmü nədir?

Cavab: Əgər gücü yetərsə qəzasını tutması və həmçinin hər günün əvəzindən 750 qram buğda, un və bu kimi qida məhsulu fəqir şəxsə verməsi vacibdir.

Sual: Oruc tutmaq özünə və bətnindəki uşağa zərərli olan hamilə və ya süd verən qadın Ramazan ayından əvvəl fidyə verməsi icazəlidirmi?

Cavab: Yetərli deyil. Yalnız hamiləlik davam etdiyi halda oruc tutmadıqdan sonra fidyə verərsə yetərlidir.

Sual: Hamiləliyin sonuncu aylarında olan qadın oruc tutduğu halda zəiflikdən əziyyət çəkərsə, onun oruc tutması icazəlidirmi?

Cavab: Əgər zərərli olduğunu hiss etmirsə, özü və bətnindəki uşaq üçün təhlükə yaratmırsa və həmçinin həkimlər qadağa etmirsə, oruc tutmasının heç bir maneəsi yoxdur.

Sual: Yeddinci ayında olan hamilə qadın oruc tutur. Hər ay həkim müayinəsindən keçir. Ramazan ayının 21-i həkim müayinəsində olduqda analizdən əvvəl qəbul etməsi üçün ona dərman verilib.  Bu halda orucunu pozmalıdırmı?

Cavab: Müayinə vaxtını dəyişmək vacibdir. Əgər mümkün olmasa və müayinə edilməsi zəruridirsə, orucunu pozub sonradan qəzasını tutmalıdır. Əgər səfər edib oruc tutmaqdan azad olarsa, müayinənin vaxtını dəyişməyə ehtiyac da qalmaz.

Sual: Mən Şaban ayının 23-ü uşaq dünyaya gətirdim və Ramazan ayını tamamilə oruc tutdum. Məlumdur ki, mən hər dəfə fəcrdən əvvəl pak olurdum.Tutduğum oruc düzgündürmü, yoxsa yenidən oruc tutmalıyam?

Cavab: Uşaq dünyaya gətirdikdən sonra adət günərinin sayı qədər gələn qanı heyz, qalan günlərdə gələn qanı isə istihazə hesab etməlisən. Əgər adət günlərinin sayı 7 gün olarsa, mübarək ayın birinci günü nifaslı qadın hesab olunursan. Sonrakı günlərdə qan gəlsə də tutduğun oruclar düzgündür. Əgər oruc tutduqdan on gün keçdikdən sonra, yəni Ramazan ayının 12-i və sonrakı günlər sənin adət günlərinə təsadüf edərsə və həmin günlərdə hələ də qan gələrsə, heyz olduğun üçün oruc tutmamalısan. Hər halda sənə ibadəti tərk etməyin vacib olduğu günlərdə sonradan orucun qəzasını yerinə yetirmək vacibdir.

Sual: Mən altı aylıq hamiləyəm və həmçinin xəstəyəm. Bir neçə dərman qəbul etdiyim üçün Ramazan ayının orucunu tuta bilmirəm. Aşağıdakı sualları cavablandırmağınızı sizdən xahiş edirəm:

1) Mənə Ramazan ayının qəzasını yerinə yetirməklə yanaşı kəffarə vermək vacibdirmi?

2) Bir ayın kəffarəsini əvvəlcədən vermək olarmı, yoxsa hər günün əvəzindən ayrıca verilməlidir?

3) Ramazan ayının bəzi günlərində oruc tutub bəzi günlərini isə oruc tuta bilmirəmsə, oruc tutmadığım günlər üçün kəffarə verməliyəm, yoxsa yalnız qəzanı yerinə yetirmək vacibdir?

Cavab:

1) Əgər oruc tutmaq sizə zərəlidirsə, oruc tutmamağınız icazəlidir. Əgər xəstəlik il boyu davam edərsə, tutmadığınız günlərin qəzası vacib deyil. Hər günün əvəzindən fidyə olaraq fəqir şəxsə 750 qram un, xurma və ya bu kimi qida məhsulu verməniz vacibdir. Lakin qəzasını tutmağa imkanınız olarsa, kəffarə vacib deyil.

2) Fidyə bir il tamam olduqdan və növbəti Ramazan ayı yeyişdikdən sonra vacib olur.

3) Yalnız qəza vacibdir.

Sual: Hamilə qadın sağlamlığı üçün ehtiyat edərək Ramazan ayında oruc tumayıb sonradan qəzasını tutması icazəlidirmi?

Cavab: Əgər zərər olacağını ehtimal edərsə icazəlidir. Lakin hamiləliyin son günlərində olarsa, qəza ilə yanaşı fidyə də verməlidir.

Sual: Mən hamilə qadınam. Həkim mənə oruc tutmamağı tövsiyə edir. Mənim oruc tutmamağım haramdırmı? Mənə kəffarə vermək vacibdirmi?

Cavab: Əgər oruc tutmaq sənə və ya bətnindəki uşağa zərər edərsə, qəzasını və hamiləliyin son günlərinə təsadüf etdiyi halda fidyə verməklə oruc tutmamaq icazəlidir.

Sual: Hamilə qadının oruc tutmasının hökmü nədir?

Cavab: Uşaq dünyaya gətirməsinə az müddət qalmış hamilə qadın (səkkizinci və doqquzuncu aylarında) özünün və ya bətnindəki uşağın sağlığı üçün zərərli olacağından ehtiyat edərsə, oruc tutmaması icazəlidir. Hətta oruc tutmaq ona və ya bətnindəki uşağa haram olacaq dərəcədə zərər çəkməsinə səbəb olarsa, oruc tutmamalıdır. Lakin sonradan tutmadığı günlərin qəzasını tutması və (hər günün) əvəzindən kəffarə verməsi vacibdir. Kəffarə olaraq fəqir bir şəxsə (hər gün üçün) 750 qram buğda və ya un vermək kifayətdir. Hətta çörək və ya makaron kimi istənilən qida məhsulunu vermək yetərlidir.

Sual: Mən hamiləyəm. Bu halda mənə oruc tutmaq vacibdirmi? Yorğun olduğum və oruc tutmağa gücüm çatmadığı halda oruc tutmayıb hamiləlikdən azad olduqdan sonra qəzasını yerinə yetirməyim icazəlidirmi? Bu halda kəffarə də verməliyəmmi?

Cavab: Oruc tutmaq vacibdir. Lakin sənə və ya bətnindəki uşağa zərərli olarsa və yaxud sənin üçün dözülməz dərəcədə çətinlik yaradarsa, oruc tutmayıb sonradan qəzasını yerinə yetirmək icazəlidir. Bu halda heç bir kəffarə yoxdur.

Haram səfər

Sual: Səfər etmək haram olduğu halda müsəlman şəxsin səfərə çıxmasının hökmü nədir?

Cavab: Əgər müsəlman şəxsə səfər etmək haram olarsa, onun səfəri günah səfəridir. Buna görə də dörd rükətli namazları tamam qılmalı, Ramazan ayının orucunu tutmalıdır. Günahkar olduğu müddətdə (səfər günah məqsədi daşıdığı müddətdə) namazlarını qəsr qılmağa və oruc tutmamağa haqqı yoxdur.

Sual: Valideyinləri səfər etməsinə maneə olduğu halda, övladın onların sözündən çıxması icazəlidirmi?

Cavab: Əgər səfər etmək valideyinlərin narahat olmasına səbəb olarsa və ya övladlarına olan şəfqətə görə səfər etməsini istəmirlərsə, həmçinin, onlara əziyyət verməyin haram olmasından daha üstün şəri bir səbəb yoxdursa övladın valideyinlərinin sözündən çıxması icazəli deyil.

Sual: Həcc əməllərini yerinə yetirmək üçün imkanı olan və həcc üçün səfər edəcəyinə əmin olan şəxs həcc mövsümünə kimi malını qoruması vacibdirmi? Həmin məbləği başqa səfər üçün xərcləməsi haramdırmı və bu, günah səfər sayılırmı?

Cavab: Sualda qeyd olunana əsasən, həmin şəxs müstəti hesab olunur və malını qoruyub saxlamaq ona vacibdir. Həmin məbləği başqa məqsəd üçün sərf etməsi, icazəli deyil. Əgər həcc ona vacib olmasın deyə həmin məbləği başqa bir səfərə sərf edərsə, onun səfəri günah səfər hesab olunar. Amma başqa bir mal ilə həcc əməllərini yerinə yetirməyə imkanı varsa – hətta, ehtimal olsa belə – əlində olan malı xərcləməsinin heç bir maneəsi yoxdur.

Sual: Əgər səfər öz-özlüyündə haram olarsa, namazın hökmü nədir?

Cavab: Əgər səfər öz-özlüyündə haram olarsa və ya səfərə çıxmaqdan məqsədi haram bir əməl olarsa, namazlarını tamam qılmalıdır. Məsələn, borcu qaytarmaq vacib olduğu halda borcunu ödəməkdən yayınmaq məqsədi ilə səfərə çıxmaq kimi vacib bir əməli tərk etmək, həmçinin sahibindən qaçmaq məqsədi ilə qəsb olunmuş nəqliyyat vasitəsində səfər etmək, yaxud qəsb olunmuş ərazidə səfər etmək bu qəbildəndir.

Sual: Mubah məqsəd üçün səfərə çıxan, lakin sonradan məqsədini harama dəyişən şəxsin hökmü nədir?

Cavab: Mubah məqsəd üçün səfərə çıxan şəxs sonradan məqsədini harama dəyişərsə, günah niyyətində olduğu müddətcə namazlarını tamam qılmalıdır. Əgər günah niyyətdən dönərsə, səfərin qalan hissəsi istər şəri məsafə qədər olsun, istərsə də olmasın namazlarını qəsr qılmalıdır. 

Məsələ 1: “Qurban” və “Fitr” bayramlarında oruc tutmaq haramdır. Həmçinin Şabanın sonuncu günü, yoxsa Ramazanın birinci günü olmasını bilməyən şəxsə Ramazan ayının birinci gününün niyyəti ilə oruc tutması haramdır.

Məsələ 2: Əgər qadının müstəhəb oruc tutması ilə ərinin ondan ləzzət almaq haqqı aradan getsə, oruc ona haramdır. Həmçinin vacib olan, amma vaxtı müəyyən olmayan oruc tutsa, məsələn, vaxtı müəyyən olmayan nəzir orucu kimi, bu halda vacib ehtiyata əsasən, (ərin haqqı aradan gedərsə) orucu batildir və nəzir orucunu əvəz etməz. Habelə vacib ehtiyata görə, əgər əri onun müstəhəb yaxud vaxtı müəyyən olmayan vacib oruc tutmasını qadağan edərsə, hətta ərinin haqqı ilə ziddiyyəti olmasa belə, hökm eynidir. Müstəhəb ehtiyata əsasən, qadın ərinin icazəsi olmadan müstəhəb oruc tutmasın.

Məsələ 3: Övladın müstəhəb oruc tutması ata-ananın övlada şəfqəti üzündən əziyyət və inciməsinə səbəb olarsa, haramdır.

Məsələ 4: Əgər oğul atanın və ya ananın icazəsi olmadan müstəhəb oruc tutsa və gün ərzində atası ona icazə verməsə, əgər onun onlarla müxalifəti şəfqətdən yaranan əziyyətinə səbəb olacaqsa, iftar etməlidir. (orucunu açmalıdır).

Məsələ 5: Orucun diqqəti cəlb edən bir zərər verməyəcəyini bilən şəxsə həkim “sənə orucun zərəri vardır”-desə də, oruc tutmalıdır. Əgər bir şəxs orucun ona diqqəti cəlb edəcək bir zərər verəcəyinə yəqin və ya güman edərsə, həkim “zərəri yoxdur”-desə də, ona oruc tutmaq vacib deyildir.

Məsələ 6: Əgər insan orucun ona diqqəti cəlb edəcək bir zərər yetirəcəyinə yəqin etsə ya əmin olsa və ya ehtimal versə və bu ehtimaldan qorxu yaransa, belə ki, onun ehtimalı ağıl sahiblərinin nəzərində haqlı olsa, ona oruc tutmaq vacib deyil. Hətta həmin zərər onun həlakətinə yaxud hansısa bir bədən üzvünün qüsurlu olmasına səbəb olarsa, oruc tutması haramdır. Bundan başqa hallarda “rəca” niyyəti ilə oruc tutsa və sonradan diqqəti cəlb edəcək bir zərərin olmadığı məlum olsa, orucu düzgündür.

Məsələ 7: Orucun ona zərəri olmadığına inanan şəxs, oruc tutarsa və axşamdan sonra orucun ona diqqəti cəlb edəcək dərəcədə zərər verdiyini anlasa, vacib ehtiyata əsasən, onun qəzasını yerinə yetirməlidir.

Məsələ 8: Qeyd edilən oruclardan başqa, digər haram oruclar da vardır ki, onlar haqda geniş kitablarda izahat verilmişdir.

Məsələ 9: “Aşura” gününün orucu və insanın “Ərəfə” günü və ya “Qurban” bayramı olmasında şəkk etsə, həmin günün orucu məkruhdur.

Sual: Astronomiya elminin — yanılmaq ehtimalı nisbətinin, demək olar ki, olmadığı — möhkəm elmi əsaslara və dəqiq riyazi hesablamalara istinad etməsinə baxmayaraq, ağamız (kölgəsi üstümüzdən əskik olmasın!) qeyd etmişdir ki, ayın görünməsi astronomların verdikləri məlumatlar ilə təsbit olmur. Astronomlar mütəmadi olaraq Günəşin, Ayın və Günəş sistemindəki digər hərəkətdə olan məlum planetlərin çıxma vaxtlarının cədvəllərini tərtib edirlər. Bu cədvəllərin son dərəcə dəqiq olması və ən azından cari əsr ərzində, bir dəfə də olsun, reallıqdan geri qalmaması nəzərə çarpmaqdadır. Həmçinin, astronomların ayın son günlərinə daxil olmasını və çıxmasını (yenidən doğmasını), görülməsi üçün müəyyən vaxtı, Günəşin yarımdairəsi ilə olan bucaq dərəcəsinin ölçüsünə görə uzaqlığının miqdarı, eləcə də, bucaq dərəcəsinin ölçüsünə görə üfüq üzərindən yüksəkliyinin miqdarı, Yerə ən uzaq məsafəsi və Yerə ən yaxın məsafəsi xüsusunda olan müşahidələrinin hər biri ehtimallar deyil, alimlərin və astranomiya tələbələrinin bildikləri — əminliklə hesablanan dəqiq məlumatlardır.

Elə isə, bəs nə üçün yeni ayın daxil olmasına dair hökmün verilməsində inam bəslənilən astronomların ayın doğulması barədə verdikləri məlumata etimad edilmir?

Cavab: Şəri dəlillərdən hasil olan nəticə budur ki, hicri-qəməri ayının başlanmasını təyin etməkdə mötəbər olan hal Ayın, bulud və sair bu kimi kənar maneələr olmadığı təqdirdə, üfüqdə sadə, mücərrəd gözlə görüləcək dərəcədə aşkar olmasıdır. Sadəcə, Ayın doğması və üfüqdə mütləq olaraq gözlə görülməyəcək və ya ancaq yaxınlaşdırıcı cihazlar vasitəsilə və astronomik mərkəzlərdən dəqiq müşahidə nəticəsində görüləcək şəkildə mövcud olması kifayət deyildir. Buna əsasən də astronomların Ayın doğması və son mərhələdən çıxması barədə verdikləri məlumat, dəqiq riyazi hesablamalara söykənsə də, yeni qəməri ayının daxil olmasına hökm vermək üçün yararlı sayılmır. Onların müəyyən bölgələrdə Ayı mütləq və ya, özləri ifadə etdikləri kimi, ideal şəraitdə birbaşa gözlə görməyin mümkünlüyü barədə xəbər vermələrinə gəlincə isə bu, iki məsələdən asılıdır:

Birincisi: Ayın həmin bölgələrdəki vəziyyətinə dair aparılan astronomik hesablamalardan. Yəni, Ayın (günlərin sayına görə) ömründən, üfüqdən yüksəklik dərəcəsindən, Günəşə olan bucaq dərəcəsinin ölçüsündən və eləcə də, görünməsinə təsir edən digər bu kimi amillərdən.

İkincisi: Ayın sadə gözlə görünməsində — ömür, yüksəklik, Günəşdən uzaqlıq və s. baxımından — ən bəsit şərtlərin təsdiqini tapması üçün onun fəzadakı hərəkətinin izlənməsinə istinad edən astronomik təcrübələrdən. Bu xüsusda da astronomların rəyləri müxtəlif olmuşdur. Məsələn, onların bəziləri Ayı doğduqdan 14 saat sonra görməyin mümkünlüyünü söylədiyi halda, digərləri isə bunun üçün ən azı 16 saatın, bir başqaları 18 saatın keçməsini şərt qoyur. Həmçinin, digər rəqəmlər də deyilir. Eləcə də, bəziləri Ayı Günəş batan zaman üfüqdən 4 dərəcə yüksəklikdə olduğunda görməyin mümkünlüyünü iddia edərkən, digərləri onun görünməsi üçün ən azı 5 dərəcə hündürlüyün tələb olunduğunu bildirirlər. Böyük bir qismi bunu 6 dərəcə göstərir və digər rəqəmlər də deyilir. Ayın görünməsinə təsir edən digər amillərdə də vəziyyət belədir. Odur ki, mükəlləf şəxs Ayı görmək məsələsində rəyə və ehtimala etimad etməkdən çəkindirən hədislərə əsasən, Ayın hər hansı bir bölgədə sadə gözlə görülə biləcək şəkildə aşkar olduğunu dəqiqləşdirmədən astronomların onun görünməsinin mümkünlüyü barədə verdikləri xəbəri əsas götürə bilməz. Həmin hədislərdən birində İmam Məhəmməd Baqir (ə) buyurmuşdur: “Ayparanıı gördükdə oruc tutun və onu gördükdə orucu bitirin!. Bu, rəy və ehtimalla deyil, (birbaşa) görməklə hasil olur.” (“Təhzib əl-əhkam”, c. 4, səh.156)

Bəli, mükəlləf insana, sınaq və praktika ərzində olmuş olsa da belə, ayparanın yerli üfüqdə sadə gözlə görünə bilən müəyyən həcmdə, müəyyən yüksəklikdə və sair xüsusiyyətlərdə mövcud olmasında, lakin bulud və ya duman və ya toz və yaxud da bunlara bənzər digər səbəblər üzündən görünməməsində elm və əminlik hasil olarsa, elm və əminliyinin vacib buyurduğuna əməl etməsi gərəkir.

Sual: Müctəhid ağamız (kölgəsi üstümüzdən əskik olmasın!) haqqında deyirlər ki, o, ayparanın görünməsinə şahidlik edənlərin şəhadətləri astronomların ayın görünə bilməyəcək şəkildə olduğunu bildirmələrinə müxalif olduqda, bəzən, bu şəhadətləri qəbul etmir. Baxmayaraq ki, şəhadət hissidir (hissiyyat üzvləri ilə ələqəlidir), astronomik məlumat isə ehtimaldır. Bunun izahı nədir?

Cavab: Astronomların məlumatı iki qismə bölünür:

1. Doğruluğuna nə ictihadın, nə də şəxsi ehtimalın xələl gətirmədiyi və adətən astronomlar arasında da fikir ayrılığının yaranmadığı — Ayın doğulması və son mərhələdən çıxmasının vaxtı, üfüqdən yüksəkliyinin həddi, dairəsinin işıqlanan hissəsinin ən böyük həddə çatması və digər bu kimi məsələlər barədə — riyazi hesablamalara əsaslanan qisim. Hərçənd ki, bəziləri hesablamalarda səhvə yol verə bilər.

2. Bəzilərinin: “Ay, yalnız, üfüq üzərində 6 dərəcə hündürlüyə qalxdıqda görünə bilər” və ya: “22 saatlıq olduqda görünə bilər”, yaxud: “Günəşlə filan məsafədə yerləşdikdə görünə bilər” və yaxud da sair buna oxşar sözlər söyləmələri kimi təcrübə və praktikaya əsaslanıb ehtimal və ictihada təslim olan qisim. Bu cür məsələlərdə yanaşma tərzlərində çoxlu fikir ayrılıqları olur.

Ayparanın görünməsinə dair şahidlərin şəhadətləri birinci qisimdə qeyd olunan astronomların məlumatlarına — onların dəqiq hesablamalar əsasında Ayın hələ son mərhələdə olduğunu və ya onun Günəşdən əvvəl batdığını məlumat vermələrinə — müxalif olarsa, elm və əminlik iki və ya daha artıq insanın şahidlik etmələrinə baxmayaraq, adətən, şəhadətin yanlışlığı ilə hasil olur.

Şəhadətlər ikinci qismdə qeyd olunan astronomların məlumatlarına müxalif olduqda isə, digər dəlil və sübutları toplamaqla onların (bu şəhadətlərin) yanlış olmasına dair əminlik hasil ola da bilər, olmaya da bilər. Şəhadətlərin yanlış olmadığı təqdirdə və şəhadət verənlərin içərisində şahidlik etmələri dəlil kimi qəbul edilə biləcək iki adil şəxs olduqda, şəhadətlərin tələblərinə əməl etmək gərəkəcəkdir. Bunun əksini güman etməyin də heç bir təsiri yoxdur.

Bir sözlə, Ayparanın göründüyünü bildirən dəlilin (iki adil şəxsin şəhadətinin) əsas götürülməsi üçün tələb olunan şərtlərdən biri şəhadətin yanlış olduğuna dair bir bilgi və ya arxayınlığın olmamasıdır. Əgər yanlışlığına dair, hətta astroloji məlumat əsasında, yəni, məsələn, Ayın hələ də son günlərində və ya hələ də heç vaxt mücərrəd gözlə görünmədiyi dərəcədə çox yüksəklikdə olmasının bildirilməsi ilə olsa belə, bir bilgi və ya arxayınlıq əldə olunsa, dəlil etibarsız sayılır. Əks halda isə o, əsas götürülür və astronomik məlumatın da (onun etibarlılığına) heç bir təsiri yoxdur.

Sual: Niyə görə biz bayramlara və ayların əvvəlini təyin etməyə aid məsələlərdə ayparanı görmək üçün elmi-texnologiyadan, yəni cihazlardan yararlanmır, sadə gözlə görməyə etimad edirik?

Cavab: Çünki dini mətnlərdən anlaşılan budur ki, qəməri ayının daxil olmasında mötəbər sayılan hal Ayın Günəş batan zaman üfüqdə, — maneələr olmadığı adi halda — birbaşa gözlə görülə biləcək yüksəklikdə və işıqlanmaqda mövcud olmasıdır.

Sual: Hökmü bilməyərək şəri baxımdan etibarlı sayılmayan şaiyələrə əsasən bayramdan əvvəl orucunu dayandıran şəxsin hökmü nədir? Ona qəza da vacibdir, kəffarə də?

Cavab: Həmin vaxtda, əgər, o şəxs orucu pozmağa icazə verildiyində əmin olmuşdursa, kəffarə verməsi lazım deyildir.

Sual: Ayparanıın bir ölkədə görünməsi onun digərində də görünməsini gərəkdirir, yoxsa bunun üçün üfüqün eyni olması şərtdir?

Cavab: Üfüqün eyni olması şərtdir. Bu mənada ki, Ayparanın birinci ölkədə görünməsi onun bulud, dağ və digər bu qəbil hansısa bir maneənin olmadığı ikinci ölkədə də görünməsini gərəkdirir. Bu, o halda gerçəkləşmiş olur ki, Ay dəqiq astronomik hesablamalara uyğun olaraq həcm, qürub vaxtı üfüqdən yüksəklik və Günəşlə məsafə bucağı baxımından ikinci ölkədə birincidən daha üstün və ya birinci ölkədə olduğu ilə eyni göstəricilərdə olmuş olsun.

Sual: Ayın bir yerdə görünüb, digərində görünməməsinin hökmü nədir?

Cavab: Eyni üfüqdə yerləşdikləri sabit olan yerlər istisna olmaqla, hər yerin öz hökmü vardır.

Sual: Günəşin çıxması və batmasında aralarındakı fərq bir saata yaxın və ya daha çox olan iki ölkənin üfüqü Ayın görünməsində eyni sayılır, ya yox?

Cavab: Bu iki ölkə eyni üfüqdə yerləşmiş sayılmır. Bəli, ayparanın bir məmləkətdə görünməsi, adətən, — onun görünməsinə maneə olan amillərin olmadığı halda — yaxın paralellərdə yerləşən qərbdəki ölkələrdə də görünməsini gərəkdirir. Habelə, Ay göründüyü məmləkətin səmasında — o məmləkətin şərqində yerləşən və Günəşin çıxmasında və batmasında fərqi olan məmləkətlərdən — daha artıq qalarsa, bu, görünmüş olduğu məmləkət ilə yanaşı, habelə ona paralellərdə yaxın olan digər məmləkətlərdə də Ayın görünməsinin mümkünlüyünü açıqlayır.

Sual: Elə bir məsafə həddi təyin etmək mümkündürmü ki, onu tətbiq etməklə iki məntəqənin eyni üfüqdə yerləşdiyini söyləyə bilək?

Cavab: Bunu dəqiq şəkildə təyin etmək mümkün deyil. Amma mükəlləf şəxsin ölkəsi Ayın göründüyü ölkənin qərbindədirsə və bu iki ölkə paralel xətlərdə — aralarındakı fərq, sadəcə, bir-iki dərəcə olmaqla — bir-birinə yaxın yerləşmişsə, Ayın görünməsi onun ölkəsinə də aid olur.

Sual: Şaban ayının 30-una keçən gecə Ay görünmədikdə, səhəri gün oruc tutmaq olarmı?

Cavab: Həmin gün (yəni, Şabanın 30-cu günü) oruc tutmaq olar. Amma Ramazan niyyəti ilə deyil, Şabanın sonuncu günü və ya, məsələn, qəza niyyəti ilə.

Sual: (Hicri-qəməri ayının başlandığını müəyyən etmək üçün) Ayı görmək əvəzinə astronomiyaya etimad etmək olarmı?

Cavab: Astronomun sözü, əgər, Ayın doğulma vaxtı, onun qürub anında üfüqdən nə qədər yüksəklikdə olması və bunlara bənzər sair məsələlərin məlumatı kimi riyazi hesablamalara əsaslanmış olarsa, hesablamada səhvə yol verilmə ehtimalı olmadığından ona etimad edilər. Həmçinin, xəbər kamil səriştəli bir neçə nəfər tərəfindən verildikdə də hökm eynidir. Amma astronomun sözü, — bəzilərinin Ayın birbaşa gözlə görülə bilməsinin şərtləri olaraq qeyd etdikləri — Ayın işıqlanan hissəsinin həcmi, üfüqdən yüksəkliyi və onunla məsafəsi məsələləri kimi, ehtimal və təcrübəyə əsaslanmış olarsa, bu halda onu, yalnız doğruluğuna arxayınlıq yarandığı təqdirdə, mötəbər saymaq olar.

Sual: Neçə illərdən bəri Ayı müşahidə etməsi ilə məşhur olan bir möminin Ayı gördüyünü söyləməsi (ayın başlandığını təyin etməkdə) arxayınlığın yaranması üçün kifayət edirmi? Bu arxayınlıq başqaları üçün də yetərli ola bilər? Bu mənada ki, mən ailəmə də öz arxayınlığıma uyğun əməl etmələrini əmr edim.

Cavab: Arxayınlıq əldə edən şəxs bu arxayınlığın tələblərini icra etməlidir. Arxayınlıq əldə etməyən isə digər normalara əməl etməlidir. Bir şəxsin arxayınlığı digər şəxsə fayda verməz. Onu da bilmək gərəkir ki, havanın aydınlığını və Ayın görünə bilməsinə maneə olacağı güman edilən ünsürlərin mövcud olmadığını ehtimal etməklə, Ayın mövqeyini bilməkdə və iti baxışlarda eyni olan insanlar içərisindən, yalnız biri  Ayı gördüyünü iddia edərsə, onun bu iddiasının doğruluğu, adətən, şübhə altında olur. Onun, hətta, öz yanlış hissinin qurbanı olduğu da güman olunur. Elə isə, onun sözü ilə arxayınlığın yaranmasını necə təsəvvür etmək olar?!

Sual: Bu günümüzdə astronomiya elmi möhkəm elmi əsaslara və dəqiq riyazi hesablamalara söykənir. Hansı ki, bu əsas və hesablamalarda yanlışlığın nisbət ehtimalı bəzən qeyd belə olunmur. Belə ki, astronomlar bir neçə il sonrakı Ay və Günəş tutulmaları, eləcə də digər məsələlər barədə son dərəcə dəqiqliklə xəbər verirlər. Sual budur ki, nə üçün Ayı görmək məsələsində bu astronomların sözünə etimad olunmur? Onlar Ayın son günlərinin bitdiyini və yenidən doğulduğunu bildirdikdə, sadəcə, onu gözlə görmək mümkün olmur. Ayın sabit olması üçün onun doğulması əsasdır, yoxsa görülməsi?

Cavab: Burada bir neçə məsələ vardır:

1. Astronomların Günəş və Ayın tutulması, Ayın son mərhələyə daxil olması, doğulması və digər bu kimi məsələlər barədə verdikləri məlumatlar riyazi hesablamalara əsaslanır. Bu, yüz illərdən bəri məşhur olan bir məsələdir və adətən bu hesablamalarda xəta baş vermir. Yalnız, bu işin icrası üzrə mütəxəssis olmayanlar xətaya yol verə bilərlər. Buna əsasən də əksər hallarda astronomların: “Ay filancı günündədir, son mərhələsinə filan saatda daxil olacaq və filan saatda da çıxacaq” - deyə xəbər verməsi arxayınlıq yaradır.

2. Hicri-qəməri ayının başlanmasını təyin etməkdə şəri baxımdan mötəbər olan hal Ayın bulud və ya digər maneələrin olmadığı təqdirdə üfüqdə birbaşa gözlə görülə biləcək şəkildə aşkar olmasıdır. Ona görə də, Ayın doğulduqdan sonra mütləq mənada görülməyəcək və ya ancaq yaxınlaşdırıcı cihazlar vasitəsi ilə və mərkəzi rəsədxanalardan dəqiq izlənmə nəticəsində görüləcək şəkildə mövcud olduğunu bilmək kifayət deyildir. Bu səbəbdən də astronomların Ayın doğulması və son mərhələdən çıxması barədə verdikləri xəbər ayın əvvəlini təyin etmək üçün yararlı sayılmır. Amma onlar qürub vaxtı Ayın, hələ də, doğulmadığını, yaxud da, məsələn, bir və ya iki saatlıq olduğunu xəbər verdikdə, əksər hallarda bu, həmin gecə onun göründüyünə dair verilən şəhadətin doğru olmadığına əminlik yaratmış olur.

3. Kənar əngəllər olmadığı təqdirdə, birbaşa gözlə görülə biləcək Ayın işıqlanan hissəsinin nisbəti, üfüqdən yüksəkliyinin dərəcəsi, Günəşlə məsafəsinin miqdarı və digər xüsusiyyətləri barədə astronomlar arasında çoxlu fikir ayrılıqları mövcuddur və onların heç birinin bu xüsusdakı sözünə etimad etmək mümkün deyildir. Bu məsələlərdə bütün xüsusiyyət və dəlillərin nəzərə alınması nəticəsində yaranan arxayınlıq mötəbər sayılır.

Sual: Mübarək ayənin (Bəqərə surəsinin 185-ci ayəsində): ”Ayı (Ramazan ayının hilalını) görən şəxslər (bu ayı) oruc tutmalıdırlar”, - deməsi misalı Ayın görülməsi astronomik izləmə yolu ilə sübuta yetirmi? Bu ayə Ayı ancaq sadə, mücərrəd gözlə görənlərə aiddir, yoxsa, hansı yolla olursa olsun, onu görən hər bir şəxsə də şamil olur?

Cavab: Yeni ayın başlanması— gərəkən yerdə qeyd edilmiş dəlilin tələblərinə əsasən — Ayın üfüqdə adi halda birbaşa gözlə görüləcək şəkildə aşkar olması ilə şəri cəhətdən əlaqələnir. Onun böyüdücü cihazlarla görülməsi, bu cihazlarsız görülməsi mümkün olmadığı təqdirdə, yetərli sayılmır.

Sual: Mübarək Ramazan ayının hilalının görünməsinin sabit olması üçün mötəbər sayılan nədir?

Cavab: Ramazan ayının orucunun vacib olması üçün Ayın aşağıdakı yollardan biri ilə sabit olması mötəbər sayılır:

1. Mükəlləf şəxsin özünün onu (Ayı) görməsi ilə;

2. Mükəlləf Ayı şəxsin öz ölkəsində və yaxud da öz ölkəsi ilə eyni hökmü daşıyan yerlərdə göməsi ilə yayılmış şaiyə və ya digər buna bənzər hallarda əminlik və ya arxayınlıq əldə etməsi ilə;

3. Şaban ayından 30 günün ötməsi ilə;

4. İki adil şəxsin Ayı görmələri barədə şəhadət vermələri ilə. (Bu bəndə əsasən) şəhadət obyektində yekdillik olmalıdır. Belə ki, şahidlərdən biri Ayı bir istiqamətdə, o biri isə digər istiqamətdə gördüyünü iddia edərlərsə, Ayın görülməsi sübuta yetməmiş olar. Eləcə də, bu iki adil şəxsin yanlışlarına əməl edilməməsi, arxayınçılığın olmaması və onların şəhadətlərində, hökm baxımından olmuş olsa belə, təzadların olmaması gərəkir. Habelə, bir qrup insan Ayı görməyə çıxdıqları halda — havanın aydınlığını və Ayın görünə bilməsinə maneə olacağı güman edilən ünsürlərin mövcud olmadığını ehtimal etməklə — onlardan, yalnız iki adil şəxs onu gördüyünü iddia edərsə və başqaları onu görməzlərsə və aralarında Ayın yerini bilmək və iti görmək baxımından bu iki adil şəxsə bərabər səviyyəli digər iki adil şəxs də mövcud olub onlar da onu (Ayı) görməzlərsə, belə halda (birinci) iki adil şəxsin şəhadəti etibarlı sayılmır. Qadınların şəhadəti ilə isə Ay, yalnız onların şəhadətləri əminlik və ya arxayınlıq yaratdığı təqdirdə sabit olur.

Sual: Əgər astronomik görmə ilə arxayınlıq əldə edərəmsə, ona əsaslanıb əməl etməyim caizdirmi?

Cavab: Əgər Ayın sənin olduğun yerin üfüqündə — bulud və ya digər bu kimi maneələrin olmadığı təqdirdə — sadə gözlə görülə biləcək şəkildə mövcud olduğuna astronomların sözü ilə arxayınlıq tapsan, ona uyğun əməl edə bilərsən. Lakin, bəzi hallar istisna olmaqla, əksər hallarda, astronomların sözü Ayın birbaşa gözlə görülməsinin mümkünlüyünə dair arxayınlıq yaratmır.

Sual: Ayın görünməsinin təsbit olması məsələsində üfüqün eyni olmasından məqsəd nədir? Zəhmət olmasa, buna uyğun bir misal qeyd etməklə izah verin! Seyid Xoyi də (Allah ruhunu şad eləsin) Ayın görünməsinin təsbit olmasında üfüqün eyni olmasını söyləmişdir?

Cavab: Ayın göründüyü məkan ilə eyni üfüqdə olan yer Ayın orada əvvəl göründüyü yerdən daha yaxşı şəkildə və ya əvvəlkinə bənzər şəkildə zahir olduğu yerdir. Belə ki, dəqiq astronomik hesablamaların göstəriciləri nəticəsində Ayın orada daha böyük həcmdə və üfüqündə də əvvəl göründüyü ölkənin üfüqündə olduğundan daha yüksəkdə olması bilinsin. Bu, möhtərəm Seyidin (kölgəsi üstümüzdən əskik olmasın) rəyidir. Seyyid Xoyiyə (ruhu şad olsun) gəlincə isə, o, Ayın bir məkanda görünməsinin gecə(si)nin müəyyən hissəsini o məkanla müştərək olan digər bütün yerlər üçün də təsbit olunması üçün kifayət etməsi rəyində idi.

Sual: Ayın görünməsi şərqdə, məsələn, İranda təsbit olarsa, qərbdə də, məsələn, İraqda da — İraq İranın qərbi olduğu üçün — təsbit olurmu? Seyid Xoyinin (Allah ruhunu şad eləsin) bu barədə rəyi nədir?

Cavab: Bəli, bu iki yerin paralel xətlərdə bir-birinə yaxın olmasına, belə ki, aralarındakı fərqin, məsələn, bir və ya iki dərəcə olduğuna görə təsbit olur. Mərhum Seyid Xoyinin (ruhu şad olsun) rəyinə görə də, bu, mütləq şəkildə, təsbit olur.

Sual: Ramazan ayının ilk gününün, yaxud da ki, bayram gününün mənim ölkəmdə təyin olunmasında müctəhidimin nümayəndəsi ilə digər bir müctəhidin nümayəndəsi arasında fikir ayrılığı yaranarsa, mənə öz müctəhidimin nümayəndəsinə tabe olmağım gərəkər, yoxsa ki, başqa müctəhidin nümayəndəsinə də tabe ola bilərəm?

Cavab: Sənə Ayın görünməsinin təsbit olmasında təqlid etdiyin müctəhidin göstərişlərinə riayət etməyin gərəkir. Nümayəndələrdən hər hansı birinin sözü sənin müctəhidinin nəzərində etimad olunan qaydalara müvafiq olarsa, ona bel bağlayacaq, əks halda isə tərk edəcəksən.

Sual: Şəvval ayının ayparasının, artıq, göründüyünü düşünərək Ramazan ayının sonuncu günündə orucu pozan şəxsin hökmü nədir? Bu vəziyyətdə şəri dəlilin olub-olmamasının bir fərqi varmı?

Cavab: Mükəlləf şəxs orucu pozmasına icazənin verildiyinə əmin olduğu halda — əminliyinin səbəbinin nə olduğuna baxmayaraq — və ya, iki adil şəxsin şəhadəti kimi şəri bir dəlilin əsasında orucunu pozmuş olarsa və sonradan onun düşündüyünün əksi məlum olarsa, ona yalnız həmin günün qəzası vacib olar. Amma orucu pozmasına icazə verildiyinə əmin olmadan və heç bir şəri dəlilə də əsaslanmadan orucunu pozmuş olsa, ona həm qəza, həm də kəffarə vacib olar. Allah (hər şeyin doğrusunu) biləndir!

Sual: Ayparanın görünüb-görünməməsi xüsusunda iki mömin dəstə arasında ixtilaf yaranarsa və hər iki dəstə də etimad bəslənilən olarsa, onda nə etmək lazımdır?

Cavab: Belə bir ixtilafın mükəlləf şəxsin — Ayın görünməsinin təsbit olunmasında təqdir olunmuş yolların izlənməsindəki — vəzifəsinə heç bir təsiri yoxdur. Ay bu yollardan heç biri ilə görünməzsə, onda (mükəlləf şəxs) ayı 30 gün olaraq tamamlamalıdır.

Sual: Bir şəxs dövlətin Fitr bayramı gününü elan etməsinə əsasən, oruc tutmamışdır. Sonradan həmin günün Ramazan ayının sonuncu günü olduğu sübuta yetmişdir. Həmin şəxs nə etməlidir?

Cavab: Əgər (bayram olmasına) inanaraq oruc tutmayıbsa, kəffarə olmadan yalnız, həmin günün qəzasını tutması yetərlidir.

71 -dən səhifə 93