admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Hipnoz

Sual: Maqnit yuxusunun və ruh çağırmağın hökmü nədir?

Cavab: İnsana zərər verən hər bir iş haramdır və caiz deyildir.

Sual: Hipnozun hökmü nədir?

Cavab: Öz-özlüyündə maneəsi yoxdur.

Sual: Həzrət Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani cənablarının süni yuxu və hipnoz barədə, xüsusən ruhi və əsəb xəstəliklərinin müalicəsi üçün və nəticə etibarı ilə də xəstənin sağalmasına yaxud yaxşılaşmasına səbəb olarsa, mütəxəsis insanlar tərəfindən qeyd olunan üsulun tətbiqinin hökmü barədə rəyi nədir?

Cavab: Maneəsi yoxdur.

Heyz

Sual: Bir qadın bir neçə günü heyz hesab edib ibadət etməsə və sonradan heyz olmadığını anlasa, nə etməlidir?

Cavab: Bu halda, yerinə yetirmədiyi namaz və orucları qəza etməlidir. Əgər qadın bir neçə gün heyz olmadığını zənn edib ibadət etsə və sonradan heyz olduğu məlum olsa, bu halda, həmin günlərdə tutduğu orucları qəza etməlidir.

Heykəl

Sual: Tamamilə çılpaq kişi və qadın heykəllərinin alışı caizdirmi? Heyvan heykəllərinin bəzək məqsədiliə alışı caizdirmi?

Cavab: İkincinin maneəsi yoxdur. Birinciyə gəlincə isə, bu iş fəsadı yaymaq olarsa, caiz deyildir.

Sual: Harama qarışmış halal maldakı miqdar məlum olarsa və insan da onun sahibin məlum bir neçə şəxsdən biri olduğunu bilərsə, lakin onlardan hansı birinin olduğunu bilməsə, bu halda, vəzifəsi nədir?

Cavab: Bu halda, onlara xəbər verməlidir. Onlardan biri “Bu mal mənimdir” və digərləri də “Bu bizim deyil və yaxud bu mal onundur” – deyərlərsə, həmin miqdarı sahibinə qaytarmalıdır. Amma iki və ya daha artıq şəxs həmin malın onlara aid olduğunu iddia edərlərsə və razılaşma da mümkün olmasa, bu halda, şəriət hakiminə müraciət etməlidirlər.

Sual: İnsan harama qarışmış halal malın xümsünü verdikdən və ya sahibini tanımadığı malı onun adından səqədə verdikdən sonra sahibi tapılarsa, nə etməlidir?

Cavab: Bu halda, mal sahibini razı etməlidir. Əgər razı olmasa, vacib ehtiyata əsasən, mal sahibinə həmin malın əvəzini verməlidir.

Sual: İnsan harama qarışmış halal malın xümsünü verdikdən sonra haram miqdarın verdiyi xümsdən çox olduğunu anlayarsa, nə etməlidir?

Cavab: Vacib ehtiyata əsasən, xümsdən çox olan miqdarı, mal sahibinin adından sədəqə verməlidir.

Sual: İnsan harama qarışmış halal malın miqdarını bilməsə, lakin sahibini tanıyarsa, nə etməlidir?

Cavab: Əgər öz aralarında razılaşa bilməsələr, onun olduğunu yəqin bildiyi miqdarı ona verməlidir. Əgər halalın harama qarışmasında özü günahkar olarsa, vacib ehtiyata əsasən, onun olduğuna ehtimal etdiyi artıq məbləği ona verməlidir.

Sual: İnsan harama qarışmış halal malda haramın miqdarını bilsə, lakin sahibini tanımasa, nə etməlidir?

Cavab: Bu halda, həmin miqdarı mal sahibinin adından sədəqə verməli və vacib ehtiyata əsasən, şəriət hakimindən də icazə almalıdır.

Həcc

Sual: Bir şəxsə həcc məsrəflərini ödəyəcək miqdarda mal verilsə, lakin bunun müqabilində ondan Məkkə yolunda mal verən şəxsə xidmət etmək şərti qoyularsa, bu halda, həmin şəxsə həcc vacib olarmı?

Cavab: Xeyr, olmaz.

Sual: Bir şəxsə, həccə gedib-gələcək və bu müddət ərzində ailəsinin ehtiyacını ödəyəcək miqdarda pul verilsə və ona “Get, həccini et”- deyilsə, lakin verilən pul onun mülkü edilməsə, bu halda ona həcc vacib olarmı?

Cavab: Əgər həmin pulu indan geri almayacaqlarından əmin olarsa, həcc ona vacib olar.

Sual: Yoz azuqəsi və miniyi olmayan şəxsə, başqa bir şəxs həccə getməsini və onun səfərdə olduğu ərəfədə ailəsinin xərclərini öhdəsinə götürdüyünü söyləyərsə, bu halda, ona həcc vacib olarmı?

Cavab: Əgər həmin şəxsin onun bu xərcləri ödəyəcəyinə xatircəm olarsa, həcc ona vacib olar.

Sual: Məkkəyə getmək imkanında olan qadının həcc səfərindən sonra dolanışığını təmin edəcək malı olmayacaqsa, əri də yoxsulluq üzündən ehtiyacları ödəyə bilməyəcəksə və sonda çətinliklə üzləşəcəksə, bu halda, ona həcc vacib olarmı?

Cavab: Xeyr, vacib olmaz.

Sual: Özünə məxsus bir evi olmadan çətinliyə düşəcək şəxsə, həcc nə zaman vacib olar?

Cavab: Bu şəxsə həcc, yalnız ev puluna sahib olmaqla birgə vacib olar.

Sual: Həccə getməklə əhəmiyyəti dində həcdən daha çox haram işi görmək və yaxud həcdən daha önəmli olan vacib əməli tərk etmək məcburiyyətində qalan şəxsin həccə getməsi düzgündürmü?

Cavab: Əlbəttə, bu halda həccə gedərsə günah etmiş olar, lakin həcci düzgündür.

Sual: Vətəni Məkkədən 16 fərsəx uzaqda yerləşən, lakin Məkkədə üç ildən az yaşayan şəxsin vəzifəsi nədir?

Cavab: Təməttö həccini yerinə yetirməlidir.

Sual: Vətəni Məkkədən 16 fərsəx uzaqda yerləşən, lakin Məkkədə üç il və ya daha çox yaşayan şəxsin vəzifəsi nədir?

Cavab: İfrad və yaxud Qiran həccini yerinə yetirməlidir.

Sual: İnsan müstəhəb həcc və ya növü bilinməyən nəzir yaxud vəsiyyət həccini necə yerinə yetirməlidir?

Cavab: İnsan istər Məkkəyə yaxın olsun, istər uzaq, qeyd olunan həcc qisimlərindən hansı birini istəsə yerinə yetirə bilər. Əlbəttə, ən üstün olanı Təməttö həccidir.

Sual: Vəzifəsi Təməttö həcci olan şəxsin, Qiran və yaxud İfrad həccini yerinə yetirməsi kifayətdirmi?

Cavab: Xeyr, kifayət deyildir. Amma bəzi hallarda vəzifəsi Təməttö həcci olan şəxsin vəzifəsi İfrad həccinə dönə bilir. Bu barədə ətraflı məlumat əldə etmək istəyənlər, “Həcc ibadətləri” kitabına müraciət edə bilərlər.

Sual: Vəzifəsi İfrad və yaxud Qiran həcci olan şəxs, Təməttö həccini yerinə yetirərəsə, kifayət edərmi?

Cavab: Xeyr, kifayət deyil və həcc vəzifəsi boynundan düşməz.

Sual: İfrad həcci nədir?

Cavab: İfrad və Qiran həcləri; Məkkə əhalisinin və Məkkə ilə vətəni arasında 16 fərsəxdən az məsafə olan şəxsin vəzifəsidir.

Sual: Təməttö həcci nədir?

Cavab: Təməttö həcci; Məkkə ilə vətəni arasında 16 fərsəx (təqribən 88 km) məsafə olan şəxsin yerinə yetirdiyi həcdir.

Sual: Həcc neçə qisimdir?

Cavab: Həcc üç qisimdir; Təməttö, İfrad və Qiran həcci.

Sual: İnsan  ov etmək və yaxud başqa bir səbəblə ona vacib olmuş kəffarəni, üzürlü və ya üzürsü olaraq Məkkədə ya da Minada kəsməsə, nə etməlidir?

Cavab: Geri döndükdən sonra istədiyi yerdə kəsə bilər.

Sual: İnsan həcc ehramında və ya Təməttö ümrəsində, ov etmək səbəbilə ona vacib olmuş kəffarəni harada kəsməlidir?

Cavab: Minada.

Sual: İnsan müfrədə ümrəsində ov etmək səbəbilə ona vacib olmuş kəffarəni harada kəsməlidir?

Cavab: Məkkədə.

Həcc qurbanı

Sual: Əgər Qurbanlıq günlərində (10, 11, 12 və 13 Zil-Hiccə) sağlam dəvə, mal və yaxud qoyun tapa bilməsə, vəzifəsi nədir?

Cavab: Ehtiyata əsasən, həm qüsurlu heyvanı qurban kəsməli, həm də qurbanlıq əvəzinə oruc tutmalıdır.

Sual: Əgər bir şəxs, qurbanı sağlam heyvan adı ilə aldıqdan və pulunu da ödədikdən sonra heyvanın qüsurlu olduğunu anlayarsa, nə etməlidir?

Cavab: Zahirə əsasən, onunla kifayətlənmək caizdir.

Sual: İnsan qurbanlığı kəsdikdən sonra heyvanın yaşının nəzərdə tutulan yaş həddindən az olduğunu anlayarsa, nə etməlidir?

Cavab: Yenidən qurban kəsməlidir.

Sual: Qurbanlıq qoyun neçə yaşında olmalıdır?

Cavab: Qoyun yeddinci ayını tamamlayıb səkkizinci ayına daxil olarsa, kifayət edər. Qoyunun birinci ilini tamamlayıb ikinci ilinə daxil olması, ehtiyata uyğundur.

Sual: Qurbanlıq keçi və mal neçə yaşında olmalıdır?

Cavab: Mal və keçi ehtiyata əsasən, iki yaşını tamamlayıb üçüncü ilinə daxil olmalıdır.

Sual: Qurbanlıq dəvə neçə yaşında olmalıdır?

Cavab: Qurbanlıq dəvə beş yaşını tamamlayıb altıncı ilinə daxil olmalıdır.

Sual: Qurbanlığın dəvə, mal və ya qoyun olması vacibdirmi?

Cavab: Bəli, vacibdir.

Sual: Hacıların sayının çox olması və Minada yer olmaması üzündən qurban kəsmək mümkün olmasa, nə edilməlidir?

Cavab: Dəvə, mal və qoyunu Minada kəsmək vacibdir. Hacıların sayının çox olması və Minada yer olmaması üzündən qurban kəsmək mümkün olmasa, Vadi-Mühəssərdə kəsməyin caiz olması uzaq ehtimal deyildir. Təşriq günlərinin (11, 12 və 13 cü günlərinin) sonuna qədər qurban kəsə bilməyəcəyinə əmin olması istisna olmaqla, qurbanı Vadi-Mühəssərdə kəsməməsi daha yaxşıdır.

Sual: Bayram günündən əvvəl qurban kəsmək olarmı?

Cavab: Bayram günündən əvvəl qurban kəsilməməlidir. Amma hər hansı bir qorxusu olan şəxs üçün onu gecə kəsməsi caizdir.

Sual: Qurban kəsərkən, ixlas və qürbət qəsdi şərtdirmi?

Cavab: Bəli, şərtdir.

70 -dən səhifə 93